Azərbaycan İsrail və Livan arasında əldə olunan atəşkəs razılaşmasını alqışlayıb və bu qərarın hərbi əməliyyatlara son qoyacağına ümid etdiyini bildirib. Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkə platformasında yayımladığı bəyanatda münaqişələrin sülh yolu ilə həllinə dəstək ifadə olunub. Qeyd edilib ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən “COP29 naminə Birgə Atəşkəs Çağırışı” 132 ölkə tərəfindən dəstəklənib. Nazirlik, bütün tərəfləri atəşkəs rejiminə əməl etməyə və problemləri dialoq yolu ilə həll etməyə çağırıb.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu Crossmedia.az-a açıqlamasında Azərbaycanın sülh təşəbbüslərindəki fəal roluna diqqət çəkib:
“Azərbaycan həmişə regionda və dünyada sülhün bərqərar olmasını prioritet hesab edib. Lakin sülh yalnız ədalət prinsiplərinə əsaslandıqda dayanıqlı və uzunmüddətli olur. Ölkəmiz münaqişələrin yalnız aradan qaldırılmasını deyil, həm də həll yollarının ədalətli və hər iki tərəf üçün qəbulolunan olmasını vacib hesab edir. Bu istiqamətdə Azərbaycan müstəqil dövlət kimi və beynəlxalq tədbirlərin fəal təşkilatçısı olaraq, sülh prosesini daim diqqət mərkəzində saxlayır”.
Hikmət Babaoğlu əlavə edib ki, Azərbaycan beynəlxalq platformalarda, o cümlədən COP29 sammitində münaqişələrin həlli və atəşkəsin möhkəmləndirilməsi ilə bağlı mühüm çağırışlar edib:
“İsrail və Livan arasında əldə olunan atəşkəs bizi sevindirir və bu, sülhə doğru atılmış vacib bir addımdır. Lakin bu razılaşmanın davamlı olması üçün bütün tərəflərin səylərini birləşdirməsi vacibdir. Azərbaycan, hər zaman olduğu kimi, bu prosesdə fəal iştirak etməyə və sülhün möhkəmlənməsi üçün öz töhfəsini verməyə hazırdır.”
Deputat həmçinin vurğulayıb ki, Yaxın Şərq regionunun sülhə nail olması yalnız regional deyil, qlobal sabitlik baxımından da mühüm əhəmiyyət kəsb edir:
“Bu region bizim də coğrafi və siyasi maraqlarımıza yaxındır. Dost və müttəfiq ölkələrimizin yerləşdiyi bu ərazidə sülhün bərqərar olması həm regional maraqların, həm də beynəlxalq təhlükəsizliyin təmin edilməsində əhəmiyyətlidir. Sülh yalnız münaqişə tərəflərinə deyil, bütün regiona sosial-iqtisadi inkişaf və stabillik gətirəcək”.
Hikmət Babaoğlu açıqlamasını Azərbaycanın sülh təşəbbüslərinə olan qətiyyətini vurğulayaraq yekunlaşdırıb:
“Azərbaycan həm regional, həm də qlobal miqyasda ədalətli və davamlı sülhün təmin olunması üçün öz üzərinə düşən məsuliyyəti dərk edir və bundan sonra da beynəlxalq platformalarda bu istiqamətdə fəal mövqeyini davam etdirəcək”.
Maral Şahverdili