Çarpaz baxış

Bildiyimiz kimi, Ərdoğan İsrailin Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlar və mülki əhaliyə qarşı törədilən zorakılıqlara qarşı sərt mövqe nümayiş etdirərək, İsraillə ticarət əlaqələrinin dayandırıldığını açıqlayıb. Ərdoğan bu qərarın, İsrailin mülki əhaliyə qarşı etdiyi hücumlara və fəlakətə səbəb olan hərbi əməliyyatlara cavab olaraq verildiyini bildirib. Bununla yanaşı, Türkiyə, beynəlxalq aləmdə İsrailin hərəkətlərini pisləyərək, həmçinin diplomatik təzyiqləri artırmağı hədəfləyir. Bu addım, Türkiyə və İsrail arasındakı gərginliyi daha da artırmaqla yanaşı, regional və qlobal ticarət əlaqələrinə də təsir göstərə bilər.

Crossmedia.az mövzu ilə bağlı siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevə müraciət edib.

Siyasi şərhçi ilk olaraq qeyd edib ki, Türkiyə Cümhuriyyəti bütün regional güclər arasında ən dinamik əlaqələrə və maraqlara malikdir:

“Türkiyə liderləri, Türkiyəni Yaxın Şərqdə liderə çevirmək üçün ABŞ-nin (NATO) daha müstəqil xarici siyasət axtarırlar. Nəticədə Türkiyə regional münaqişələrdə, xüsusən də Liviya və Suriyada başda ABŞ və Rusiya olmaqla böyük güclərlə həm münaqişəyə, həm də əməkdaşlığa səbəb olub və bunda böyük rol oynayıb”.

Böyük güclərin rəqabəti ilə bağlı hesabatlarda regional güclər çox vaxt daha böyük güclərin rıçaqları kimi görünür.

O, vurğulayıb ki, bu təhlil bir qayda olaraq, regional güclərin böyük dövlətlərin məqsədlərinin həyata keçirilməsinə mane olmaq və onları sarsıtmaq, onlara qarşı mübarizə aparmaq imkanları kimi mühüm aspektləri nəzərə almır. Bunu həm düşmənlərin, həm də tərəfdaşların belə reaksiyası ilə üzləşən ABŞ-nin Yaxın Şərqdəki təcrübəsi də təsdiqləyir:
“ABŞ, Çin və Rusiya, bir qədər də Hindistan və Avropa İttifaqı regionda mövqe uğrunda mübarizə apararkən, Misir, İran, İsrail, Səudiyyə Ərəbistanı, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) bu kənar qüvvələrlə əməkdaşlıq edərək öz maraqlarını güdən, onlara qarşı çıxmaq və ya bütün regionda işləmək məqsədini güdür”.
Ekspert bildirib ki, toqquşan maraqlar böyük güclərin rəqabəti sferasında qeyri-sabit dinamika yaradıb: bəzən regional gücləri daha böyük güclərlə qarşı-qarşıya qoyur, onlar da öz növbəsində digər böyük dövlətləri qabaqlamağa çalışırlar.  
Bu oyun hətta regional güclərin Yaxın Şərqdə öz xarici siyasətini həyata keçirdikləri maraqların üstüörtülü şəkildə qiymətləndirilməsi ilə də aydın olur. Bu regional gərginlik çərçivəsində İsrail-Türkiyə arasında ticarət əlaqələrinin dayandırılması bölgədə ciddi siyasi proseslərin başlanmasına dəlalət edir. 

2022-ci il oktyabrın 7-dən dekabrın 31-dək Türkiyənin İsraillə ticarət dövriyyəsi 2,32 milyard dollar, 2023-cü ilin eyni dövründə isə 1,28 milyard dollar təşkil edib və bununla da 45% azalıb. 2024-cü ilin sonunda bu əlaqələrin dayandırılması gözlənilir. 

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Fələstinin gələcəyi” konfransında çıxışı zamanı bəyan edib ki, Türkiyə Cümhuriyyəti Fələstin xalqını ardıcıl olaraq dəstəkləyən yeganə ölkədir və paytaxtı Şərqi Qüds olan, 1967-ci il sərhədlərinə malik olan müstəqil Fələstin dövləti elan olunana qədər mübarizə aparacaq. Bu aşkar surətdə İsrailə qarşı açıq təhdid xarakteri daşıyır”.

Onun sözlərinə görə, Ərdoğanın çıxışlarına bəzi siyasətçilər qeyd edirlər ki, o, sərt ritorikasına baxmayaraq, hələ də İsrailə qarşı siyasətini tamamilə sərtləşdirməyib. Bu məsələdə də haqlıdırlar.  
Politoloqun dediyinə görə, ölkənin əsas turistləri İsraildən gəlirdi, amma bu qərarda buna qadağa qoyulmayıb və bu deməkdir ki, hələ də iqtisadi maraqlar davam edir.  
Eyni zamanda, o, 2000-2022-ci illər ərzində iki ölkə arasında ticarət balansının həmişə Türkiyənin xeyrinə olduğunu bildirib:

“İsrail və Türkiyə bir-birinə qarşı hökumət rəhbərləri səviyyəsində sərt açıqlamalarla cavab versələr də, regionda hərbi əməliyyatın olması mümkün görünmür. NATO üzvü olan Türkiyənin İsrail ilə müharibə etməsi, ən azından qurumun əsas yaradıcısı olan ABŞ ilə üz-üzə gəlməsi deməkdir. Bu, ilk növbədə NATO-nun çöküşü olur və dolayısı ilə Birləşmiş Ştatlara ciddi şəkildə zərbə dəyər. Bu səbəbdən də Birləşmiş Ştatlar heç bir halda İsrailin Türkiyəyə qarşı müharibə etməsinə şərait yarada bilməz, çünki bu baş versə, qlobal meydanda Rusiya üçün geniş imkanlar yaradacaq deməkdir”.

Onun fikrincə, Amerika mümkün qədər çalışır ki, bu baş verməsin, eyni zamanda Türkiyə də buna getməz:  
“Son 20 il ərzində İsrail Türkiyəyə son texnoloji avadanlığa malik hərbi silah-sursat satırdı. Bu həm Türkiyənin müdafiə imkanlarını gücləndirir, həm də İsrailin hərbi sənayesinə gəlir gətirirdi. Eyni zamanda, İsraildə heç kim Türkiyə ilə münasibətlərin qırılmasını istəmir. İtkilərə gəldikdə, İsrail Türkiyə ilə üç sahədə: iqtisadi, hərbi və diplomatik əməkdaşlıq edir. İqtisadi sahədə bu, İsrailin Türkiyədəki sərmayələrinə ziyan vuracaqdır”.

Heç şübhəsiz, həm Türkiyədə, həm də İsraildə bu əlaqələrin bərpasının tərəfdarları az deyil. Bu baxımdan iki dövlətin yaxınlaşmasının bölgədəki gərginliyin azalmasına da yardım edə biləcəyi gözlənilir.

 Nəzrin Salmanova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il