İqtisadiyyat

Minimum pensiya və əməkhaqqının artırılması sosial müdafiəni gücləndirmək və iqtisadi ədaləti təmin etmək üçün əsas alətlərdir. Bu prosesdə inflyasiya, yaşayış minimumu və dövlət büdcəsinin imkanları kimi iqtisadi meyarlar nəzərə alınmalıdır. Minimum əməkhaqqı və minimum pensiya hər bir cəmiyyətdə sosial müdafiənin təməl daşlarıdır. Bu göstəricilər əmək bazarının tənzimlənməsi, vətəndaşların layiqli yaşayış səviyyəsinin təmin edilməsi və sosial bərabərsizliyin azaldılması məqsədini daşıyır. Əməkhaqqının və pensiyaların aşağı həddi qanunla müəyyən edilir və iqtisadi-sosial meyarlara əsaslanır.

Minimum pensiya məbləğinin artırılmasının pensiya kapitalına təsirini yumşaltmaq üçün hansı differensial yanaşmalar var? 25 illik iş təcrübəsi olmayan vətəndaşların minimum pensiya almaq hüququnu təmin etmək üçün əlavə hansı meyarlar tətbiq oluna bilərmi? Minimum pensiya kapitalının hesablanmasında alternativ yanaşmalar tətbiq edilməsi mümkündürmü? Əgər mümkündürsə, hansı modellər təklif oluna bilər?


Mövzu ilə bağlı Crossmedia.az-ın suallarını iqtisadçı ekspert, AR Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru Rəsmiyyə Abdullayeva cavablandırıb.

Minimum pensiya və minimum əməkhaqqının artırılması prosesində hansı iqtisadi meyarlar nəzərə alınmalıdır?

“Adından da göründüyü kimi, istər minimum əməkhaqqı, istərsə də minimum pensiya məbləği işləyənlərə və pensiyaçılara ödənişin ən aşağı həddini özündə ehtiva edir. Minimum əməkhaqqı və əmək pensiyalarının minimum məbləği sosial normativlərdir və əhalinin sosial müdafiəsi baxımından vacib göstəricilərdir. Minimum əməkhaqqı - iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. İşçiyə minimum əməkhaqqından aşağı əməkhaqqı vermək olmaz.

Doğrudur, bəzən işçilərə (qeyri-formal məşğullara) özəl sektorda minimum əməkhaqqından aşağı maaş verilir ki, bu da qanunvericiliyə ziddir. Ümumiyyətlə, minimum əməkhaqqının müəyyən edilməsi əməyin istismarının qarşısının alınmasına, cəmiyyətdə gəlir bölgüsündə bərabərsizliyin azaldılmasına və s. xidmət edir.

Onu da qeyd edim ki, bir sıra beynəlxalq sənədlərdə (Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt, Avropa Sosial Xartiyası) minimum əməkhaqqının müəyyənləşdirilməsi ilə bağlı meyarlar əks olunmuşdur. Ümumdünya İnsan Hüquqları Bəyannaməsində göstərilir ki, “hər bir işçi özünün və ailəsinin insana layiq yaşamasını təmin edən və lazım gəldikdə digər sosial təminat vasitələri ilə tamamlanan ədalətli və qənaətbəxş haqq almaq hüququna malikdir”.

İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktda isə “hər kəsin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əməkhaqqı miqdarından az olmayan haqq almaq hüququ” müəyyənləşdirilmişdir. Avropa Sosial Xartiyasına əsasən, minimum əməkhaqqının orta aylıq əməkhaqqına nisbəti 60%-dən az olmamalıdır”.

Rəsmiyyə Abdullayeva qeyd edib ki: “Minimum əməkhaqqının artırılması zamanı Avropa Sosial Xartiyasının da tələbləri nəzərə alınmalıdır. Onu da qeyd edim ki, bu məsələ ölkəmizdə qəbul olunmuş strateji sənədlərdə də öz əksini tapmışdır.

Ölkədəki minimum əməkhaqqının və əmək pensiyalarının minimum məbləği iqtisadi inkişafa müvafiq qaydada artırılmalıdır. Bu göstəricilər, habelə inflyasiyanın səviyyəsinə uyğun olaraq artırılmalıdır. Çünki bu artan qiymətlər fonunda əhalinin sosial müdafiəsinin gücləndirilməsi deməkdir.

Maraqlı bir faktı qeyd edim ki, “Yaşayış minimumu haqqında” Qanunun 5.4-cü maddəsində göstərilir ki, “Azərbaycan Respublikasında minimum əməkhaqqı və pensiyaların minimum məbləği mərhələlərlə ölkə üzrə yaşayış minimumu səviyyəsinə yüksəldilir”. Lakin bizim ölkəmizdə artıq minimum əməkhaqqı yaşayış minimumunun məbləğindən çoxdur.

Məlum olduğu kimi, 2024-cü ildə ölkə üzrə minimum əməkhaqqı 345 manat, pensiyaların minimum məbləği 280 manat, yaşayış minimumu isə 270 manat olub”.

25 illik iş stajı olmayan vətəndaşların minimum əmək pensiyası almaq hüququnu təmin etmək üçün əlavə hansı meyarlar tətbiq oluna bilər?

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa görə “müvafiq yaş həddinə çatmış şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır”.

Hazırda yaşa görə pensiya təminatı üçün 40320 manat minimum pensiya kapitalı və ya 25 il iş stajı tələb olunur. Yəni bu iki şərtdən biri ödənilməlidir.

“Əmək pensiyaları haqqında” Qanuna edilən 2017-ci il 10 mart tarixli dəyişikliklərə görə “25 il sığorta stajı və pensiya kapitalının tələb olunması” bir çox insanı pensiya təminatından məhrum etmişdi.

Buna görə də müvafiq qanuna 30 noyabr 2018-ci il tarixində yenidən dəyişikliklər edildi və 2019-cu il 1 yanvar tarixindən etibarən pensiya yaşına çatanlara 2006-cı il tarixinə qədər 25 il sığorta stajı müəyyən edildi.

Bunun üçün vətəndaşın 2018-ci ilin 1 iyul tarixinə qədər 1 ay belə işləsə, fərdi hesabın sığorta hissəsində pensiya kapitalı olmalıdır.

Məlum olduğu kimi, əgər işləyən şəxsin 25 il sığorta stajı varsa və pensiya yaşına çatıbsa, minimum pensiya kapitalının çatışmayan hissəsini dövlət ödəyir. Yəni, onsuz da güzəştlər mövcuddur”.

Minimum pensiya kapitalının hesablanmasında alternativ yanaşmalar tətbiq edilməsi mümkündürmü?  Əgər mümkündürsə, hansı modellər təklif oluna bilər?

“Bizim ölkəmizdə pensiya kapitalı ilə bağlı dövlətin verdiyi güzəştlər bəllidir və düşünürəm ki, bu təqdir olunmalıdır. Bundan başqa, pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Hazırda minimum məbləğdə yaşa görə pensiya təminatı üçün 40320 manat (minimum pensiya kapitalı) tələb olunur. Bu 12 illik bir dövrü (gözlənilən pensiya ödənişi müddəti) əhatə edən məbləğdir. 

Bir faktı da qeyd edim ki, çoxlu sayda güzəştlərin verilməsi dövlətin sosial yükünü ağırlaşdırır ki, bu da çox zaman mənfi sosial-iqtisadi nəticələrə gətirib çıxarır. Bu kimi hallardan qaçmaq üçün pensiya kapitalının artırılmasının alternativ yollarından istifadə etmək lazımdır. Bilirsiniz, pensiya işlədiyiniz dövrün nəticəsidir. Başqa sözlə, sosial sığorta - səbəb, pensiya məbləği isə  - nəticədir. Çünki 2006-cı ildən ölkəmizdə fərdi uçota əsaslanan yığım pensiya sistemi fəaliyyət göstərir. Əgər pensiya kapitalınız azdırsa, bu o deməkdir ki, siz əmək fəaliyyət dövründə yüksək əməkhaqqı almamısınız. Məlum olduğu kimi, əmək fəaliyyəti dövründə yüksək əməkhaqqı alanlar yüksək də pensiya alırlar. Çünki işlədikləri dövrdə yüksək əməkhaqqı alanlar daha çox sosial sığorta haqqı ödəyirlər. Yəni insan nə qədər çox əmək stajına və yükək əməkhaqqına malik olarsa, o qədər də yüksək pensiya alacaqdır. Yəni nəticəni yaradan səbəblərə nəzər salmaq lazımdır. Ölkədə yüksək əməkhaqqı verən iş yerlərinin sayını artırmaq lazımdır. Beynəlxalq Əmək Təşkilatının tövsiyələrində də qeyd olunur ki, “müasir mərhələdə məşğulluq sferasındakı siyasət təkcə çoxlu sayda iş yerlərinin yaradılması olmamalıdır, layiqli iş yerləri ilə təmin olunmaq məsələsi həll edilməlidir”. İqtisadiyyat inkişaf etdikcə yüksək əməkhaqqı təklif edən iş yerlərinin də sayı artır. Pensiya təminatı sahəsində mütərəqqi təcrübəyə malik olan ölkələrdə insanlar yüksək əməkhaqqı alırlar və pensiyaya çıxdıqdan sonra firavan həyat yaşayırlar”.
Azərbaycanın pensiya sistemində liberallaşmanın aparılması, habelə qeyri-dövlət pensiya təminatının yaradılması fikrinizcə pensiyaçıların sosial vəziyyətinə necə təsir göstərər?

“Beynəlxalq mütərəqqi təcrübə liberallaşmanın pensiya sistemlərinə müsbət təsir göstərdiyini isbatlayır. Pensiya sahəsində liberallaşma prosesi sosial-iqtisadi inkişafa müsbət təsir göstəməklə yanaşı, həm də pensiyaçıların sosial müdafiəsini gücləndirir.

Onu da qeyd edim ki, pensiya sistemində liberallaşma elementlərinin tətbiqi dövlətin nəzarəti altında baş verir. Yəni dövlət hər zaman sığorta təminatına müdaxilə edə və lazım gəldikdə dəstək göstərə bilər.

Azərbaycanda isə hələ qeyri-dövlət pensiya təminatı mövcud deyil. Təklif edirəm ki, beynəlxalq təcrübədən istifadə edilərək, qeyri-dövlət pensiya fondları yaradılsın və dövlətin nəzarəti ilə tənzimlənsin”.

Ayhan Ağarzayev

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il