Gündəm

Son günlərdə Amerika və Fransanın Azərbaycana qarşı təyziqlər, sanksiyalarla bağlı daha da aktivləşdiyinin və iddialar irəli sürdüyünün şahidi oluruq. Bəs, bu aktivləşmənin arxasında hansı səbəblər dayanır?

Cross Media Təhlil Mərkəzinin analitiki, fəlsəfə doktoru Rauf Məmmədovun mövzu ilə bağlı fikirlərini təqdim edirik:

“Biz bilirik ki, Azərbaycan 2020-ci ildə torpaqlarını azad edəndən sonra ABŞ və Fransanın Azərbaycana qarşı təyziqləri artmağa başlayıb. Bu, ordan köklənir ki, Azərbaycan ATƏT-in Minsk qrupunun fəaliyyətini sıfıra endirdi. Bu, Amerikanın bölgə üzərindəki hegemon gücünə qarşı yönəlmiş fəaliyyət kimi dəyərləndirilə bilər. Amerika dünyada mövcud hegemonluğunu ATƏT-in Minsk qrupu vasitəsilə qoruyub saxlayırdı. Bölgədə münaqişələrin olması və münaqişələrin bu şəkildə dondurulub saxlanılması onun mənafeyinə xidmət edir. Bu münaqişəni Azərbaycanın özünün həll etməsi ABŞ hegemonluğuna bir növ zərbə vurmuş oldu. Bu səbəbdən ABŞ başda olmaqla Azərbaycana qarşı təyziqləri artırmağa başladılar. Əlbəttə ki, Amerikanın maraqları yenə əvvəlki qaydaya uyğun şəkildədir. Onların istəkləri, işğaldan azad etdiyimiz torpaqları 2020-ci ildən əvvəllki mövqeyə qaytarmaq, Avrasiya regionu üzərində nəzarəti bərpa etmək və Avropayla Çin arasında “Bir kəmər, bir yol” layihəsini öz nəzarəti altına almaqdır. Məqsəd, həm Çinin, həm də Avropanın inkişafının qarşısını almaq və onları özünə tabe etməkdir. Hindistandan İsrailə uzanan “Baharat yolu” Yaxın Şərqin alovlanması ilə iflasa uğradığı üçün, Zəngəzurdan keçəcək “Bir kəmər, bir yol” layihəsi indi daha aktual oldu. ABŞ buna görə, bu yolu nəzarəti altına götürür. O, bu işi bölgədə Rusiya ilə birgə həyata keçirməyi planlaşdırır.

Ekspert ABŞ-nin bu səbəbdən fəallaşdığını, həmçinin Yaxın Şərqdə gedən prosseslərin də bunu göstərdiyini də qeyd edib:

“Paralel şəkildə Azərbaycana da təyziqlər olunur. Fikrimcə, ABŞ Azərbaycanı və Cənubi Qafqazı Rusiyaya yenidən qaytarmaq istəyir. Ola bilər ki, Rusiya ilə ABŞ arasında danışıqlar olub və bu danışıqlara əsasən yenidən Cənubi Qafqazı Rusiyanın nəzarəti altına vermək istəyir. ABŞ bu bölgəni kiminsə nəzarəti altına verməlidir. Aydın məsələdir ki, Gürcüstan Avropaya və meyl edirdi. Bu, Amerikanın maraqlarına xidmət etmirdi. Son dövrdə biz görürük ki, Gürcüstan artıq Rusiyaya tərəf meyl edir. İvanişvilinin partiyası olan “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyası Rusiyaya tərəf meyl edir. Avropayla əlaqələri yavaş-yavaş kəsilməyə doğru gedir. İkinci bir təzyiq də Azərbaycanadır. Bu təzyiqlərin və ya sanksiyalar haqqında iddiaların ortaya qoyulmasının əsas məqsədi Azərbaycanı Türkiyədən ayırmaq, münasibətləri soyuqlaşdırmaq, onu Rusiyaya tərəf itələməkdir. Ermənistan yəqin ki, artıq bu məsələlərin içindədir. Ermənistan ATƏT-in Minsk qrupunu bərpa etməyə və Cənubi Qafqazda yenidən Rusiya, ABŞ, və Fransa ittifaqını bərpa etməyə çalışır.

Biz son dövrdə də görürük ki, Azərbaycan artıq bu təzyiqlər nəticəsində Rusiyaya yaxınlaşmaq məcburiyyətində qalır. Düşünürəm ki, Rusiya ilə ABŞ öz aralarında razılaşıblar. MHP sədri Dövlət Baxçalı çıxışında bildirdi ki, Yaxın Şərqdə gedən proseslərdə hədəf Türkiyədir. Həqiqətən də, həmin hadisələrin get-gedə Suriyaya daxil olmaq ehtimalı böyükdür. Bu isə, Türkiyənin sərhədlərinə yaxınlaşmaq və orada ABŞ və İsrailin yetişdirdiyi PKK dəstələrinin Türkiyəyə qarşı yönləndirilməsi deməkdir. Türkiyəni bölgədə PKK ilə qarşı-qarşıya gətirmək və ABŞ-nin bunun arxasında durması bir tərəfdən də Türkiyənin Cənubi Qafqaz və Orta Asiya bölgələrinə olan diqqətinin azalmasına səbəb ola bilər. Bu da müəyyən mənada Azərbaycanın Türkiyədən qoparılıb Rusiyaya yaxınlaşdırılması üçün daha da əlverişli şərait yarada bilər. Rusiya ilə ABŞ-ın bu sahədə razılaşmaları mümkündür. Onlar əvvəllər ATƏT-in Minsk qrupu çərçivəsində olduğu kimi, bu gün də Cənubi Qafqazda öz əməkdaşlıqlarını real-politik çərçivəsində davam etdirirlər. Bunun göstəriciləri göz qabağındadır. ABŞ də, Rusiya da Ermənistanı sürətlə silahlandırırlar. Rusiya dolayı şəkildə Ermənistanla iqtisadi əlaqələri inkişaf etdirir, hətta onlar arasındakı ticarət dövriyyəsi getdikcə artır. Bunlar özbaşına baş vermir. ABŞ ilə Rusiyanın danışıqlarının nəticələri olaraq ortaya çıxır. Məqsəd, Cənubi Qafqazı yenidən Rusiyaya yaxınlaşdırmaq və nəticədə Türkiyəni zəiflədərək yenidən Cənubi Qafqazı istədikləri kimi bölüşdürməkdir. Təbii ki, bu situasiyanın sonunun necə qurtaracağı hələ məlum deyil. Ancaq, ABŞ-da seçkilərdən sonra daxili vəziyyətin dəyişəcəyi və ölkənin öz daxili problemlərinə yönələcəyi ehtimal olunandır. Azərbaycan və Türkiyə bu imtahandan uğurla çıxsa və öz birliklərini daha da gücləndirsələr, qarşıya qoyulan strateji məqsədlərə daha tez çatacaqlar.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il