Gündəm

Avropa İttifaqının müşahidə missiyası Azərbaycan-Ermənistan sərhədində fəaliyyətini artırıb. Noyabrın 22-də Zəngilan, Qubadlı və digər bölgələrdə Aİ-yə məxsus avtomobillərdən düşən müşahidəçilər Azərbaycan ərazilərini izləyib və çəkiliş aparıblar.

Bu fəaliyyətlər Azərbaycan tərəfi tərəfindən təxribat ehtimalı kimi qiymətləndirilir. Bildirilir ki, Aİ müşahidəçilərinin bu aktivliyi Ermənistanın revanşist qüvvələrinin fəallaşması, silahlanması və danışıqlarda qeyri-konstruktiv mövqe tutması ilə bağlıdır. Azərbaycan tərəfi Aİ-nin bu addımlarını sülh prosesinə əngəl yaratmaq və Ermənistanı revanşist mövqeyə həvəsləndirmək kimi dəyərləndirir.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov, Aİ missiyasının bu cür addımlarını təxribat kimi qiymətləndirib:

"Təəssüf ki, biz bunu ilk dəfə deyil müşahidə edirik. Bu dəfə də gördük ki, Avropa İttifaqının Ermənistandakı missiyası bu cür təxribatları təşviq edir. Sərhəddə həyata keçirilən bu addımlar birbaşa Ermənistana dəstək məqsədi daşıyır və bölgəmizdə yaranmış sabitliyə mənfi təsir göstərir," - deyə deputat bildirib.

C.Məmmədovun sözlərinə görə, bu fəaliyyətlər eyni zamanda Azərbaycanı təzyiq altında saxlamaq cəhdidir. Onlar Azərbaycan tərəfinin hücum etmək niyyəti varsa, Aİ müşahidəçilərinin varlığı ilə qarşılaşacağını və bu səbəbdən hücumun qarşısının alınacağını göstərməyə çalışırlar. Lakin Azərbaycan rəsmiləri bildirir ki, belə bir niyyət mövcud deyil.

C.Məmmədov xatırladıb ki, Aİ missiyasının Ermənistana gəlməsi müəyyən şərtlərlə razılaşdırılmışdı, lakin zaman keçdikcə bu missiyanın başqa məqsədlər üçün istifadə edildiyi aydın oldu. Missiyanın fəaliyyətinin davam etməsi, Azərbaycan tərəfindən diqqətlə izlənilir və beynəlxalq platformalarda müzakirəyə çıxarılır.

Azərbaycan hökuməti, Aİ müşahidə missiyasının fəaliyyəti ilə bağlı narahatlığını Avropa təsisatları qarşısında ifadə etməyə davam edir. Rəsmi Bakı bu məsələnin diplomatik yolla həll olunması üçün fəal diplomatik səylər göstərir və öz mövqeyini qətiyyətlə müdafiə edir.

Nihat Tahirov

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il