İraq hökumətinin əhalinin siyahıyaalınması prosesini həyata keçirdiyi bir dövrdə Ərbil və Süleymaniyyədən minlərlə kürdün Kərkük şəhərinə köç etdiyi barədə məlumat yayılıb. Yerli mənbələrə görə, bu addım Kərkükdəki demoqrafik göstəricilərə təsir etmək və kürd əhalisinin çoxluq təşkil etdiyini göstərmək məqsədi daşıyır.
Bu vəziyyət Kərkükdə yaşayan türkman və ərəb icmaları arasında ciddi narazılıq yaradıb. Onlar bu cür köçlərin Kərkükün tarixi və demoqrafik strukturunu dəyişməyə xidmət etdiyini bildiriblər. Ərəb mediası da məsələyə reaksiya verərək bu hadisələrin bölgədəki tarazlığa mənfi təsir göstərə biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan politoloq Araz Qurbanov bildirib ki, təkcə İraqda deyil, Suriya və Livanda da türkmanlar etnik təmizləmə təhlükəsi ilə üzləşirlər. Politoloq İraq türkmanlarına qarşı həyata keçirilən tədbirlərin bir neçə səbəbi olduğunu vurğulayıb.
Araz Qurbanovun sözlərinə görə, əsas səbəblərdən biri türkmanlar arasında siyasi birliyin və şüurun aşağı səviyyədə olmasıdır. “Türkmanlar arasındakı siyasi və iqtisadi fikir ayrılıqları bəzi dairələr tərəfindən öz maraqları üçün istifadə edilir. Məlumdur ki, son bələdiyyə seçkilərində türkmanlar əhalinin əksəriyyəti arasında ən az dəstək alan tərəf olub,” - deyə politoloq qeyd edib.
O, həmçinin separatizmə qarşı mübarizə aparan bəzi ölkələrin kürd muxtariyyətini dəstəkləyərək milli müxtəlifliyi öz problemlərini həll etmək üçün vasitə kimi istifadə etdiyini bildirib. “Bu təkcə Qərb ölkələrinin yanaşması deyil. İran da bu prosesdə öz mövqeyini açıq şəkildə göstərib və göstərməkdə davam edir. Məsələn, İran hökuməti milliyətcə azərbaycanlı vətəndaşlarının Kərkükə səfərini qadağan edib,” - deyə politoloq əlavə edib.
Kərkükdə yaşayan türkmanlar üçün əsas problemlərdən biri isə şəhərin neft yataqları ilə zəngin olmasıdır. Politoloq vurğulayıb ki, bölgədə neft uğrunda ciddi mübarizə gedir. Bir çox ölkə bu mübarizəyə qoşulub, lakin insan haqlarını qorumaq onların prioriteti deyil. Hazırda türkmanlar bütün dünyadan yardım gözləyir.
Maral Şahverdili