Fətullahçı Terror Təşkilatı (FETÖ), Türkiyənin müasir tarixində ən təhlükəli və kompleks strukturlardan biri kimi həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə ciddi təhdidlər yaratmışdır. Qapalı terror təşkilatı olaraq fəaliyyətə başlayan bu təşkilat illər ərzində təhsil, iqtisadiyyat, siyasət və media sahələrinə sızaraq geniş şəbəkə qurmuş, məqsədlərini həyata keçirmək üçün gizli strategiyalar inkişaf etdirmişdir.
Türkiyənin 66 vilayətində FETÖ-yə qarşı həyata keçirilən “Kıskaç-30” əməliyyatı nəticəsində 459 şübhəli saxlanılmışdır. Məlumata görə, əməliyyat çərçivəsində təşkilatın maliyyə, tələbə, polis, hərbi sirr, ədliyyə və müxtəlif peşə qrupları daxilində gizli fəaliyyət göstərən mövcud strukturları aşkarlanmışdır. Bəs FETÖ terror təşkilatına qarşı mübarizə niyə bu qədər uzun çəkir? Bu kimi terror təşkilatlarını tamamilə aradan qaldırmaq üçün hansı əlavə tədbirlər görülə bilər?
Mövzu ilə bağlı siyasi şərhçi Elçin Xalidbəyli Crossmedia.az-a açıqlamasında bildirib ki:
"FETÖ terror təşkilatına qarşı Türkiyənin mübarizəsi illərlə davam edəcək. Çünki ötən əsrin 70-ci illərindən başlayaraq formalaşmış terror təşkilatını qısa müddətdə sıradan çıxartmaq mümkün deyil. FETÖ terror təşkilatı onilliklər boyu Türkiyənin dövlət sistemi də daxil olmaqla bütün sahələrinə yerləşib. Onları qısa müddətdə müəyyən etmək çox çətindir. Üstəlik, son zamanlar tam gizli fəaliyyətlə zərbə vururlar. FETÖ terror təşkilatının yatmış hücrələri Türkiyənin siyasi elitasına daxil olan təbəqələrində də var. İstər iqtidar, istərsə də müxalifətdə təmsil edilirlər. Türkiyə siyasətində FETÖ təmsilçiləri yer almaqdadır. Belə bir terror təşkilatının öhdəsindən gəlmək üçün uzun illər lazım olacaq. Düzdür, bu mübarizə başladıqdan sonra FETÖ xeyli zəiflədi. Amma hələ də mövcudluğunu qoruyur. Türkiyə Cümhuriyyəti bundan sonra da FETÖ terror təşkilatı ilə olan prinsipial mübarizəsini davam etdirməli olacaq”.
Bu mübarizənin əsas məqsədi yalnız FETÖ-nü tamamilə zərərsizləşdirmək deyil, eyni zamanda cəmiyyətdə belə strukturların bir daha formalaşmasının qarşısını almaqdır. Türkiyə xalqı öz birliyi və dövlətinə sədaqəti ilə bu təhlükənin öhdəsindən gələcəyinə inanır və FETÖ-nün tarixə qovuşduğu günü görmək üçün əzmlə çalışır.
Ayhan Ağarzayev