Demensiya, cəmiyyətimizin üzləşdiyi ən ciddi və mürəkkəb sağlamlıq problemlərindən biridir. Demensiyanın erkən əlamətlərinin tanınması, diaqnoz və müalicə metodlarının effektivliyi, həmçinin bu vəziyyətin sosial və psixoloji təsirləri barədə daha çox məlumat əldə etmək üçün mütəxəssislərin fikirlərinə müraciət əsasdır.
Mövzu ilə bağlı suallara cavab tapmaq və təcrübələrini öyrənmək məqsədilə psixoloq Samirə Bağırova Crossmedia.az-a açıqlamasında bildirib: “ Demensiya beyində koqnitiv, yəni əqli qabiliyyətin pisləşməsidir ki, beyin xəstəliklərdən bir növü hesab olunur və ən çox yayılan növü əslində Altsheymer xəstəliyidir. Demensiyada duyğular və qavrayış Altsheymerdən fərqli olaraq normal çərçivədə işləyir. Şüur pozulmur. Sadəcə yaddaş, düşünmə, oriyentasiya, qavrama, hesablama, öyrənmə bacarığı, dil və danışma, dəyərləndirmə bacarığının pozulması baş verir. Demensiya hər hansısa ağır xəstəlikdən sonra, yaxud yaşlılıqla əlaqəli də yarana bilir. Yaxud pis vərdişlərə meyillilik nəticəsində, mərkəzi sinir sisteminin infeksiyaya yoluxması, obsessiv kompulsiv pozuntunun ( OKP ) ağırlaşmış formasından da yarana bilir.
Samirə Bağıravanın şəxsi müşahidəsinə görə demensiyanın başlanğıcında insanı daxildən narahat edən duyğular olur ki, hətta bu gözə çarpacaq dərəcədə özünü büruzə verir:
“Bura yuxu pozuntusu, halsızlıq, tez yorulma, yeniliyə həvəsin itməsi, baş ağrıları, depresiv vəziyyət, özünə baxımlığın itməsi, əvvəlki səliqəliyin pozulması, həyat eşqinin ölməsi və sairə kimi psixi pozuntular gözə çarpmağa başlayır, sadəcə yaxınlar bu davranışları önəmsəmirlər. Çünki demensiyanın müalicəsinə diqqət etsək, antidepressantlar, yuxu gətirən dərmanlar,musiqili terapiya, əmək terapiyası, doğmaların sevgi və diqqətinin artması tövsiyə olunduğunu görəcəyik. Burdan da belə nəticə çıxarmaq olur ki, aşırı fədəkar, aşırı başqalarını düşünən, aşırı hər xırda şeyə görə narahat olan və yadda saxlayan insanın ruhu demensiya olaraq özünə çağırış edir. Çünki hər bir xəstəliyin mənası, insanı özünü mərkəzə gətirmə çağırışıdır.
Psixoloqun fikrinə görə demensiya ilə yaşayan insanlara qarşı həqiqi empati və anlayış göstərmək, onların əzablarını azaldır və onların ruhunu müalicə edir:
“ Onsuzda əvvəlki kimi olmadığını şüurən dərk etdiyi üçün, fərqindədir və bundan ayrıca əziyyət çəkir. Yaxınların tez- tez deməsi ki, “ sən niyə belə oldun? Ya da özü bilə- bilə edir, özünə lazım olanda beyni əla işləyir “ kimi zarafatlar bu insanları dərindən incidə bilir. Demensiya insanın ruhu sevgi, diqqət, şənlik, yenilik, gəzinti, artıq qayğıya ehtiyac duyur”.
Yaxınlarının səmimiyyətsiz zarafatları və anlamsız ittihamları isə bu yükü daha da artırır. Bu insanlara qarşı həqiqi sevgi, diqqət və anlayışla yanaşmaq, onların həyatı daha şən və dolğun yaşamasına kömək edər. Unutmamalıyıq ki, demensiya ilə yaşayan insanların ehtiyacı sadəcə yaddaşları deyil, ruhlarına toxunan qayğı və sevgidir.
Samirə Şərif