İqtisadiyyat

Azərbaycanın turizm sektoru son illərdə sürətlə inkişaf edərək, ölkə iqtisadiyyatının dinamik və perspektivli sahələrindən birinə çevrilib. Xaricdən gələn turist axınının sayı artdıqca, Azərbaycan həm mədəni, həm də təbii zənginlikləri ilə beynəlxalq arenada daha cəlbedici bir məkan kimi tanınmağa başlayır. Müxtəlif turizm istiqamətlərinin inkişafı və təkliflərin genişlənməsi, ölkəni turistlər üçün rəngarəng və cazibədar bir seçim halına gətirib. Dövlətin turizm siyasətinin inkişafına yönəlmiş strateji təşəbbüsləri, yeni infrastruktur layihələri və davamlı modernləşmə tədbirləri isə sektorda müsbət dəyişikliklərə şərait yaradır. Bu da Azərbaycanın zəngin mədəni irsi, unikal təbii gözəllikləri ilə dünyanın müxtəlif guşələrindən gələn turistlərə təqdim olunmasına imkan verir.

Mövzu ilə bağlı turizm üzrə ekspert Rəhman Quliyev Crossmedia.az-a açıqlaması zamanı bildirib ki, Azərbaycanın hüdudlarından kənara səyahət edən turistlərin sayında artım müşahidə olunur. Bu isə birbaşa olaraq ölkədə iqtisadi inkişafın artan tempindən xəbər verir. Onun sözlərinə görə, insanların sosial rifahı yaxşılaşdıqca, onlar həm xaricə səyahətə, həm də ticarət və təhsil məqsədilə ölkəni tərk etməyə daha çox maraqlı olurlar:

“Azərbaycana gələn turistlərin sayında da əhəmiyyətli artım nəzərə çarpır.  Məsələn, yanvar-oktyabr ayları ərzində bu göstərici 18 faiz artıb. İlin sonuna qədər olan statistikanı da əlavə etsək, artımın davam edəcəyini görmək mümkündür. Xüsusilə, hazırda ölkəmizdə keçirilən COP29 Beynəlxalq İqlim Dəyişikliyi konfransına Azərbaycanın ev sahibliyi etməsi də bu rəqəmlərə öz müsbət təsirini göstərəcək. Yeni ilin gəlişi ilə Azərbaycana gələn turistlərin sayında daha da artım gözlənilir ki, bu da ümumi statistikaya böyük dəstək verəcək”.


Ekspert həmçinin vurğulayıb ki, Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsi, ölkənin tanıdılması baxımından da  mühüm əhəmiyyət kəsb edir. Xüsusilə, bu tədbirlərin işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Şuşada Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə keçirilməsi ölkəmizin turizm potensialına böyük töhfə verir. Belə tədbirlər eyni zamanda, həm xarici turistlərin, həm də ölkə daxilində səyahət edən vətəndaşların sayının artmasına ciddi təkan verir:

“Azərbaycanın turizm potensialı olduqca genişdir. Xüsusilə Qarabağ bölgəsində beynəlxalq hava limanlarının, o cümlədən Füzuli və Xocalı hava limanlarının fəaliyyətə başlaması bu ərazilərə xarici və yerli turist axınını asanlaşdırır. Qarabağda relyefə uyğun istirahət mərkəzləri və sanatoriyaların tikilməsi də nəzərdə tutulub ki, bu da bölgənin turizm sektoruna xüsusi yeniliklər gətirib.”

R.Quliyev  hazırda turizm sektorunun ölkənin ümumi irəliləyiş tempinə uyğun səviyyədə inkişaf etdiyini də diqqətə çatdırıb.

“Bu uğurlar, ölkə rəhbərliyinin apardığı uzaqgörən siyasətin və Azərbaycan vətəndaşlarının sosial rifahının yüksəldilməsi istiqamətində görülən tədbirlərin nəticəsidir. Ölkə rəhbərliyinin həyata keçirdiyi strategiya xalqın mənafeyinə xidmət edir və bu, turizm sektoru da daxil olmaqla, bütün sahələrdə öz müsbət təsirini göstərir”.

Son olaraq ekspert onu da qeyd edib ki, Azərbaycanın zəngin potensialı və aparılan məqsədyönlü işlər gələcəkdə turizm sektorunda daha böyük nailiyyətlərin əldə olunacağını göstərir.

Aytac Bəhruzqızı 
 
 
 
 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il