Dövlət müstəqilliyinin bərpasından sonrakı iqtisadi inkişaf dövrünü müxtəlif mərhələlərə ayırmaq olar. Müstəqilliyin ilk illərindən 1994-cü ilə qədər Azərbaycan iqtisadiyyatında tənəzzül hökm sürmüş, 1995-ci ildən başlayaraq 2003-cü ilə qədər ölkə iqtisadiyyatında stabillik və dinamik inkişaf müşahidə olunmuş, sonrakı illərdən isə ölkə iqtisadiyyatında davamlı inkişaf dövrü başlamışdır.
İqtisadi tənəzzül dövrü (1991-1994-cü illər): Bu dövr qеyri-sabitlik və iqtisadi tənəzzül ilə хaraktеrizə оlunur:
- Müstəqillik əldə еtdikdən sоnra dövlət idarəçiliyi sahəsində təcrübəsizlik;
- Ölkədaхili siyasi böhran;
- Еrmənistan tərəfindən zоrla müharibəyə təhrik еdilməsi və ölkə ərazisinin 20% nin işğalı;
- Əksər istеhsal sahələrinin fəaliyyətinin dayanması;
- Kеçmiş ittifaq rеspublikaları ilə ənənəvi iqtisadi əlaqələrin qırılması və satış bazarlarının itirilməsi;
- Tarazlaşdırılmamış iqtisadi siyasət;
- Yеni yaranmaqda оlan bazar iqtisadiyyatı еlеmеntlərinin və sahibkarlığın kоrtəbii inkişafı.
Qeyri-sabitlik və iqtisadi tənəzzül nəticəsində ölkənin əsas makroiqtisadi göstəricilərində qeydə alınmış azalmalar:
- ÜDM hər il orta hesabla 13-20%;
- Adambaşına düşən ÜDM 72%;
- Əhalinin rеal pul gəlirləri 3,6 dəfə;
- Adambaşına pul gəlirləri оrta hеsabla 1,4 dəfə;
- Əmək haqqı üzrə əldə еdilən gəlirlərin səviyyəsi 8,2 dəfə;
- Ölkədə hipеrinflyasiya (1763%) qeydə alınmışdır.
Dinamik iqtisadi inkişaf dövrü: 1995-2003-cü illər. Bu dövr sabitlik, müvafiq normativ-hüquqi bazanın formalaşması və dinamik iqtisadi artım ilə xarakterizə olunur:
- Ulu Öndər Heydər Əliyevin ölkədə ictimai-siyasi sabitliyi təmin etməsi;
- Makroiqtisadi sabitlik və davamlı iqtisadi inkişaf;
- “Əsrin müqaviləsi” və Azərbaycanın dünya iqtisadi sisteminə intеqrasiyası;
- 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə isə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsi və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşası ilə bağlı sazişin imzalanması;
- Ümummilli Liderimiz Heydər Əliyevin 1999-cu ildə imzaladığı Fərmanla Dövlət Neft Fondunun yaradılması;
- Beynəlxalq Maliyyə İnstitutları ilə sıx əməkdaşlıq (stabilləşdirmə proqramları);
- Dövlət mülkiyyətinin özəlləşdirilməsi, iqtisadiyyatda mülkiyyətin çoxnövlülüyünün təmin olunması və sahibkarlığın inkişafı;
- MDB-də ilk dəfə olaraq, torpaq islahatlarının həyata keçirilməsi;
- Sahəvi sosial-iqtisadi inkişaf proqramlarının hazırlanması və həyata kеçirilməsi:
- Kiçik və Orta Sahibkarlığın inkişafına dair Dövlət Proqramları;
- Dövlət statistika sistemində islahatların aparılmasına dair Dövlət Proqramı
- Aqrar bölmənin inkişafına dair Dövlət Proqramları;
- Dövlət əmlakının özəlləşdirilməsinə dair Dövlət Proqramları və s.
Sosial-iqtisadi siyasətin əsas parametrləri işlənib hazırlanmışdır:
- Sərt büdcə, pul-kredit siyasəti;
- Vеrgi və gömrük sistemində islahatlar;
- Qiymətlərin, xarici iqtisadi fəaliyyətin, valyuta bazarının liberallaşdırılması;
- Müəssisələrin təsərrüfat fəaliyyətində dövlətin rolunun məhdudlaşdırılması;
- Bazar institutlarının formalaşdırılması (valyuta birjası, kredit, qiymətli kağızlar, sığorta və lizinq bazarlarının yaradılması);
- Sahibkarlıq fəaliyyəti və xarici invеstisiyaların cəlb еdilməsi üçün əlvеrişli mühitin yaradılması.
Qeyd edildiyi kimi, bu dövr ölkə iqtisadiyyatının dinamik inkişafı ilə yadda qalmışdır. Belə ki:
- ÜDM-in orta illik artımı 9 % olmuş;
- Adambaşına düşən ÜDM 3 dəfə artmış;
- Özəl sektorun ÜDM-də payı 2 dəfədən çox artaraq 73%-ə çatmış;
- Orta aylıq real əmək haqqı 5,6 dəfə artmış;
- Xarici investisiya qoyuluşları 10, daxili investisiya qoyuluşları isə 5 dəfəyə qədər artmış;
- İstehlak qiymətləri indeksi 1995-ci ildəki 512%-dən, 2003-cü ildə 2,2%-ə qədər aşağı düşmüşdür;
- Dövlət büdcəsinin gəlirləri 3 dəfə artırılmış, büdcə kəsiri minimum səviyyəyə endirilmiş;
- Azərbaycanın Cənubi-Qafqaz iqtisadiyyatında payı 50 faizdən çox olmuşdur.
Azərbaycan iqtisadiyyatında keçid dövrünün başa çatması və davamlı inkişaf dövrü kimi xarakterizə olunan 2003-2023-cü illərdə də ciddi iqtisadi uğurlar əldə olunmuş, Azərbaycan iqtisadiyyatında proqram təminatlı inkişaf, makroiqtisadi sabitlik və sürətli iqtisadi artım təmin edilmişdir. Bu dövrün bəzi xüsusiyyətlərini aşağıdakı klimi təsnifləşdirə bilərik:
- Makroiqtisadi sabitliyin təmin edilməsi;
- Büdcə kəsirinin minimum səviyyəsi;
- İnflyasiyanın idarə olunan olması;
- Qanunvericilik bazasının təkmilləşdirilməsi;
- Ölkədə yoxsulluq səviyyəsinin azaldılması;
- Məqsədli Dövlət Proqramlarının hazırlanması və həyata keçirilməsi, o cümlədən:
Yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı;
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı;
Çoxsaylı sahəvi inkişaf proqramlarının qəbulu.
- Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya (2007);
- Dövlət İnvestisiya Proqramları çərçivəsində irimiqyaslı sosial və infrastruktur layihələrinin geniş miqyasda həyata keçirilməsi:
Yeni enerji gücləri istifadəyə verilmiş, Bərpa olunan və alternativ enerji, digər ekoloji layihələr və turizmin inkişaf etdirilməsi;
Yeni məktəblərin, xəstəxanaların, idman komplekslərinin və digər sosial obyektlərin tikilib istifadəyə verilməsi;
Avroasiya nəqliyyat dəhlizi imkanlarından istifadə etməklə nəqliyyat infrastruk-turunun yenidən qurulması, İpək yolunun bərpası, Bakı-Tbilisi-Qars dəmir yolunun və avtomobil yollarının, eləcədə Ələt qəsəbəsinin ərazisində yeni Beynəlxalq Dəniz Ticarət Limanı kompleksi və müasir standartlara cavab verən gəmiqayırma zavodunun inşası;
- Kənd təsərrüfatına dövlət dəstəyi tədbirlərinin daha da artırılması (subsidiyalar, vergi, lizinq və digər güzəştlər);
- Biznes və investisiya mühitinin köklü şəkildə yaxşılaşdırılması, eləcə də sahibkarlığın, xüsusilə, kiçik və orta sahibkarlıq subyektlərinin inkişafının dəstəklənməsi (qeydiyyat və gömrük rəsmiləşdirilməsinın sadələşdirilməsi, “Xüsusi iqtisadi zonalar haqqında” qanunun qəbulu, vergi yükünün azaldılması, SKMF-inn vəsaitlərinin verilməsi və s.);
- Beynəlxalq Təşkilatların hesabatlarında və Reytinq Agentliklərinin reytinqlərində ölkə üzrə mövqelərin davamlı olaraq yaxşılaşması:
Azərbaycanın Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünü tətbiq edən və namizəd statusuna malik 26 ölkədən tamhüquqlu üzv statusunu almış ilk və yeganə ölkə olması;
Dövlət Neft Fondu Şərqi Avropa və MDB ölkələri dövlət təşkilatları arasında "BMT-nin Dövlət Qulluğu Mükafatı"na layiq görülən birinci dövlət qurumu;
“Standard & Poors” : “Stabil” dən “Pozitiv” ə (BB+);
“Moody’s İnvestor Services” BA;
“Fitch Ratings” BBB-;
Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan “Doing Business 2009” hesabatında Azərbaycan biznes mühitinin yaxşılaşdırılması sahəsində ən islahatçı ölkə elan edilməsi;
“Qlobal Rəqabətlilik Hesabatı”, “Dünya Rəqabət Qabiliyyətliliyi İndeksi”ndə irəliləyişlər;
“Dünya İqtisadi Forumu”: İKT üzrə MDB məkanında 1-ci yer;
İnsan İnkişafı İndeksində əldə edilən nailiyyətlər;
- Qlobal maliyyə-iqtisadi böhrana qarşı dayanıqlılıq;
- Azərbaycanın iqtisadi sahədə keçid dövrünü başa vurması;
- Neft-qaz və alternativ enerjinin ixracı ilə bağlı müqavilələrin imzalanması;
- “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”nin hazırlanması və icrası;
- “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın qəbulu;
- “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiqi;
- “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının qəbulu;
- “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in qəbul edilməsi;
- Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın yaradılması və bu istiqamətdə ardıcıl işlərin görülməsi;
- “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi;
- Ərazi bütövlüyünün bərpa edilməsi və yeni təbii-iqtisadi resurs mənbələrinə çıxışın təmin olunması;
- İqtisadi rayonlaşmaya dair yeni yanaşmanın tətbiqi;
- İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı tədbirlər planının qəbul edilməsi;
- “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın qəbulu və s...
Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etməsinin 20 illini əhatə edən 2003-2023-cü illərin sosial-iqtisadi mənzərəsini, konkret rəqəmlərlə, aşağıdakı kimi təsvir etmək olar :
Göründüyü kimi, 20 il ərzində real ÜDM 3.6 dəfə artıb ki, bu adambaşına düşən ÜDM-də də özünü göstərib. Belə ki, 2003-2023-cü illər ərzində adambaşına düşən ÜDM 872.7 manatdan 12114.5 manata qalxıb ki, bu da real ifadədə 2.9 dəfə artım deməkdir.
Oxşar mənzərə qeyri neft-qaz sektoru üzrə ÜDM-də də təmin edilib:
Qeyri neft-qaz sektoru üzrə ÜDM-in artımı ümumi artım göstəricisinə yaxındır ki, bu da qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlərin bariz nəticəsidir. Baxılan dövrdə ÜDM-in artımı neft-qaz sektoru üzrə 3.6 dəfə, qeyri neft-qaz sektoru üzrə isə 3.5 dəfə olub.
Bu müddət ərzində, özəl sektorun inkişafı, sahibkarlığa dövlət dəstəyinin artırılması nəticəsində iqtisadiyyatda qeyri-dövlət sektorunun payı da üstünlüyünü möhkəmləndirmişdir. Belə ki, 2003-2023-cü illərdə ÜDM-də qeyri-dövlət sektorunun payı 13.2 faiz bəndi artaraq 73.3%-dən 86.5%-ə çatıb. Bu dövrdə strateji valyuta ehtiyatları da nəzərəçarpacaq dərəcədə - 42.8 dəfə artıb ki, bu da həyata keçirilən məqsədyönlü siyasətin nəticəsi kimi, həm də ərazi bütövlüyümüzün təmin olunmasının əsas iqtisadi dayağı kimi qəbul edilə bilər. Baxılan dövrdə Mərkəzi Bankın valyuta ehtiyatları da 14.5 dəfə artaraq 2003-cü ildəki 0.8 milyard dollardan 2023-cü ildə 11.6 milyard dollara çatmışdır. Bu müddətdə əsas kapitala investisiyalar 5.3 dəfə, bütün mənbələrdən iqtisadiyyata cəlb olunmuş investisiyalar 4.0 dəfə, qeyri neft-qaz sektoruna cəlb olunmuş investisiyalar 9.5 dəfə, xarici ticarət dövriyyəsi isə 9.8 dəfə artmışdır. Bütün bunları vizual olaraq aşağıdakı diaqramlardan da görmək mümkündür.
Əldə edilən iqtisadi uğurları, Vətən müharibəsində qazanılan tarixi ZƏFƏR, yeni və zəngin təbii-iqtisadi resurslara çıxış daha da möhkəmləndirməyə və artırmağa imkan verəcəkdir. Azərbaycan Hökumətinin siyasət prioritetləri, milli prioritetləri və dayanıqlı inkişaf məqsədləri potensial imkanlardan daha səmərəli və qənaətlə istifadəni tövsiyə edir. Ölkəmizin yaşıl enerji mənbələrindən istifadə istiqamətində atdığı addımlar, alternativ enerji mənbələrindən istifadəyə yönəlik tədbirlər, Qarabağın yaşıl enerji zonası elan edilməsi, alternativ enerji mənbələrindən yaradılan ixrac imkanları və s. Azərbaycan iqtisadiyyatının daha böyük uğurları üçün ciddi zəmindir. Bütün bunlar “Azərbaycanın dünyaya günəş kimi doğmasında” və “Qarabağın-Şərqi Zəngəzurun cənnətə çevrilməsində” bir bazis, bünövrə olacaqdır.
Aqil Əsədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri, iqtisad elmləri doktoru