Dünya xəbərləri

İran Xarici İşlər Nazirliyinin yüksək səviyyəli nümayəndəsi Abbas Arakçı, İsrailin İranın nüvə obyektlərinə mümkün hücum planlarını tənqid edib.
Crossmedia.az xəbər verir ki, Arakçı İsrailin belə bir addım atmasının ciddi nəticələrə səbəb ola biləcəyini bildirib:“İranın nüvə obyektlərinə hücum böyük səhv olardı. Bizim bu məsələ ilə bağlı mövqeyimiz aydın və dəyişməzdir. İsrail bizim nüvə obyektlərimizə hücum etdiyi an biz eyni şəkildə cavab verəcəyik. Amma İsrailin belə sərsəm addım ata biləcəyini düşünmürəm," - deyə o əlavə edib.

Arakçının açıqlamaları İran və İsrail arasında artan gərginliyin yeni bir mərhələyə qədəm qoyduğu bir vaxtda gəlir. İran rəsmiləri regionda hər hansı bir hərbi müdaxiləyə sərt cavab veriləcəyini dəfələrlə bəyan ediblər.
Mütəxəssislər İsrailin mümkün hücum planlarının Yaxın Şərqdə gərginliyi daha da artıracağına diqqət çəkirlər.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Əli Zülfüqaroğlu İsrailin hazırkı siyasi vəziyyətinə toxunaraq, Baş nazir Benyamin Netanyahunun beynəlxalq və daxili problemlərlə üzləşdiyini bildirib.

Politoloq qeyd edib ki, Beynəlxalq Cinayət Məhkəməsinin Netanyahu haqqında verdiyi həbs qərarı İsrail üçün ciddi diplomatik çətinliklər yaradıb. “Roma Statutunu imzalamış 124 ölkə Netanyahu üçün təhlükəlidir, çünki o, bu ölkələrə səfər edə bilmir. Xüsusilə Avropa dövlətləri və Kanada bu məsələdə sərt mövqe sərgiləyib. Bu qərar İsrail üçün təhlükəli presedent yaradır,” - deyə Zülfüqaroğlu bildirib.

Netanyahunun daxildə də ciddi təzyiqlərlə üzləşdiyini qeyd edən politoloq əlavə edib ki, onun korrupsiya ittihamları və Qəzza əməliyyatlarının uğursuzluğu İsraildə narazılığı artırıb. “Netanyahu, daxili problemlərini ört-basdır etmək üçün İranı təhlükə kimi təqdim etməyə çalışır. Bununla ABŞ-ın dəstəyini alaraq diqqəti daxili məsələlərdən yayındırmağa çalışır. Ancaq bu strategiya indiyədək uğurlu olmayıb,” - deyə politoloq vurğulayıb.

Zülfüqaroğlu əlavə edib ki, İsrail hazırda beynəlxalq təzyiq altındadır və Netanyahu ABŞ-dakı siyasi dəyişikliklərdən faydalanmağa ümid edir: “Netanyahu, keçmiş prezident Donald Trampın hakimiyyətə qayıtmasını gözləyir. Çünki Bayden hökuməti Netanyahu və onun siyasətlərinə qarşı sərt mövqe sərgiləyib. Bu isə İsrailin hərbi və diplomatik təsirini zəiflədir,” - deyə o bildirib.

Politoloq həmçinin qeyd edib ki, Netanyahu haqqında həbs qərarı İsrailin gələcək hərbi əməliyyatlarına və bölgədəki təsir gücünə mənfi təsir göstərə bilər.

Bu kontekstdə, ekspertlər İsrailin İranın nüvə obyektlərinə hücum etməsinin həm siyasi, həm də hərbi baxımdan çətinliklərlə müşayiət olunacağını bildirirlər. Bununla yanaşı, belə bir addımın Yaxın Şərqdə gərginliyi daha da artıracağı ehtimal edilir.

Nihat Tahirov

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il