Elm və təhsil

Mütaliə vərdişi cəmiyyətin mədəni, intellektual səviyyəsinin, dünyagörüşünün inkişafında mühüm rol oynayır. Mütaliə insanın düşünmə qabiliyyətlərini gücləndirir, empatiya qurmaq və tənqidi düşünmək bacarıqlarını artırır.
 
Bu barədə “Qədim Qala” nəşriyyatının direktoru Şöhlət İxtiyaroğlu Crossmedia.az-a danışıb. O bildirib ki, kitab oxuma vərdişinin həyatımızda rolu əvəzsizdir:
 
“İnsan kitab oxuyarkən sanki dünya səyahətinə çıxır, fərqli müəlliflərin gözü ilə fərqli məkanları görür. Bu, insanın analiz qabiliyyətini və müqayisə etmə sürətini artırır. Kitab oxuma insanın ünsiyyət bacarığını yaxşılaşdırır və dünyaya baxışını tamamilə dəyişir. Mütaliə edən insan daha təmkinli və uzaqgörən olur, proseslərdən düzgün nəticə çıxarıb dəqiq qərarlar qəbul edə bilir”.


 
Şöhlət İxtiyaroğlu qeyd edib ki, son illər ölkəmizdə nəşriyyat sahəsi sürətlə inkişaf edir və bu, gənclərin kitab oxumağa qayıtması üçün əlverişli şərait yaradır:
 
“Son illərdə gənclər arasında oxu prosesi genişlənir. Ölkədə müstəqil fəaliyyət göstərən nəşriyyatların sayı artır. Ən əsası, bir neçə il öncə əsası qoyulmuş Azərbaycan Nəşriyyatları Assosiasiyası Gəncə, Naxçıvan, Lənkəran, Sumqayıt və Xırdalan kimi bölgələrdə mütəmadi kitab sərgiləri təşkil edir. Həmçinin Bakı Beynəlxalq Kitab Sərgisi də ölkədə oxu mədəniyyətinin inkişafına mühüm töhfə verir.”
 
Direktor həmçinin qeyd edib ki, Azərbaycan müəlliflərinin əsərləri artıq beynəlxalq səviyyədə yayımlanır:
 
“Qədim Qala” nəşriyyatının müəllifi Rövşən Abdullaoğlunun kitabları təkcə ölkəmizdə deyil, xaricdə də nəşr olunur. Bu, Azərbaycan kitab sənayesinin inkişafında böyük uğurdur”.
 
Şöhlət bəy texnologiyanın inkişafının kitab oxuma vərdişinə mənfi təsir etmədiyini düşünür:
 
“Texnologiya insanın kitab oxuma vərdişini azalda bilməz. Əksinə, texnologiya kitab sahəsində də yeniliklər yaradır. Artıq audiokitablar ölkəmizdə də populyarlaşır. Bu da kitab oxuma mədəniyyətini gücləndirir. Fiziki kitabların aradan qalxması isə hələlik qeyri-mümkündür”.
 
Azərbaycan Dünyada Kitab Sərgilərində
 
Müsahibimiz dünyanın müxtəlif kitab sərgilərində Azərbaycanın uğurla təmsil olunduğundan da bəhs edib:
 
“Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə nümayəndə heyətimiz Almaniyada 76-cı Frankfurt Kitab Sərgisində iştirak etdi. Sərgidə Azərbaycan müəlliflərinin kitablarını təbliğ etdik. Livanın "Arabic Scientific Publishers", Kanadanın “Bookland Press” nəşriyyatlarında çap olunmuş “Bu şəhərdə kimsə yoxdur” kitabımızın təqdimatında olduq. Bir neçə beynəlxalq nəşriyyatla yeni əməkdaşlıqlar qurduq. Rövşən Abdullaoğlunun “Çətin olsa da, həyat davam edir” kitabının müəllif hüquqlarını Filippin nəşriyyatına satdıq. Bu kimi nailiyyətlər Azərbaycan kitab sənayesinin gələcək inkişafından xəbər verir”.
 
Son olaraq Şöhlət bəy əlavə edib ki, kitab oxuma mədəniyyətinin genişlənməsi cəmiyyətin inkişafına birbaşa təsir edir və yaxın gələcəkdə daha çox insanın kitablarla dostlaşacağına inam ifadə edib.
 
Saida Ramazanova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il