İnsan başqa bir dil bilirsə, çoxmədəniyyətli dünyada daha aktiv iştirak edir. Xarici dil öyrənmək yaddaşı və dünyagörüşünü artırır. Xarici dil öyrənmək həyatınızın demək olar ki, hər bir sahəsində uğur qazanmaq imkanını yaradır. Heç kimə sirr deyil ki, xarici dil öyrənmək iş tapmaq şansını artıra bilər. Bundan əlavə, xarici dil bildikdə səyahət etmək daha ucuz və rahat olur. Xarici dil öyrənmək beyninizi inkişaf etdirir və sizi daha açıq fikirli edir. Bəs xarici dil öyrənmək metodları nələrdir?
Mövzu ilə bağlı "Cambridge" Universitetinin "CELTA" sertifikatlı ingilis dili müəllimi Vüqar Məmmədov Crossmedia.az-a açıqlama verib və xarici dil öyrənmək metodlarından danışıb:
“Öncə bilməliyik ki, dil öyrənilməsi və dilin mənimsənilməsi fərqli-fərqli anlayışlardır. Dil əvvəlcədən mənimsənilir. Necə ki, hər bir ölkənin uşağı anadan olandan məktəbə gedənə kimi öz ana dilini mənimsəyir. Hələ yazıb, oxumağı bacarmadan uşaq o dildə başa düşür və danışır.
Bəs bu necə baş verir? Uşaq eşidir və görür. Ata, ana, digər ətrafdan səsləri eşidir, sonra jestləri görür. Beyin bu siqnalları birləşdirərək ortaq bir nöqtəyə gəlib çıxır və məlumat anlaşılır. Qısası, dilin mənimsəməyin bir metodu var, o da dinləmə üzərindəndir. Məktəblərdə isə biz dili öyrənirik: yazmağı, oxumağı, analiz etməyi, cümlə quruluşu, strukturu, qrammatika, mübtəda, xəbər və sairə”.
Ekspert onlayn dil öyrənməyin müsbət və mənfi tərəflərindən söz açıb: “Onlayn dərslərin ən böyük müsbət cəhəti təbii ki, komfortudur. Evdən çıxmırsan, rahat yerində oturursan, yolda vaxt itirmirsən, nəqliyyatda sıxılmırsan. Yəni zaman və məkanda qazanırsan. Mənfi tərəfi üçün texniki nasazlıqları nümunə çəkmək olar: internet problemi, kompüterdə kamera və ya səs görüntüsünün olmaması kimi”.
Vüqar Məmmədov xarici dil öyrənməyə necə başlamalı olduğumuzdan da söz açıb:
“Əvvəl məqsədini təyin etməlisən. Xarici dil öyrənməkdə məqsədin nədir? Bu məqsəd çox güclü olmalıdır. Yəni, “dostum öyrənir, mən də dedim öyrənim” tipli cümlələr kifayət qədər güclü səbəb deyil. Səbəb elə möhtəşəm olmalıdır ki, səni səhər tezdən oyanmağa, axşam isə yatmağa gec getməyə şövq etsin.
Məqsədini və hədəflərini düzgün təyin etdikdən sonra özün araşdırma etməlisən. Bu gün internet demək olar hamı üçün əlçatandır. Araşdır. Sonra ətrafına nəzər sal, xarici dildə uğurlu olan dost-tanışını sorğula, gör neçə nəfərdə fikirlər üst-üstə düşür. Onlar necə uğurlu olublar? Özünə effektiv bir müəllim və ya mentor tap ki, səni düzgün istiqamətdə yönləndirə bilsin, sənə doğru qapını göstərə bilsin. Gerisi sənin motivasiyan və intizamından asılıdır”.
Beynəlxalq ingilis dili müəllimi karyera imkanlarının genişlənməsində xarici dilin əhəmiyyətindən də danışıb:
“Bu gün dil biliyi olmadan irəli getmək çox çətindir. Baxın, ixtisasınıza uyğun əksər lazımi kitablar xarici dildədir. Tərcümələr çox az və dəqiq deyil. Ona görə kitabı orijinaldan oxuyaraq məlumatları düzgün şəkildə əldə edə bilərik. Bu bilgilər bizə karyera yüksəlişində kömək olur. Xarici ölkələrdə yüksək maaşla iş imkanları əldə edirsən, xarici əlaqələr qurursan.
Yekun olaraq söyləsək, xarici dil öyrənmək həm vacibdir, həm də sadədir. Sadəcə doğru istiqaməti bilməli, səbrli və əzmli olmalısan. Bu zaman müsbət nəticənin əldə edilməsi isə qaçılmazdır”.
Bahar Musayeva