Monteneqroda Millətlər Liqasının A Liqasına birbaşa yüksəlmək şansını itirən Türkiyə millisinin baş məşqçisi Vincenzo Montella ilə bağlı federasiya rəhbərliyi tərəfindən iclas keçiriləcək.
Millətlər Liqasının B Liqası 4-cü matçında Monteneqroya 3:1 hesabı ilə məğlubiyyət Türkiyə Futbol Federasiyasını hərəkətə keçirdi. Bu nəticə ilə Türkiyə millisi A Liqasına yüksəlmək fürsətini qaçıraraq yalnız pley-offa vəsiqə qazandı. Komandanın oyunu və mənfi nəticələr Montellaya qarşı tənqidlərin artmasına səbəb olub. Federasiya rəsmilərinin baş məşqçidən hesabat tələb edəcəyi və nəticələrin səbəbini araşdıracağı bildirilir.
50 yaşlı italiyalı çalışdırıcı keçən il Stefan Kuntzun yerinə baş məşqçi təyin edilib. Onun rəhbərliyi altında Türkiyə milli komandası 19 oyunda 9 qələbə, 6 məğlubiyyət və 4 heç-heçə əldə edib, 28 qol vurub, 26 qol buraxıb. Lakin Montellanın hücumçusuz oyuna əsaslanan taktiki yanaşması sərt tənqidlərə məruz qalıb.
Monteneqroya qarşı alınan məğlubiyyət Montellanın baş məşqçi postunu təhlükəyə atıb, komandada dəyişiklik ehtimallarını gündəmə gətirib.
Səbinə Vahidova