Azərbaycan zəngin tarixi, mədəniyyəti və strateji coğrafi mövqeyi ilə həm Qafqaz regionunda, həm də beynəlxalq səviyyədə diqqət mərkəzindədir. Azərbaycan dünya miqyaslı tədbirlərin keçirildiyi, qlobal məsələlərin müzakirə olunduğu və beynəlxalq əməkdaşlığın möhkəmləndiyi bir mərkəzə çevrilib. Bu beynəlxalq konfrans və layihələr dövlətimizin nüfuzunu artırmaqla yanaşı, dünya dövlətlərinin də Azərbaycanı daha yaxından tanımasına şərait yaradır. Prezident İlham Əliyevin hakimiyyətə gəldiyi ilk gündən düşünülmüş və düzgün yürüdülən siyasət bu gün Azərbaycanı beynəlxalq arenada söz sahibi edib. Azərbaycan ərzicə kiçik dövlət olmasına baxmayaraq, dünyanın nüfuzlu təşkilatlarına sədrlik etmişdir.
BMT Təhlükəsizlik Şurasına Sədrlik (2012)
Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın 2012-ci ildə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv kimi seçilməsi və bu quruma sədrlik etməsi tarixi bir hadisə idi. Azərbaycanın müstəqilliyini bərpa etməsindən cəmi 21 il sonra əldə olunan bu uğur, ölkəmizin qlobal siyasətdə fəallığının bariz nümunəsi oldu. Təhlükəsizlik Şurasına sədrlik etdiyi dövrdə Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadı.
Azərbaycan bu tarixi imkandan istifadə edərək ədalət, sülh və beynəlxalq hüquq prinsiplərinə sadiqliyini göstərdi. İlham Əliyev regionda münaqişələrin həlli, terrorizmə qarşı mübarizə və sülhməramlı təşəbbüslərin irəli sürülməsində mühüm mövqe tutaraq Azərbaycanın səs hüququnu, söz haqqını dünya ictimaiyyətinə eşitdirdi.
Qoşulmama Hərəkatına Sədrlik: İlham Əliyevin Beynəlxalq Liderliyi (2019)
Prezident İlham Əliyevin qlobal səviyyədə növbəti diplomatik uğuru 2019-cu ildə Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməsi oldu. Qoşulmama Hərəkatı 120-dən çox ölkəni birləşdirən dünyanın ən böyük beynəlxalq təşkilatlarından biridir və bu təşkilata Azərbaycanın rəhbərlik etməsi böyük siyasi uğur idi. İlham Əliyev bu sədrlik dövründə üzv dövlətlərin maraqlarını müdafiə edərək Azərbaycanın beynəlxalq səviyyədə etibarlı tərəfdaş olduğunu bir daha sübut etdi.
Xüsusilə pandemiya dövründə Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən xüsusi sessiyalar və humanitar yardımlar Azərbaycanın qlobal həmrəylik və ədalət prinsiplərinə sadiqliyini göstərdi. İlham Əliyev həmçinin inkişaf etməkdə olan ölkələrin problemlərini dünya liderlərinin diqqətinə çatdırmaq üçün fəal rol oynadı. Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı gücləndi və bu təşkilatın beynəlxalq arenada təsiri artdı.
COP29: Azərbaycanın Dünya Arenasındakı Mövqeyinin Təsdiqi (2024)
2024-cü ilin noyabr ayında Bakıda keçirilən COP29 iqlim konfransı Azərbaycanın beynəlxalq nüfuzunun daha bir təsdiqi oldu. Konfransda dünyanın 196 dövləti və 72.000 nümayəndə iştirak etdi. Bu, Prezident İlham Əliyevin qlobal səviyyədə qəbul edilən lider kimi çıxış etməsi və Azərbaycanın beynəlxalq əməkdaşlıq mərkəzinə çevrilməsi üçün müstəsna bir imkan yaratdı.
Prezident İlham Əliyev konfransın açılış nitqində iqlim dəyişikliyi ilə mübarizə sahəsindəki nailiyyətlərini və gələcək planlarını vurğuladı. O, çıxışında Ermənistanın uzun müddət davam edən işğalçılıq siyasətinin fəsadlarından, Azərbaycan ərazilərinin işğaldan azad olunmasından və ölkəmizin suverenliyinin bərpasından bəhs edərək bunları beynəlxalq hüquq və BMT Nizamnaməsinə uyğun olaraq həyata keçirdiklərini bildirdi.
Dövlət başçısı COP29 çərçivəsində Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə lider rolunu qeyd edərək, ölkəmizin COP29-dan əvvəl bərpa olunan enerji sahəsində atdığı mühüm addımları vurğuladı. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan yalnız öz enerji potensialını inkişaf etdirməklə kifayətlənmir, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm tərəfdaş kimi çıxış edir.
İlham Əliyev COP29 açılış tədbirində önəmli məsələlərə də toxundu. Azərbaycan-Ermənistan münaqişəsindən və Ermənistanın BMT qətnamələrini heçə saymasından danışarkən qeyd etdi: “30 ilə yaxın Azərbaycanın BMT-də beynəlxalq səviyyədə tanınmış torpaqlarının 20%-nin Ermənistan tərəfindən işğal edilməsinə baxmayaraq və 1 milyona yaxın azərbaycanlının öz yurdundan didərgin salınmasına baxmayaraq biz güclü iqtisadiyyatı olan dövlət qura bildik və müstəqil siyasət həyata keçiririk. Dörd il öncə biz İkinci Qarabağ müharibəsində tarixi qələbəni qeyd etdik və beləliklə biz öz suverenliyimizi bərpa etdik. Bütün bunlar BMT Nizamnaməsinə, beynəlxalq hüquqa və BMT-nin qəbul etdiyi qətnamələrə uyğun oldu. Hansı ki, bu qətnamələr 30 il kağız üzərində qalmışdı və biz bu qətnamələri öz hesabımıza həyata keçirdik”.
Prezident, Azərbaycanın COP29-dan əvvəl iqlim dəyişikliklərinə qarşı atdığı addımlardan da danışıb: “Bizim bərpa olunan enerji üzrə 135 GW quruda və 100 GW-dan artıq dənizdə imkanlarımız var. Ötən il NASA bizim regionumuzda 230 MW-lıq günəş enerjisi stansiyası tikmişdi. Səudiyyə Ərəbistanından olan bir şirkət hazırda külək enerjisi stansiyası tikir və onun gücü 240 MW olacaq. COP29 çərçivəsində BP ilə Birləşmiş Krallıq şirkəti arasında Cəbrayıl rayonunda 240 MW-lıq günəş enerjisi stansiyasının tikilməsi ilə bağlı saziş imzalanacaqdır. Həmçinin biz 10 GW-lıq enerji stansiyalarının açılması üçün sənədlər imzalayacağıq”.
Prezident İlham Əliyev Azərbaycanın Avropaya göstərdiyi yardımdan danışarkən bildirib: “Avropa Komissiyasının prezidenti iki il öncə Bakıya gəlib bizimlə sənəd imzaladı. Çünki onlara bizim qazımız lazım idi və bu, geosiyasi vəziyyətin dəyişməsilə əlaqədar idi. Onların yardımına müsbət cavab verdik və onlara kömək edəcəyimizi dedik. İki il öncə sənəd imzalananda bizdən qaz alan iki Avropa ölkəsi var idi. İndi isə səkkiz ölkədir. Yəni Azərbaycandan qaz alan on ölkədən səkkizi Avropa ölkəsidir. Həmçinin Avropa Komissiyası prezidenti bizdən xahiş edib ki, biz qaz təchizatı sistemini iki dəfə artıraq”.
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dosenti Daşqın Qənbərov Crossmedia.az-a Prezident İlham Əliyevin COP29-un yüksək səviyyədə təşkilindəki müstəsna rolundan, qlobal miqyasda yürütdüyü siyasətin müsbət nəticələrindən danışıb. D.Qənbərov çıxışının əvvəlində bir qədər tarixə ekskurs edib: "Məsələyə bir az geniş şərh verməyi zəruri hesab edirəm. 1993-cü ildə siyasi hakimiyyətə gələn zaman Ümummilli Lider Heydər Əliyevin ilk devizi "Yeni Azərbaycanı qurmaq" oldu. Bu məqsədə çatmaq üçün, ilk növbədə, güclü, dayanıqlı iqtisadiyyata malik, sabit və təhlükəsiz bir dövlət qurulmalı idi. Ümummilli Lider Heydər Əliyev dönəmində bu hədəfə yönəlik görülən işlər və reallaşdırılan layihələr haqqında danışmaq böyük vaxt tələb edir. Düşünürəm ki, uzaq keçmiş olmadığından cəmiyyətimiz bunları yaxşı bilir.
Növbəti mərhələdə ölkə dünyada tanıdılmalı, Azərbaycan xalqının mədəniyyəti, tarixi və ümumi kimliyi bəyan edilməli idi. Hesab edirəm ki, bu məqam müasir dünyada müstəsna əhəmiyyətə malik bir məsələ idi. Etiraf edilməlidir ki, uzun illər ərzində xalqımız müxtəlif imperiyaların tərkibində yaşayıb. Əsasən aqrar region kimi tanınan, təbii sərvətləri talanan bir coğrafiya olaraq xalqımız anti-Azərbaycan mərkəzləri tərəfindən təhrif edilmiş formada təqdim olunub.
Cənab Prezident İlham Əliyev dönəmində isə Ümummilli Liderin əsasını qoyduğu təməllər üzərində Yeni Azərbaycan sürətlə inşa edilməyə davam etdirildi. Azərbaycan xalqının necə yüksək mədəniyyətə, humanizmə, insanpərvərliyə, sülhpərvərliyə, mehribanlığa, etibarlılığa və digər insani keyfiyyətlərə sahib olduğunu dünyaya təqdim etmək lazım idi. Cənab Prezident İlham Əliyevin istər COP29, istərsə də bundan əvvəl həyata keçirdiyi qlobal xarakterli layihələrin təməlində bu məqsəd xüsusi yer tutur. Qoy ingilis, fransız, alman, italyan və digər özlərini sivil xalqlar hesab edən cəmiyyətlər Azərbaycan xalqını yaxından tanısın. Tanıdıqdan sonra, əlbəttə ki, bu nəcib xalqa hörmət etmək vərdişləri formalaşacaq.
Hesab edirəm ki, ölkə başçısı tərəfindən bu və digər qlobal tədbirlərə ev sahibliyi etmək, Azərbaycanın siyasi sabitlik, ictimai asayiş və qayda məkanı kimi dünyaya təqdim edilməsinə yönəlik mühüm bir mesajdır. Məşhur bir atalar sözündə deyildiyi kimi: "100 dəfə eşitməkdənsə, bir dəfə görmək daha effektlidir."
Sonuncu COP29 tədbirində 70 mindən artıq iştirakçı və 3 mindən artıq KİV nümayəndəsi vasitəsilə cənab Prezident dünyanın 198 ölkəsinə xalqımız, tariximiz, mədəniyyətimiz, asayişimiz və iqtisadi inkişafımız haqqında geniş miqyaslı informasiya təqdim etməyi bacardı. Müasir dünyada informasiya ən güclü strateji silah hesab olunur. Cənab Prezident uzun illər ərzində anti-Azərbaycan mərkəzlərinin formalaşdırmağa çalışdığı Azərbaycan və azərbaycanlı obrazını bu "silah" vasitəsilə darmadağın etdi. Əsl Azərbaycanı və azərbaycanlıların kimliyini dünya ictimaiyyətinə çatdırdı.
Dünyada qəbul olunmuş bir formula da var: əgər dövlətin inkişafı vətəndaşının mədəni və intellektual inkişafı ilə paralel gedirsə, həmin dövləti inkişaf etmiş dövlət, xalqını isə sivil cəmiyyət hesab edirlər. Cənab Prezident bu tədbirlər vasitəsilə dünyaya, xüsusən də özlərini sivil cəmiyyət hesab edən toplumlara qarşısıalınmaz və təkzibolunmaz sübutlar təqdim etmək üçün ən mükəmməl platformadan istifadə etməyi bacardı".
Ümumiyyətlə İlham Əliyev beynəlxalq tribunalarda, keçirilən önəmli tədbirlərdə daim fürsətdən istifadə edərək Azərbaycan reallıqlarını, dövlətimizə qarşı olan qərəzli informasiyaları ifşa etmiş və həddini bildirmişdir. COP29 da bu tədbirlərdən oldu ki, Prezident İlham Əliyev 196 dövlətin iştirak etdiyi bu tədbirdə həmişəki kimi önəmli mesajlarını verdi. Həmçinin çıxışında kiçik ada dövlətlərinə yardım səslənişi etdi, Fransa müstəmləkəsindən əziyyət çəkən dövlətlərdən danışaraq Fransanı ifşa etdi. Bu çıxış və orada verilən mesajlar, ümumilikdə COP29-un təşkili, qoyulan hədəflərin reallaşdırılması qlobal sülhə, təhlükəsizliyə növbəti töhfə demək idi.
Ayhan Ağarzayev