Hazırda ölkədə göz rənginin dəyişdirilməsi əməliyyatı edənlərin sayı artmaqdadır. Gözəllik naminə həyata keçirilən bu əməliyyat insan yaşa dolduqca fəsadlarını göstərməyə başlayır. Kerotopiqmentasiya adlanan bu əməliyyat 40-60 dəqiqə ərzində icra olunur və hər iki göz olmaqla 9000 manata başa gəlir.
Ölkədə məşhurlaşan bu prosedurun yarada biləcəyi fəsadlarla bağlı Crossmedia.az Müdafiə Nazirliyi Baş Klinik Hospitalının oftalmoloq cərrahı Rəhman Hüseynovun fikirlərini öyrənib.
O bildirib ki, kerotopiqmentasiyanın fəsadları çox olduğu üçün dünyada təsdiqlənməmiş əməliyyatdır və inkişaf etmiş əksər ölkələrdə qadağan olunan tətbiqdir:
”Bunun səbəbi əməliyyatın olduqca təhlükəli və zərərli olmasıdır.Bu əməliyyatı edən pasiyentlərdə zaman keçdikcə fəsadları ortaya çıxacaq. Məni narahat edən odur ki,həmin pasiyentlərin gələcəkdə gözlərində digər cərrahi əməliyyatlıq xəstəliklər,yəni katarakta,iridektomi,ppv,periferik arqon lazer olduqda cərrahın görmə alanı 50-60 % daraldığı üçün o əməliyyatları uğurlu edə bilməyəcəyik və xəstələr kor olacaqlar”.
Oftalmoloq göz rəngini dəyişmək istəyənlərə bu əməliyyat əvəzinə kontakt linzalardan istifadə etməyi məsləhət görür.
Aysu İmran