Media və QHT

Jurnalistlər cəmiyyətin maarifləndirilməsi prosesində mühüm rol oynayır. Jurnalistlərin hüquqlarının müdafiəsi beynəlxalq və yerli səviyyədə olan ən vacib məsələlərdən biridir. Azərbaycanda jurnalistlərin sosial və hüquqi müdafiəsi sahəsində bəzi inkişaflar müşahidə edilsə də, hələ həllini tapmayan bir çox problemlər də mövcuddur.

Mövzu ilə bağlı Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli Crossmedia.az-a açıqlama verib: “Azərbaycanda jurnalistlərin sosial problemlərinin həlli üzrə xüsusi proqramların tətbiq edilməsi ənənəsi 1990-cı illərdə Ümummilli Lider Heydər Əliyev tərəfindən yaradılıb. Həmin illərdə bazar iqtisadiyyatının şərtlərinə uyğunlaşmağa çalışan media subyektlərinin keçid dövrünü uğurla adlaması üçün dövlət öz yardım əlini uzadıb. Bu kontekstdə mətbuat orqanlarının vergi yükünün azaldılması, qəzet redaksiyalarına kreditlərin ayrılması, qəzetlərin borclarının dövlət vəsaiti hesabına silinməsi, aparıcı KİV-lərə maliyyə yardımı göstərilməsi, o cümlədən jurnalistlər üçün sosial güzəştlərin tətbiq edilməsi kimi addımlar atılıb.

Müşfiq Ələsgərli: "Fakt yoxla" platformalarının özləri yanlış  informasiyalar yaymağa fokuslanıb

2008-ci ildən etibarən bu yanaşma xüsusi proqram halını alıb. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə “Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası” qəbul edilib”. Ekspert bildirib ki, bu konsepsiya ölkədə fikir, söz və məlumat azadlığının inkişafını, KİV-lərin müstəqilliyinin dəstəklənməsini, redaksiyalara yardım mexanizminin təkmilləşdirilməsini, informasiya sektorunda yeni kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırıb. O cümlədən jurnalistlərin sosial rifah halının yüksəlməsinə şərait yaradıb.

Dövlətin informasiya sektoruna yönəlik dəstək siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə media müstəvisində fərd, cəmiyyət və dövlətin maraqlarının tarazlaşdırılması təmin edilib. Media cəmiyyətin obyektiv məlumatlandırılması funksiyasını səmərəli şəkildə yerinə yetirə bilir. Azərbaycanda media sektoruna yönəlik dəstək siyasətinin mühüm bir özəlliyi də budur ki, media subyektlərinin və jurnalistlərin müstəqilliyi qorunur, onların fəaliyyətinə hər hansı kənar müdaxilə istisna edilir. KİV-lərin inkişafına yönəlik dövlət dəstəyi qanunçuluq, məsuliyyət və şəffaflıq prinsipinə söykənir.

Müşfiq Ələsgərli Media Reyestrinin tətbiq edilməsi məsələsinə xüsusi toxunub: “Prezident İlham Əliyevin 12 yanvar 2021-ci ildə “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalamasından sonra bu sektorda yeniləşdirmə xüsusilə vüsət alıb. İslahatlar dalğası media sektorunun bütün sahələri kimi, KİV-ə dəstək proqramlarını da əhatə edib. Fərmana uyğun olaraq, ölkədə media qanunvericiliyi yeniləşdirilib.

2022-ci ildə “Media haqqında” Qanun qəbul edilib, həmçinin Media Reyestri yaradılıb. Media Reyestrinin tətbiq edilməsi həm media subyektlərinin, həm də jurnalistlərin kəmiyyətini müəyyənləşdirməyə imkan verir. Bu aydınlaşma öz növbəsində media subyektləri və jurnalistlər üçün sosial layihələrin həyata keçirilməsini asanlaşdırır. Sosial proqramların hüquqi-iqtisadi əsaslandırılmasına şərait yaradır.

Təsadüfi deyil ki, yeni qanunun qəbul edilməsindən və Media Reyestrinin yaradılmasından sonra jurnalistlər və media subyektləri üçün yeni güzəştlər, imtiyazlar müəyyənləşdirilib. Azərbaycan Prezidenti ipoteka qanunvericiliyinə edilən dəyişiklikləri təsdiqləyərək, jurnalistlərin güzəştli ipoteka kreditindən istifadə etmək hüququnu təsdiqləyib”.

Ekspert jurnalistlərin sosial durumlarının yaxşılaşdırılmasına yönəlmiş yeni bir təklifdən də söz açıb: “İndi isə jurnalistlərin sosial durumlarının yaxşılaşdırılmasına yönəlmiş yeni bir təklif gündəmə gətirilib. Yeni təklifə əsasən, jurnalist fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirlərin 75 faizinin gəlir vergisindən azad edilməsini nəzərdə tutan qanun layihəsi müzakirəyə təqdim edilib. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik jurnalist fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirlərin 75 faizinin hər hansı şərt tətbiq edilmədən gəlir vergisindən azad edilməsini nəzərdə tutur.

Vergi Məcəlləsi üzrə nəzərdə tutulan bu təklif onu göstərir ki, dövlətimiz media sektorunun inkişafını daimi olaraq diqqət mərkəzində saxlayır və jurnalistlərin sosial rifah halının artırılması üçün öz səylərini davam etdirir”.

Müşfiq Ələsgərli əlavə edib ki, bu məqamda başqa bir amil ortaya çıxır. Yəni, dövlət jurnalistlərin sosial rifah halının yüksəldilməsi üçün proqramlar qəbul edir, qanunlar bu güzəştlərə təminat verir. Amma jurnalistlərin sosial durumu təkcə bu faktorlardan ibarət deyil. Jurnalistlərin sosial hüquqlarının qorunması üzrə mexanizmlərin mövcud olması da vacib şərtlər sırasındadır. Bunun üçün ən yaxşı mexanizmlərdən biri jurnalist təşkilatlarının fəaliyyətidir.

Jurnalist təşkilatları jurnalistlərin həm peşə hüquqlarını, həm əmək hüquqlarını, yəni sosial haqlarını qoruyub müdafiə etməli olan təsisatlardır. Əlamətdar haldır ki, bu gün Azərbaycanda yetərli sayda jurnalist təşkilatları mövcuddur. Bunların sayı 30-dan çoxdur. Onların aktiv fəaliyyət göstərməsi jurnalistlər üçün ən vacib elementlərdən biridir.

Bahar Musayeva

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il