Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Dəyişikliyə əsasən, yaşayış sahəsinə ehtiyacı olan şəhid ailəsi üzvünün vəfat etməsi və ya yaşayış sahəsinə ehtiyacı olan şəxsə sonradan şəhid statusu verilməsi halında, həmin şəxs üçün nəzərdə tutulmuş uçot onun ailə üzvləri üçün Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada saxlanacaq.
Ölkəmizdə şəhidlərin xatirəsini əbədiləşdirmək və ailələrinə göstərilən dəstəyi artırmaq məqsədilə bir sıra mühüm dəyişikliklər və çalışmalar da həyata keçirilir.
Mövzu ilə bağlı Vətən müharibəsi qəhrəmanı şəhid mayor Vüsal Vəliyevin qardaşı, fəlsəfə doktoru Elyar İslamoğlu Crossmedia.az-a açıqlamasında bildirib:
“İndiyədək şəhid ailələrinin mənzillə təmin olunmasında problemlər yaşanırdı. Çünki daha əvvvəl şəhidin varisi vəfat etdikdən sonra onun ailəsi mənzillə təmin edilmirdi. Amma qərara dəyişiklik gələcəkdə mənzil növbəsində olan şəhid ailələrinin hamısının mənzillə təmin edilməsinə şərait yaradacaq. Bu da mənzil şəraiti yaxşı olmayan ailələrin də güzəştlərdən istifadə edə bilməsi deməkdir.
Amma güzəştlər tək bununla da bitməməlidir. Şəhid ailələrinə işıq, qaz, su və digər kommunal xidmətlərdə güzəşt olmalıdır. Müharibədən sonra hətta qaz və işıqdakı limitə görə də şəhid ailələrinə güzəşt edilmir. Bu məsələlər də artıq həllini tapmalıdır”.
Samirə Şərif