Siyasi

Tatarıstan Respublikası. XX əsrin 80-ci illərində Rusiya Federasiyasının tərkibindəki bir sıra türk respublikalarında da müəyyən canlanma müşahidə olunurdu. Bu dövrdə Rusiya Federasiyasında 21 muxtar respublikadan 7-sini (Tatarıstan, Başqırdıstan, Çuvaşiya, Yakutiya, Altay, Xakasiya və Tuva) türk respublikaları təşkil edirdi. Bundan əlavə, Kabardin-Balkar və Qaraçay-çərkəz respublikalarında da türklər respublikaların qurucuları hesab olunur. Respublikalar içərisində siyasi və iqtisadi baxımdan ən güclüsü, şübhəsiz, Tatarıstan Respublikasıdır. 1991-ci ilə qədər Tatarıstan mövcud olan konstitusiyaları və 1986-cı ildən sonra yaradılan mədəniyyət evləri ilə diqqət çəkirdi.

M.Qorbaçovun yenidənqurma, aşkarlıq və demokratikləşdirmə prinsiplərindən tatarlar da bəhrənirdilər. Bu dövrdə yaranmış Tatar İctimai Mərkəzi 1989-cu ilin fevralın 17-18-də Kamal Akademik Teatrında ilk iclasını keçirmişdi. Burada bir sıra qərarlar qəbul edilmişdir:

1. Tatarıstan suveren dövlət olmalı; 
2. Tatarıstan SSRİ-də digər respublikalarla bərabər hüquqlara malik olmalı; 
3. Tatarıstanlı fəallar sovet dövlətlərinin mərkəzi təşkilatlarında da təmsil olunmalı; 
4. Ölkə iqtisadi cəhətdən dominant olmalı; 
5. Ölkə xaricindəki tatarlarla da əlaqələr qurulmalı; 
6. Tatar məktəbləri açılmalı və ibtidai siniflərdə ana dili tədris edilməli;
7. Dini etiqad azadlığı təmin edilməli; 
8. Krım tatarları öz vətənlərinə qaytarılmalıdır.

1990-cı il avqustun 30-da Tatarıstan MSSR Ali Soveti respublikanın statusunu dəyişdirdi və Tatarıstan MSSR-nin dövlət suverenliyi haqqında Bəyannamə qəbul etdi. Bununla tatarlar ölkənin suverenliyini və Sovetlər Birliyinin 16-cı respublikasını elan etdilər.

1991-ci il fevralın 17–20-də Tatar İctimai Mərkəzinin ikinci iclası keçirildi. Burada hökumət üzvlərinin müstəqilliklə bağlı hər hansı bir ciddi addımlar atılmayacağına dair fikirlər dolaşdığından İttifaq-Tatar Beysizlik (İstiqlal) Partiyasının təşəbbüsü ilə Tatar Milli Konqresi çağırıldı. 1991-ci il iyunun 12-də ölkə ərazisində prezident seçkiləri keçirildi. Milli Məclisi təsis edən Tatar Milli Konqresi Alyans-Tatar İstiqlal Partiyasının təşəbbüsü ilə toplanaraq 1 fevral 1992-ci ildə Tatarıstanın müstəqilliyini elan etdi. Rusiyanın bütün maneə və təhdidlərinə baxmayaraq, 1992-ci ilin martın 21-də keçirilən referendumda iştirak edən seçicilərin sayı 80%-i keçmiş, onların 61,5%-i müstəqilliyin lehinə səs vermişdir.

Referendumla Tatarıstan Respublikasının dövlət statusu müəyyən edildi. Referendumdan sonra Tatarıstan 31 mart 1992-ci ildə Rusiya Federasiyası müqaviləsini hüquqlarını məhdudlaşdırdığı üçün imzalamaqdan imtina etmişdir.

19–21 iyun 1992-ci ildə Ümumdünya Tatarları Konqresi çağırıldı. Dünyanın müxtəlif yerlərindən konqresə qatılmış tatar türklərinin müxtəlif problemləri gündəmə gətirilmişdir. Konqres yayınladığı Bəyannamə ilə dünya ictimaiyyətindən rəsmi olaraq tanınmasını tələb etmişdir.

1992-сi ildə qəbul edilən yeni Konstitusiyaya görə Tatarıstanda prezidentlik ins¬titutu qəbul edilmiş və Mintimir Şaymiyev ilk prezident seçilmişdir. Ancaq Moskvadan edilən təzyiqlər qarşısında 15 fevral 1994-cü ildə Qazan Moskva ilə “Səlahiyətlərin bölüşdürülməsi haqqında Saziş”i imzalamaq məcburiyyətində qalmışdır. Bu müqavilə ilə Tatarıstan daxili siyasətdə geniş səlahiyyətlər, yarandığı vaxtda digər bölgələrə tanınmış maliyyə və iqtisadi imtiyazlar əldə etmiş, müstəqil olaraq xarici iqtisadi əlaqələri idarəetmə və beynəlxalq təşkilatların fəaliyyətində iş¬tirak etmək hüququ qazanmış oldu. Nəticədə, 26 dekabr 1991-ci ildə Tatarıstan parlamenti Müstəqil Dövlətlər Birliyinə (MDB) təsisçi kimi qoşulduğunu elan etdi.

1998-ci ildə “Tatarıstan vətəndaşlığı haqqında” Qanun qəbul edildi. Qanuna  müvafiq olaraq Tatarıstanda yaşayanlar Tatarıstan vətəndaşı kimi vəsiqə qazanacaq və avtomatik olaraq Rusiya Federasiyası vətəndaşlığını qazanacaqdılar.

Yaşıl, ağ və qırmızı rənglərdən ibarət olan dövlət bayrağı 1991-ci ildə Tatarıstan parlamenti tərəfindən qəbul edilmişdir. 1992-ci ildə Tatarıstan dövlət gerbi Tatarıstan parlamenti tərəfindən qəbul təsdiq edilmişdir. Tatarların mifoloji əsərlərindən ilhamlanaraq hazırlanmış gerbdə İdil bulqarlarının əşyalarında da tez-tez rast gəlinən azadlıqsevər heyvan olan qanadlı bəbir təsvir edilmişdir. Bayrağın rənglərində hazırlanan gerbdəki bəbir təsviri cümhuriyyətin və onun xalqının müdafiəsini simvolizə edir.

Tatarıstan ərazisi 68 min kv. km., əhalisi 4 milyon nəfərdən ibarətdir. Əhalisinin 54%-ni tatarlar, 40%-ni ruslar, 3%-ni çuvaşlar formalaşdırır. Dünyada 8 milyon tatarın yaşadığı təxmin edilməkdədir. Tatarıstan əhalisinin 70%-i Tatarıstan xaricində yaşamaqdadır. Tatarıstan əhalisinin 72%-i şəhərlərdə yaşayır. Respublikanın paytaxtı olan Kazan 1,177 min əhalisi ilə Rusiya Federasiyasının altıncı ən böyük şəhəridir. Kazan bütün Rusiyanın ən önəmli elm, mədəniyyət, sənətkarlıq, idman mərkəzlərinin önündə gəlməkdədir.

Tatarıstan Rusiya Federasiyasının iqtisadi baxımdan ən inkişaf etmiş bölgələrindən biridir. Tatarıstan iqtisadiyyatı ixrac baxımından ölkə üzrə altıncı sırada yer almaqdadır. Tatarıstanın ən böyük təbii ehtiyatı neft və təbii qaz yataqlarıdır. Ölkənin digər zəngin qaynağını kimya və neft-kimya sənayesi təşkil edir. Ən zəngin neft yataqları ölkənin cənub və cənub-şərqində yerləşir. Təxminən 1 milyard ton neft ehtiyatına malik olduğu güman edilən Tatarıstanda ildə təxminən 30 milyon ton neft hasil edilir. Bunun 28%-i burada istifadə edilməkdə, qalanı isə Rusiyanın müxtəlif bölgələrində işlədilməkdə və xaricə ixrac edilməkdədir. Tatarıstanın ən böyük neft şirkəti “Tatneft”dir. “Tatneft” Tunis, Mərakeş, Qazaxıstan, Özbəkistan, Liviya kimi ölkələrdə də neft və qaz axtarışları aparma və çıxartma fəaliyyətlərində iştirak edir. Təbii qaz ixracı da Tatarıstan iqtisadiyyatında mühüm yer tutmaqdadır. Tatarıstan kömür və arduvaz (qiymətli təbii daş)  kimi yeraltı qaynaqlara da sahibdir.

Tatarıstanın kənd təsərrüfatı və heyvandarlıq sektoru da çox inkişaf etmişdir. Tatarıstan kənd təsərrüfatı məhsullarının ixracı mövzusunda Rusiyanın üçüncü böyük ölkəsidir. Kənd təsərrüfatı istehsalı üçün 4,5 milyon hektar torpaq ayrılmışdır. Respublikada daha çox taxıl, pomidor, şəkər çuğunduru və ay çiçəyi yetişdirilməkdədir.

Avtomobil sənayesi ilə yanaşı, hərbi texnologiya sənayesi də Tatarıstanda inkişaf etdirilmişdir. Kamaz adlı dünyaca məşhur maşınlarla yanaşı, ölkə xaricinə ixrac edilən bəzi helikopterlər Tatarıstanda istehsal olunmaqdadır. Helikopterlər 100-dən çox ölkəyə satılmışdır.

2005-ci ildə Rusiya Federasiyası hökuməti ölkədə ixracın həcmini artırmaq məqsədilə bir çox sahədə (sənaye, turizm, innovasiya və s.) özəl iqtisadi mərkəzlər formalaşdırmışdır. Sənaye sahəsindəki iki özəl iqtisadi sahədən biri 2007-ci ildə Tatarıstanın Elabuga şəhərində fəaliyyətə başlamışdır. Tatarıstanın iqtisadi inkişafının səbəbi isə sənayenin inkişaf etməsi və coğrafi baxımdan əlverişli ticarət yollarına sahib olmasıdır.
Göründüyü kimi, 85 fərqli federasiya vahidindən ibarət olan Rusiya Federasiyası özünəxas mərkəzi -yerli hakimiyyət arasındakı əlaqə mexanizmindən istifadə edir. Rusiyanı dünyada digər federasiyalardan fərqli edən onun federal sistemi, həm siyasi, həm də iqtisadi cəhətdən assimmetrikliyidir. Bu qeyri-bərabər və bənzərsiz quruluşun təməli 1991-ci ildə Sovet ittifaqının süqutu ilə birlikdə rus hakimiyyətində və xüsusilə də yerli hakimiyyətlərdə ortaya çıxan islahat prosesində atılmışdır. 2000-ci ildə Rusiya Federasiyası dövlət başçısı olaraq seçilən Vladimir Putin sələfi olan Boris Yeltsin dövründə başladılan və əsas səlahiyyətləri mərkəzi hökumətdən yerli hakimiyyətə təhvil verən idarəetmə islahatlarının əksinə federal sistemi mərkəzləşdirmə məqsədi ilə yeni idarəetmə islahatları tətbiq etməyə başlamışdır. 2018-ci ildə keçirilən dil islahatı Rusiyanın qeyd olunan mərkəzləşdirmə siyasətinin bir parçası olaraq görülür. 
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin hakimiyyəti dövründə RF-nə aid ölkələrin dövlət başçılarının xalq tərəfindən seçilməsinə son qoyularaq müstəqil respublikaların parlamentlərinin seçdiyi namizədin mərkəz tərəfindən təyini sisteminə keçildi. Beləcə, təxminən 20 ildir Tatarıstan Respublikasının Prezidenti vəzifəsini icra edən Mintemir Şaymiyev 2010-ci ildə öz istəyi ilə vəzifəsindən imtina etdi və yerinə Tatarıstan parlamenti tərəfindən seçilən Rüstəm Minnixanov gətirildi.  

Başqırdıstan Respublikası. 1990-cı ildə Başqırdıstan Məclisində hakimiyyətə gələn Murtaza Rəhimov ölkənin müstəqilliyi istiqamətində mühüm addımlar atdı. Belə ki, Başqırdıstan Ali Soveti 1990-cı ilin oktyabrın 11-də respublikanın dövlət suverenliyi haqqında Bəyannamə qəbul etdi. Müstəqillik Bəyannaməsinə əsasən, Başqırdıstanın bütün torpaqları, o cümlədən yeraltı və yerüstü sərvətləri bölgədə yaşayan əhalinin mülkiyyəti hesab olundu. Bu Bəyannamə ilə paralel qəbul edilmiş Konstitusiya (1993) və hüquq sistemində bəzi imtiyazlı əyalətlər istisna olmaqla, bütün əyalətlər üzərində federal qanun kontekstində üstünlük əldə edilmişdir. Eyni zamanda, dövlətin rəsmi adı rus dilindən ori¬jinal adı Başqırdıstanla əvəzlənmişdi. 1992-ci il fevralın 25-dən Başqırdıstan MSSR Başqırdıstan Respublikası adlanmağa başlandı. 1994-cü ildə Rusiya ilə bağlanmış digər müqavilə ilə Başqırdıstan sərhədləri daxilində təbii sərvətlərin idarə edilməsi hüququnu əldə etdi və neft, kimya və bir sıra mühüm zavodlara nəzarəti təmin etdi.

Murtaza Rəhimov 1993-cü ilin dekabrında Başqırdıstan Respublikasının Prezidenti təyin edildi və 2010-cu ildə istefa verənə qədər bu vəzifəni yerinə yetirdi. İstefadan sonra 15 iyul 2010-cu il tarixli sərəncamla Rüstəm Həmitov prezident vəzifəsinə təyin edildi. Həmitov vəzifəyə gələn kimi Rəhimovun komandasını istefaya göndərdi. Rəhimovun millətçi siyasətindən fərqli siyasət həyata keçirən Həmitov Rusiya ilə münasibətləri pozmamağa çalışır. Millətçilər isə müstəqillik naminə partiya və təşkilatlar yaradıb fəal şəkildə mübarizələrini davam etdirməkdədirlər. Bu təşkilatlardan ən önəmliləri “Başqırd Çağ Alyansı”, “Başqırd Milli Firqə Partiyası”, “Başqırd Qadınlar Alyansı”, “Başqırd Gəncləri Birliyi”dir. 
Başqırdıstan təbii sərvətlərlə zəngin bir coğrafiyada yerləşir. Ölkədə enerji, kimya və mexanika sənayesi yüksək inkişaf etmişdir. Lakin gəlirlərinin böyük əksəriyyəti Rusiya Federasiyasının mərkəzi büdcəsinə getməkdədir. RF-nin İşimbay-Ufa neft kəməri və İşimbay-Maqnitoqorsk təbii qaz kəmərləri Başqırdıstan ərazisindən keçməkdədir.  

Dağlıq Altay Respublikası. 1991-ci ildə digər türk subyekti olan Altay coğrafiyası iki hissəyə bölündü. Bu qədim türk yurdunun bir hissəsi Altay ölkəsi (ərazisi 267 85 min kv. km, əhalisi 2 milyon 508 min nəfər) adlandırıldı. Bu ərazi müstəqil subyekt kimi Rusiyanın tərkibinə daxil edildi. Həmin ərazidə hazırda bir nəfər də olsun Altay türkü yaşamır. Ərazinin digər hissəsində Altay Respublikası (ərazisi 92 902 min kv.km.) təşkil edildi. Bu ərazidə isə əhalinin 45-50 faizini Altay türkləri, təxminən 7-10 faizini qazaxlar təşkil edirlər. 1991-ci ildən etibarən ərazidə Dağlıq Altay Muxtar Sovet Sosialist Respublikası yaradılmışdır. 1992-ci ilin fevral ayından RF-nin tərkibində Dağlıq Altay Respublikası adlandırılmış, həmin ilin may ayından indiki adı qəbul edilmişdir. Altay Respublikasının yaradılmasında “Altay Xalq Cəbhəsi” təşkilatının mühüm rolu olmuşdur.

Xakasiya Respublikası. 1980-ci illərin sonlarına doğru Cənubi Sibir türkləri də fəal mübarizəyə qoşuldular. Rusiyanın ikinci böyük şəhəri olan Sankt-Peterburqda altaylar, xakaslar və şorlar Sibir Mədəniyyət Mərkəzinin əsasını qoydular. Bu mədəniyyət ocağının qurulmasında xüsusilə xakas ziyalılarının mühüm rolu olmuşdur. Onların məqsədi Altay, xakas və şor türklərinin tarixi birliyini dirçəltmək idi. Bu qrupun üzvləri arasında Rusiya daxilində suveren hüquqlarını müdafiə edənlərlə yanaşı, bu ölkəni tərk etmək istəyən radikallar da vardır. 

1988-ci ildə xakas millətçiləri tərəfindən aparıcı təşkilatlardan olan “Tun təşkilatı” təsis edili. Müstəqillik uğrunda mübarizə aparan təşkilatın öncülləri ziyalılar idi. Milli kimliyə sahib olmağa çalışan təşkilat 1990-cı ildə Xakas Xalq Konqresini təsis etdi. Bu qurultayda Xakas Muxtar Vilayətinin muxtar respublikaya çevrilməsi qərara alındı. 1991-ci il iyunun 3-də Rusiya Ali Məclisinin qərarı ilə Rusiyanın tərkibində Xakas Muxtar Respublikası yaradıldı.

Göründüyü kimi, SSRİ-nun süqutundan keçən 30 ildən artıq müddət ərzində Rusiya Federasiyasının subyektləri olaraq türk respublikalarında müəyyən siyasi və inzibati dəyişikliklər həyata keçirilmiş, onların siyasi suverenliyinə dair müəyyən məhdudiyyətlər tətbiq edilmişdir.     

Taleh Cəfərov
ADPU-nun Ümumi Tarix və tarixin tədrisi texnologiyası kafedrasının dosent əvəzi, tarix üzrə fəlsəfə doktoru

 

 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il