"Depressiya insanın emosional, fiziki və zehni vəziyyətinə mənfi təsir göstərən, uzun müddət davam edən psixoloji pozuntudur".
Bu sözləri Crossmedia.az-a açıqlamasında psixoloq Elnur Rüstəmov deyib. O qeyd edib ki, bu pozuntu insanın gündəlik fəaliyyətinə, iş qabiliyyətinə, sosial münasibətlərinə və ümumi həyat keyfiyyətinə ciddi mənfi təsir göstərir.
Psixoloq depressiyanın əsas əlamətlərini açıqlayıb:
"Depressiyanın əsas əlamətləri kimi daimi kədər və emosional boşluq hissi, əhvalın pozulması, yemək problemi, enerji çatışmamazlığı, yuxu problemi, diqqət yayınıqlığı, intihar düşüncələri və s. göstərilir.
Depressiyadan əziyyət çəkən insanlarda həyata qarşı maraq və sevinc hissinin itməsilə müşahidə olunan uzun müddətli melanxoliya müşahidə edilir. Eyni zamanda daim özünü yorğun və gücsüz hiss etmək, həddindən artıq yatmaq və ya yuxu çatışmazlığı (insomniya), həddindən artıq yemək və ya iştahın azalması nəticəsində çəki dəyişikliyi müşahidə edilir. Digər tərəfdən depressiyada olan insanlarda biz düşünmə prosesində ləngimə, qərar verməkdə çətinlik çəkməyi müşahidə edirik"
Elnur Rüstəmov depressiyanın digər forması olan "maskalanmış depressiya"dan danışıb:
"Depressiyanın bir forması da maskalanmış depressiyadır ki, günümüzdə bundan əziyyət çəkən insanlarımız da az deyil. Belə ki, maskalanmış depressiya (və ya somatik depressiya) — daha çox fiziki simptomlarla (somatik əlamətlərlə) özünü büruzə verən bir depressiya növüdür. Bu vəziyyətdə insan, əhval pozğunluğu, kədər və ya boşluq hissləri əvəzinə müxtəlif bədən ağrıları və digər fiziki narahatlıqlar yaşayır. Çox zaman bu insanlar emosional problemlərini dərk etmirlər və ya qəbul etmirlər, bu səbəbdən depressiya fiziki simptomlarla "maskalanır"
Maskalanmış depressiyanın əlamətləri kimi xroniki ağrılar – baş ağrıları, əzələ və oynaq ağrıları, sinə və ya mədə ağrıları, səbəbi məlum olmayan bədən ağrıları qeyd edilir. Eyni zamanda maskalanmış depressiyadan əziyyət çəkənlərdə cinsi istəksizlik– cinsi marağın və istəyin azalması, həzmsizlik və mədə-bağırsaq problemləri – mədə ağrıları, ürəkbulanma və ya həzmsizlik kimi simptomlar. Ürək döyüntüsünün sürətlənməsi, sinə sıxılması kimi simptomlar müşahidə edilir"
Psixoloq depressiyanın müalicə üsullarından da danışıb:
"Depressiyanın müalicə üsulu kimi psixoterapiya, müdikamentoz müalicə, həyat tərzində dəyişiklik, qrup terapiya qeyd edilir.
Əgər insan səbəbsiz yerə əhvalın pisləşməsini müşahidə edirsə və bu hal 2 həftə davam edirsə, çox yaxşı olardı ki, bununla bağlı psixoloji yoxlanışda olsun. Bütün digər psixoloji problem kimi depressiyanın da sağalmasında erkən müdaxilə vacibdir. Depressiya insanın həyat keyfiyyətinə mənfi təsir göstərən psixoloji problemlərdən biridir".
Aysel Ağakərimova