Bəşəriyyətin bəlası, başqa sözlə “Ağ ölüm” adlandırılan narkomaniya insan həyatını məhv etməyə və onu canlı ölüyə çevirməyə davam edir. Ölkəmizdə isə 2024-cü ilin yanvar-oktyabr aylarında narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 8108 cinayət faktı aşkarlanıb. Narkomaniyanın qarşısını almaq və bu mübarizədə uğurlu nəticələr əldə etmək üçün hansı tədbirlərin görülməsi zəruridir?
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən narkoekspert Emil Maqalov qeyd edib ki, kompleks əməliyyat-axtarış tədbirləri dedikdə yalnız polis deyil, digər aidiyyəti qurumlar da nəzərdə tutulur:
“Dövlət Sərhəd Xidməti bu mövzuda tədbirlər keçirir və narkokuryerlərin tutulması ilə bağlı təcrübələrini bölüşür. Görünür ki, bu məsələdə təkcə polisin deyil, digər aidiyyəti qurumların da böyük rolu var. İranla sərhəddə olmağımıza baxmayaraq, narkomaniya sahəsində vəziyyətimiz Dağıstan, Türkiyə, Gürcüstan, İran, Ermənistan və digər ətraf ölkələrdən qat-qat yaxşıdır. İran bir neçə il əvvəl işğal olunmuş torpaqlarda ermənilərin vasitəçiliyi ilə narkotik istehsalı ilə məşğul olub. Sərhəd Xidməti və digər aidiyyəti qurumlarla əməkdaşlıq üçün Avropadan gələn nümayəndələr də narkotiklə mübarizədə uğurlarımızı yüksək qiymətləndirirlər. Çünki narkomaniyanın qarşısını almaq çox ciddi və çətin bir məsələdir.”
Narkoekspert narkomaniya ilə bağlı qanunlardakı boşluqlara da toxunub:
“Düşünürəm ki, 30 qram və ya 30 kiloqram narkotiklə tutulanlar arasında fərqliliklərə diqqət edilməlidir. Bundan əlavə, narkotiklə mübarizə aparan bütün qurumların sosial vəziyyətinə də diqqət yetirilməlidir. Məktəblərdə keçirilən tədbirlər də narkomaniyaya qarşı mübarizədə mühüm rol oynayır. Lakin bu tədbirlərin 70%-i sadəcə kağız üzərində sənədləşdirilmiş şəkildə həyata keçirilir. Əksər hallarda bu tədbirlərə narkomaniya ilə heç bir əlaqəsi olmayan, tərbiyəli gənclər cəlb olunur. Tədbirlərdə elmi və tibbi terminlərin çox işlədilməsi yeniyetmələr üçün mahiyyətin anlaşılmasını çətinləşdirir. Gənclər, xüsusilə də narkomaniyaya meyilli olanlar, sadə və anlaşıqlı dildə məlumatlandırılmalıdır.”
E. Maqalov, eyni zamanda, məktəblərdəki direktor müavinləri və psixoloqların da məsuliyyət daşıdığını vurğulayıb:
“Psixoloqların vəziyyəti çox acınacaqlıdır. Onların bu mövzuda kifayət qədər məlumatı yoxdur. Narkomaniyaya meyilli gənc aşkarlandıqda nə etməli olduqlarını bilmirlər. İkinci bir həll yolu isə qeyri-hökumət təşkilatlarına (QHT) normal maliyyə ayrılmasıdır. Bu maliyyə hesabına lazımi tədbirlər həyata keçirilə bilər. Hazırda QHT-lərə ayrılan maliyyə çox aşağı olduğu üçün onların fəallığı məhduddur.”
Gülay Məmmədova