Qorxu, insanın və digər canlıların təhlükəyə qarşı təbii reaksiya göstərməsidir. Fobiya isə qorxunun psixoloji halıdır. Fobiya, müəyyən vəziyyətlərə və ya insanlara qarşı güclü qorxu hissi ilə xarakterizə olunur. Fobiya və qorxu arasında ən böyük fərq, fobiyanın anormal bir şəkildə baş tutmasıdır. Qorxu isə təhlükə qarşısında normal bir reaksiya hesab olunur.
Mövzu ilə bağlı psixoloq Sibel Piriyeva Crossmedia.az-a açıqlama verib:
“İnsan emosional varlıqdır və bütün emosiyalarını yaşaması normaldır. Onlardan biri də qorxudur. İnsanın qorxunu normal dərəcədə yaşaması onu təhlükələrdən qoruyur. Əgər qorxunun dərəcəsi normanı keçərsə, bu fobiyaya çevrilir. Fobiyanın yaranmasının ən böyük səbəblərindən biri ölüm qorxusudur. Fobiyada qorxudan fərqli olaraq insanlar daha çox özlərinin xəsarət alacağını, zədələnəcəyini, özünə ziyan dəyəcəyi vəziyyətin yaranacağını düşünürlər. Bu situasiyada insan qaçış, donma, mübarizə aparmaq davranışlarını göstərir. Fizioloji reaksiya olaraq isə insanda ürək döyüntüləri artır, əlləri və bədəni tərləyir, əsir, təngə nəfəsilik yaranır. Fobiyaların müxtəlif növləri vardır: klaustrofobiya, heyvan fobiyaları, agorafobiya, qaranlıqdan qorxmaq, yüksək yerlərdən qorxmaq və ya digər xüsusi fobiyalar”.
Psixoloq fobiyaların aradan qaldırılması üsullarından da danışıb:
“Fobiya qorxunun üstün forması olduğuna görə, onu normaya endirməliyik. Fobiyanın azalması üçün terapiyanın əvvəlində məruz buraxmaq texnikasından istifadə olunmur. Birinci fobiya ilə bağlı düşüncələr üzrə işlənilir və bunun nəticəsində qorxu maksimumdan minimum dərəcəyə enir. Terapiyanın sonunda isə məruz buraxmaq texnikası tətbiq olunur. Bu texnika vasitəsilə biz anlayırıq ki, fobiya yenidən yaşanır, ya yaşanmır. Bununla da terapiya sonlanır”.
Sibel Piriyeva bildirib ki, fobiyalara və qorxulara bütün yaş dövrlərində rast gəlinir. Əgər insanın fobiyası onun gündəlik həyatına mənfi təsir göstərirsə, mütləq şəkildə psixoterapiya dəstəyi almalıdır.
Bahar Musayeva