Amerikanın “The Economist” jurnalı çoxdankı ənənəsini davam etdirərək yeni üz qabığını – 2025-ci il üçün proqnozları əks etdirən rebusu təqdim edib. Qapaq noyabrın 19-da nəşrin sosial şəbəkələrində görünüb. Nəşr qeyd edir ki, 2025-ci il böyük dəyişikliklər və qeyri-müəyyənlik ili olacaq.
Crossmedia.az bu barədə xəbər verir ki, The Economist-in 2025-ci il üz qabığı hər biri özünəməxsus məna daşıyan simvollarla doludur. Bu dəfə diqqət zəmanəmizin əsas çağırışlarını təcəssüm etdirən siyasi liderlər və simvollar üzərində idi.
Dollar, yuan, nüvə raketi - hər bir element müəyyən məna daşıyır və birlikdə gələcəyin narahatedici mənzərəsini çəkirlər. Tramp, Putin və Zelenski kimi liderlərin portretləri qlobal gündəmin formalaşmasında onların əsas rollarını vurğulayır.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən iqtisadçı Günay Hüseynova bildirib ki:” “The Economist” 2025-ci il üçün təqdim etdiyi üz qabığında bir sıra kritik iqtisadi və geosiyasi prosesləri vurğulayıb”.
Eskpertin sözlərinə görə, jurnal, ABŞ-da keçiriləcək prezident seçkilərinin, xüsusilə Donald Trumpın qələbəsinin, ABŞ-ın iqtisadiyyatına, ticarətinə və xarici siyasətinə böyük təsir edəcəyini gözləyir. Trampın “Öncə Amerika” siyasəti, ABŞ-ın müttəfiqlik əlaqələrini təhdid edəcək və bu, geosiyasi gərginliyi artıra bilər. Həmçinin, qlobal iqtisadiyyatda dolların bahalaşması, bölgəsəl müharibələrin genişlənməsi və yeni iqtisadi paradiqmaların yaranması ehtimalı da diqqət çəkir.
O, vurğulayır ki, jurnalın üz qabığında yer alan simvollar, təhlükəsizlik təhdidləri və geosiyasi böhranları işarə edir. Nüvə simvolları və raket şəkilləri, hərbi yarışların və kosmos rəqabətinin artacağını göstərir. İqlim dəyişikliyini simvolizə edən qum saatı və yer şəkilləri isə ekoloji böhranların iqtisadiyyat üzərindəki təsirini vurğulayır. Eyni zamanda, qlobal epidemiyanın və yeni pandemiyanın mümkünlüyü də qabardılır. Jurnalın əsas mövzularından biri də güclü qadın hərəkatının 2025-ci ildə əhəmiyyətli bir iz buraxacağıdır.
“Jurnalın diqqət çəkən digər bir mövzusu isə qlobal epidemiyaların və yeni pandemiyaların təkrarı ehtimalıdır. Jurnalın üz qabığında qırmızı fonda yerləşən dünya və içərisində qırmızı maye olan şpris, qlobal bir epidemiyanın işarəsi olaraq təqdim edilir. Bu, dünyada baş verə biləcək yeni bir pandemiyanın potensial təsirlərini göstərir. Eyni zamanda, jurnal güclü qadın hərəkatlarının 2025-ci ildə daha da artacağına diqqət çəkir. Qırmızı yumruq simvolu, üsyan və sosial ədalət üçün mübarizənin güclənəcəyini göstərir, bu da gələcək illərdə cəmiyyətlərdəki sosial dəyişikliklərin daha da intensivləşəcəyinə işarə edir”-deyə iqtisadçı əlavə edib.
Nəticə olaraq, gələn ilin proqnozlarına baxanda, daha çox sosial və ekoloji dəyişikliklərin iqtisadiyyata təsir edəcəyini görürük. Xüsusilə, qlobal epidemiyaların təkrarı, səhiyyə və iqtisadiyyat sahələrində böyük təzyiqlər yaradacaq. Bu, yalnız dünya bazarlarını deyil, həm də cəmiyyətin sosial strukturunu təsir edə bilər. Ekoloji böhranlar və iqlim dəyişikliyi ilə bağlı hədəflər, yeni iqtisadi modellərin yaradılmasına və davamlı inkişafın prioritet olmasına yol açacaq. Dünyadakı siyasi qeyri-müəyyənliklər, həm də daha güclü liderlik və mübarizə tələb edəcək, bu da gələcəkdəki qlobal dəyişikliklərin həlledici amili olacaq.
Gültac Mehdizadə