Noyabrın 15-də BMT Baş Assambleyasının 3-cü komitəsi tərəfindən A/C.3/79/L.35 nömrəli “İtkin düşmüş şəxslər” adlı qətnamə konsensusla qəbul edilib. 56 ölkə bu qətnaməyə həmmüəllif kimi qoşulub. Azərbaycan 2002-ci ildən etibarən hər iki ildən bir təqdim olunan bu qətnamənin əsas həmmüəlliflərindən biridir.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, qətnamədə silahlı münaqişələr nəticəsində insanların itkin düşməsinin onların ailələrinə ağır əzablar verdiyi və münaqişələrin həllinə maneə yaratdığı vurğulanır. Qətnamə həmçinin beynəlxalq humanitar hüquq və insan hüquqları pozuntularına görə cəzasızlığa son qoyulmasının vacibliyini bildirir.
Bu ilki qətnamədə ilk dəfə olaraq minaların itkin düşmüş şəxslərin taleyini müəyyənləşdirmək səylərinə yaratdığı maneələr qeyd edilib və dövlətlər təhlükəsiz axtarış prosesində əməkdaşlığa çağırılıb.
Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dosenti Daşqın Qənbərov Crossmedia.az-a açıqlamasında bildirib ki, BMT-nin qəbul etdiyi son qətnamə Azərbaycan Respublikasına beynəlxalq təşkilatlar çərçivəsində etimadın mövcud olduğunu göstərir. Onun sözlərinə görə, belə sənədlər yalnız obyektivliyinə, şəffaflığına və müstəqilliyinə inanılan dövlətlərə həvalə olunur. Bu, Azərbaycanın xarici siyasətinin növbəti böyük uğuru hesab edilə bilər.
Daşqın Qənbərovun sözlərinə görə, sözügedən qətnamə həm birbaşa, həm də dolayı mesajlar ehtiva edir. Birbaşa mesajlar sənədin mətnində aydın şəkildə ifadə olunub. Bununla yanaşı, dolayı mesajlar Azərbaycanın bu sənədin hazırlanmasında yüksək peşəkarlıq nümayiş etdirdiyini göstərir. O, misal olaraq qətnamədə vurğulanan bir məqamı qeyd edib: silahlı münaqişələr zamanı xəbərsiz itkin düşmüş şəxslərin tapılması sülh prosesinə müsbət təsir göstərə bilər.
Qənbərov bildirib ki, bu bənd, Azərbaycanın münaqişə dövründə və sonrakı mərhələdə şəffaf davranışını bir daha sübut edir. Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək, öz mövqeyini açıq şəkildə ifadə edib. Ermənistan isə əksinə, münaqişə zamanı və sonrakı proseslərdə itkin düşmüş şəxslərin axtarışına mane olub. Bu yanaşma, tərəflər arasında etimad mühitini pozmaqla yanaşı, sülh müqaviləsinin imzalanmasını da ləngidir.
Daşqın Qənbərov qətnamədə beynəlxalq humanitar hüquq və insan hüquqlarının təmin olunması ilə bağlı əhatəli tədbirlərin nəzərdə tutulduğunu vurğulayıb. Onun sözlərinə görə, qətnamə açıq şəkildə üzv dövlətlərə humanitar hüquq qaydalarına riayət etməyi tələb edir. Bu qaydalar Haaqa və Cenevrə Konvensiyalarına əsaslanır və kombatant olmayan şəxslərə qarşı silah istifadəsini, dini və mədəni abidələrə zərər vurmağı qəti şəkildə qadağan edir.
Lakin Qənbərovun fikrincə, Ermənistanın müharibə zamanı və ondan sonra törətdiyi hərəkətlər bu qaydaların kobud şəkildə pozulduğunu göstərir. İşgəncələrə məruz qalmamaq, şərəf və ləyaqətin qorunması kimi fundamental hüquqlar sistematik şəkildə pozulub. O, bu cinayətlərin müharibə və insanlıq əleyhinə cinayətlər kateqoriyasına daxil olduğunu qeyd edib.
Daşqın Qənbərovun fikrincə, BMT tərəfindən qəbul edilən bu qətnamə Azərbaycan üçün gələcək addımlarda istinad nöqtəsi rolunu oynayacaq. “Bu sənəd beynəlxalq səviyyədə həm hüquqi, həm də diplomatik baxımdan ölkəmizin mövqeyini daha da gücləndirəcək,” – deyə o bildirib.
Maral Şahverdili