Azərbaycanda keçirilən İqlim Konfransı çərçivəsində hər gün iqlim böhranının qarşısının alınması və həlli yolları ilə bağlı müzakirələr aparılır. Azərbaycan çalışır ki, bu həlli yolları bütün dünya dövlətlərini əhatə etsin və iqlim böhranının yaratdığı təhlükələrdən birgə qorunmaq mümkün olsun. Bu məqsədlə COP29 tədbirində ada dövlətlərinə yardım məsələsini ön plana çıxarır, yardımlar təklif edir və dünya dövlətlərini də bu məsələyə ciddi yanaşmağa çağırır.
Azərbaycanın bu dövlətlərin iqtisadi inkişafına hansı yardımları göstərə biləcəyi barədə politoloq Əliqismət Bədəlov Crossmedia.az-a verdiyi açıqlamada bildirib:
“Azərbaycan son illər iqtisadi cəhətdən zəif inkişaf etmiş dövlətlərə və ada dövlətlərinə yardım edir. Bir faktı da qeyd etmək istəyirəm ki, Azərbaycan pandemiya dövründə ÜST-ə 10 milyon dollar ianə vermiş, o cümlədən 30-a yaxın zəif inkişaf etmiş dövlətə yardım etmişdi. COP29 kimi beynəlxalq əhəmiyyətli tədbirin postsovet ölkələri içərisində məhz Azərbaycanda keçirilməsi, Azərbaycanın dünya siyasətindəki rolundan və inkişafından xəbər verir. Prezident İlham Əliyev də çıxışlarında dəfələrlə bildirib ki, Azərbaycan kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərəcək və həmin ölkələri iqlim dəyişmələrinin fəsadlarından qoruya biləcək. Buna Azərbaycanın iqtisadi gücü çatır.
Həmçinin Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə 80-dən artıq ölkəyə və 20-dən çox ada dövlətinə öz yardımlarını göstərmişdir. Bu, bir daha göstərir ki, Azərbaycan kiçik ada dövlətlərinin inkişafında mühüm rol oynayır və maliyyə yardımı edilməsində maraqlıdır. Prezident İlham Əliyev onu da vurğulayıb ki, BMT-nin kiçik ada dövlətləri ilə bağlı layihələri üçün 10 milyon dollar vəsait ayrılıb".
Kiçik ada dövlətlərinin müstəmləkə əsarətindən danışan Əliqismət Bədəlov qeyd edib ki:
“Prezident İlham Əliyev kiçik ada dövlətlərini müstəmləkə əsarətində saxlayan Fransanın dünya ekologiyasına necə ziyan vurduğundan danışdı. Fakt olaraq qeyd etdi ki, 1966-1990-cı illər ərzində Fransanın apardığı 193 nüvə sınağı ekologiyaya ciddi ziyan vurub. Bu gün Fransanın müstəmləkə siyasəti də ekologiyanı zəhərləyir".
Prezident İlham Əliyevin müstəmləkə əsarəti məsələsini qabartması dünya ictimaiyyətinə ciddi mesajlar verdi. Politoloqun fikrincə, bu cür faktların beynəlxalq tədbirlərdə vurğulanması müstəmləkə əsarətində olan dövlətlərin problemlərinin həllinə bir addım daha yaxınlaşdırır. Azərbaycan kiçik ada dövlətlərinin problemlərinin həlli yolunda daim öz dəstəyini göstərməyə davam edəcək.
Ayhan Ağarzayev