COP29

Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyini uğurla davam etdirir. Tədbirə qatılan dövlət başçıları, rəsmilər və dünyanın müxtəlif ölkəsindən gələn çoxsaylı qonaqlar Bakı şəhərinin inkişafını, tədbirin yüksək səviyyədə təşkil olunmasını dilə gətirir, Azərbaycanın iqlim fəaliyyətinin dayanıqlılığını təmin etmək üçün irəli sürdüyü təşəbbüsləri əhəmiyyətli hesab etdiklərini bildirirlər. Qlobal səviyyədə əhəmiyyət daşıyan bu konfrans dünya mediasının da diqqətindədir. Yerli mediada da  konfransın gedişatı, aparılan müzakirələr, imzalanan sənədlər mütəmadi olaraq işıqlandırılmalı və ictimaiyyətə təqdim edilməlidir. COP29 Azərbaycan media məkanı üçün nə deməkdir və bu tədbir media nümayəndələri üçün nə vəd edir?

Mövzu ilə bağlı Mətbuat Şurasının sədr müavini, Cross Media Təhlil Mərkəzinin analitiki Vüqar Zifəroğlu Crossmedia.az–a açıqlamasında bildirib ki, COP29 kimi qlobal əhəmiyyətli bir tədbirin Azərbaycanda keçirilməsi ölkə mediası üçün olduqca ciddi, bir sıra mühüm üstünlüklər təmin edir:

“Azərbaycanda COP29-un keçirilməsi ilk növbədə yerli medianın beynəlxalq ekoloji problemlər və həll yolları barədə daha geniş məlumat almasına imkan yaradır. Mediada yayılan materiallar təkcə Azərbaycan deyil, həm də beynəlxalq auditoriya üçün maraqlı ola bilər. Ümumiyyətlə belə genişmiqyaslı tədbirlər ekoloji problemlərə diqqət çəkmək və bu mövzunun ictimaiyyət arasında daha çox müzakirə
edilməsinə şərait yaradır. Azərbaycan mediası bu fürsətdən istifadə edərək həm ölkə daxilində, həm də xaricdə maarifləndirici materiallar hazırlaya bilər”.

Zifəroğlu həmçinin qeyd edib ki, media işıqlandırması zamanı yeni texnologiyalar və innovativ yanaşmalar tətbiq edilə bilər:

“Canlı yayım, sosial media kampaniyaları və interaktiv məzmun vasitəsilə daha geniş auditoriyaya çatmaq mümkündür. Belə mötəbər tədbirlərin keçirilməsi eyni zamanda Azərbaycan mediasına dünya mediasında yer almaq imkanı yaradır. Beynəlxalq jurnalistlərin ölkəyə axını yerli media materiallarını qlobal mənada geniş auditoriyaya çatdırmaq şansını artırır. Buna paralel olaraq COP29 zamanı beynəlxalq media nümayəndələri ilə əməkdaşlıq etmək imkanları yaranır. Bu, Azərbaycan mediası üçün uzunmüddətli tərəfdaşlıqlar qurmaq baxımından faydalıdır”.

Ekspert vurğulayır ki, COP29 çərçivəsində media üçün təşkil olunan seminar və tədbirlər jurnalistlərin ekoloji mövzularda ixtisaslaşmasına kömək edir. Bu isə həm də yerli jurnalistlərin peşəkar səviyyəsini yüksəldir. Həmçinin belə tədbirlər ölkənin müasir imicini dünyaya təqdim etməkdə mühüm rol oynayır. Azərbaycan mediası bu hadisəni işıqlandırarkən milli mədəniyyət, ənənələr və ölkənin qlobal məsələlərdəki mövqeyi haqqında məlumat yaymaq imkanı da əldə etmiş olur.

Beləliklə, COP29 Azərbaycanın həm diplomatik, həm də informasiya mühitində güclənməsi üçün mühüm fürsət yaradır. Bu, həm də yerli medianın qlobal standartlara uyğunlaşmasına və beynəlxalq səviyyədə tanınmasına xidmət edir.

Ləman Şərifova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il