Azərbaycanın Almaniyadakı səfirliyi “35-ci Berlin Nağıl Günləri” festivalı çərçivəsində Berlində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində tədbir keçirib.
Crossmedia.az xəbər verir ki, tədbirdə Berlində təhsil alan 100-ə yaxın şagird və onların müəllimləri iştirak ediblər.
Tədbirdə çıxış edən səfirliyin ikinci katibi Günay İsfəndiyarova Azərbaycan barədə qonaqlara ətraflı məlumat verərək, məktəbliləri maraqlandıran sualları cavablandırıb. Eyni zamanda, qonaqlara Azərbaycan haqqında qısa videoçarx nümayiş etdirilib.
Festivalın təşkilatçısı “Märchenland” təşkilatının layihə meneceri Anna Povediç çıxış edərək, bu tədbir barədə ətraflı məlumat verib, onun yüksək səviyyədə təşkil olunmasına görə təşəkkürünü bildirib.
Çıxışlardan sonra məktəblilərə Berlində fəaliyyət göstərən azərbaycanlı pianoçu Nərmin Nəcəfli tərəfindən “Ağ göyərçin” adlı Azərbaycan xalq nağılı oxunub, uşaqlar üçün musiqi viktorinası təşkil edilib.
Tədbirin sonunda balaca qonaqlara Azərbaycan şirniyyatları və suvenirləri təqdim olunub.
Qeyd edək ki, dünyanın ən böyük nağıl festivalı hesab olunan “Berlin Nağıl Günləri” festivalında Azərbaycan səfirliyi artıq ikinci ildir çıxış edir.