Mədəniyyət

İstanbulda 41-ci Beynəlxalq Kitab Sərgisi açılıb. Azərbaycan bu il ilk dəfə sərgidə fəxri qonaq qismində iştirak edir.

Noyabrın 2-də tədbirin rəsmi açılış mərasimi keçirilib.

Tədbirdə mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli, ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, Azərbaycanın TÜRKSOY-dakı daimi nümayəndəsi Elçin Qafarlı, Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Yayımlar Baş İdarəsinin rəhbəri Taner Beyoğlu, TÜYAP sərgi təşkilatçılığı şirkətinin baş direktoru İlhan Ersözlü, Türkiyə Nəşriyyatçılar İttifaqının İdarə Heyətinin rəhbəri Kenan Kocatürk, Azərbaycanın görkəmli şəxsiyyətləri və digər qonaqlar iştirak ediblər.

Açılış mərasimində Azərbaycanın incəsənət xadimlərinin ifasında milli musiqi nömrələrimiz təqdim edilib, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından epizodik səhnə nümayiş olunub. Qiraətçilər tərəfindən dahi şairimiz Məhəmməd Füzulinin qəzəlləri səsləndirilib.

Bu il ilk dəfə olaraq İstanbul Kitab Sərgisində 10-dan çox azərbaycanlı yazıçı, o cümlədən Xalq yazıçıları Elçin Əfəndiyev və Çingiz Abdullayev, eləcə də 25 Azərbaycan nəşriyyatı iştirak edir.

Tədbir çərçivəsində Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən ölkəmizin ədəbiyyatına dair xüsusi layihələr təqdim ediləcək, mədəniyyət sahəsi üzrə müxtəlif zəngin proqramlı tədbirlər keçiriləcək. Azərbaycan stendində, həmçinin Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən hazırlanmış nəşrlər sərgilənəcək.

Noyabrın 4-dək davam edəcək sərgidə fond tərəfindən hazırlanan “Səninləyik Türkiyə”, “Mövlud”, “Mən burdayam, İlahi” və TÜRKSOY-un ərsəyə gətirdiyi “Aşıq Mikayıl Azaflı” seçmə şeirləri ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, TÜYAP sərgi təşkilatçılığı şirkəti ilə Türkiyə Nəşriyyatçılar İttifaqının əməkdaşlığı nəticəsində ərsəyə gələn sərgidə bu il mindən artıq yerli və xarici yayım evi iştirak edir. Bu il “Uşaqlıq şənlikdir” şüarı altında keçirilən sərginin “Fəxri yazıçısı” Türkiyənin uşaq və gənclik ədəbiyyatına böyük töhfə vermiş yazıçı Yalvaç Uraldır.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il