Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad filialının direktoru dosent Xudayar Sultanlı və filialın professor-müəllim heyəti ADPU-nun məzunu olan Vətən müharibəsi şəhidi baş leytenant Etiram Hüseynlinin ailəsini və məzarını ziyarət edib.
ADPU-dan bildirilib ki, görüş zamanı filialın direktoru Zəfər Gününü bizə yaşadan, ərazi bütövlüyümüzü və suverenliyimizi təmin edən şəhidlərimizin xatirəsinə ehtiramını ifadə edib. O, Pedaqoji Universitetdə şəhid məzun və tələbələrin xatirəsinin əbədiləşdirilməsinin daim diqqət mərkəzində olduğunu qeyd edib.
Görüş zamanı Pedaqoji Universitet adından çapdan yeni çıxmış “Zəfərnamə (ADPU-nun qəhrəmanları)” kitabı ailəyə təqdim edilib. Sonra filialın kollektivi ailə ilə birgə şəhidin məzarını və xatirəsini əbədiləşdirmək məqsədilə yaradılmış guşəni ziyarət edib, məzarı üzərinə tər güllər qoyublar.
Qeyd edək ki, Etiram Həsən oğlu Hüseynli 1977-ci il aprelin 17-də Lənkəran şəhərində anadan olub. 1994-cü ildə ADPU-nun İlkin hərbi və fiziki təlim fakültəsinə qəbul olub, 1998-ci ildə təhsilini leytenant rütbəsi ilə başa vurub və Lənkəran şəhər 6 nömrəli məktəbdə pedaqoji fəaliyyətə başlayıb.
Azərbaycan Ordusunun baş leytenantı olan Etiram Hüseynli Vətən müharibəsində Cəbrayıl və Qubadlı uğrunda döyüşlərdə vuruşub, 2020-ci il oktyabrın 21-də şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.