Elm və təhsil

Pandemiya, təhsil sahəsində bir sıra dərin struktural problemləri gün üzünə çıxardı və təhsilin həm qlobal, həm də yerli səviyyədə bərabərsizliklər və çətinliklərlə üzləşməsinə səbəb oldu. Təhsil sistemlərinin rəqəmsallaşmaya adaptasiyası, müəllimlərin peşəkar inkişafı və tədris keyfiyyətinin artırılması kimi məsələlər daha da ön plana çıxdı. 2024-cü il, bu problemləri həll etmək və təhsil sistemlərini daha güclü və dayanıqlı etmək məqsədilə bir sıra islahatların həyata keçirildiyi bir ildir.

Mövzu ilə bağlı Crossmedia.az-a  təhsil eksperti Kamran Əsədov açıqlama verib.

Ekspertın sözləri görə, pandemiya sonrası təhsil sistemi dünya üzrə ciddi çətinliklərlə qarşılaşıb. Onlayn təhsilə keçid zamanı texnoloji və resurs çatışmazlıqları təhsil keyfiyyətinə mənfi təsir göstərib. 2024-cü ildən etibarən bir çox ölkə təhsilin inklüzivliyini və keyfiyyətini artırmağa yönəlmiş islahatlar həyata keçirir. Pandemiya dövründə 1.6 milyard şagird təhsildən məhrum olub və xüsusilə inkişaf etməkdə olan ölkələrdə təhsil fərqlilikləri artıb.

Onun fikrincə, 2024-cü ildə islahatların əsas məqsədi təhsildə bərabərliyi təmin etməkdir. Şagirdlərin təhsilə çıxışını asanlaşdırmaq üçün sosial dəstək proqramları tətbiq olunur və iqtisadi çətinlik çəkən ailələrə təhsil imkanları yaradılır. Dövlət investisiyaları və təhsil infrastrukturunun yenilənməsi də prioritetlərdədir.

K.Əsədov qeyd edir ki, pandemiya ənənəvi tədris metodlarının müasir tələblərə cavab vermədiyini göstərib, buna görə də innovativ tədris metodlarına, o cümlədən hibrid təhsil modelinə keçid edilir.

Hibrid təhsil modelinin tətbiqi, şagirdlərə daha çox seçim imkanı təqdim edir və təhsil fərqliliklərini azaldır. UNESCO-nun məlumatlarına görə, bu model tətbiq olunan şagirdlərdə 15%-lik akademik irəliləyiş müşahidə olunub.

O, müəllimlərin peşəkar inkişafının vacib olduğunu və pandemiya dövrü ilə əlaqədar müəllimlərin texnoloji biliklərinin artırılması üçün xüsusi təlimlərin həyata keçirildiyini vurğulayıb:

“2024-cü ildə psixoloji dəstəyin artırılması və sosial-emosional təhsilin inkişafı da əsas islahatlardandır. Pandemiya dövründə şagirdlər və müəllimlər arasında psixoloji problemlər artıb və məktəblərdə psixoloji məsləhət xidmətləri 25% artıb”.

Ekspertin fikrincə, 2024-cü ilin islahatları həm də sosial bərabərsizliklərin aradan qaldırılmasına yönəlir. Pandemiya dövründə zəngin və kasıb ailələr arasında təhsil fərqliliyi artıb, bu fərqliliklərin azaldılması üçün təhsil dəstəyi proqramları təqdim edilir. Dünya Bankının məlumatına görə, 2024-cü ildə təxminən 1 milyard dollar investisiya qoyulub.

K. Əsədov, bütün bu islahatların təhsil sisteminin yenidən qurulması və gələcək nəsilin təhsil keyfiyyətinin artırılması baxımından vacib olduğunu və təhsil sistemlərinin qlobal səviyyədə dayanıqlı, inklüziv və bərabər imkanlarla təmin edilməli olduğunu qeyd edir.

Gültac Mehdizadə 

 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il