AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) “Yaşıl dünya naminə həmrəylik ili” adlı virtual sərgi hazırlanıb.
Crossmedia.az xəbər verir ki, sərgidə Ümummilli Lider Heydər Əliyevin təbiət haqqında dəyərli fikirləri, Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı, Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29), “Hərəmiz bir ağac əkək!” aksiyası, MEK-in “Yaşıl dünya naminə həmrəylik ili”nə töhfələri və bu kimi məlumatlar öz əksini tapıb.
Sərgidə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi, yaşıl enerji növlərinin yaradılması, Azərbaycan təbiətinə, ekologiyanın müxtəlif sahələrinə: ekoloji problemlər, ekoloji siyasət, ekoloji təhlükəsizliyə aid ingilis, rus, alman, türk və başqa dillərdə 200-dən çox dərslik, dərs vəsaiti, atlas, ensiklopedik lüğət, konfrans materialları və digər nəşrlər təqdim olunur.
Dəyərli nəşrlər sırasında “İlham Əliyevin ekoloji siyasəti. Dayanıqlı inkişaf və yaşıl dünya (2003-2023)” üçcildliyi, “İlham Əliyevin uğurlu ekoloji siyasəti”, "Davamlı inkişaf kontekstində ekoloji siyasətin prioritet istiqamətləri və yaşıl iqtisadiyyat", “Yaşıl inkişaf. Enerji səmərəliliyi və alternativ mənbələr”, “Davamlı inkişaf və ekoloji sivilizasiyanın idarə edilməsinin əsasları”, “Davamlı inkişaf və ekoloji təhlükəsizlik problemləri”, “Davamlı inkişaf və vahid ekoloji siyasət:Türkiyə-Azərbaycan”, “Müasir iqlim dəyişmələri və təhlükəli hidrometeroloji hadisələr”, “İntellektual ekologiya”, “Ekologiya, ətraf mühit və insan”, “İqlim dəyişmələri və ekoloji stabillik”, “Ekoloji menecment’, “The economics and politics of climate change” (“İqlim dəyişmələrinin iqtisadiyyatı və siyasəti”), “Ensiklopedik ekoloji lüğət”, “Azərbaycan ekoturizm potensialı” 2 cilddə, “Meşələrin ekoloji rolu”, “Парниковый эффект, изменение климата и экосистемы” (“İstixana effekti, iqlim dəyişmələri və ekosistemlər”), “Küreselleşen kalkınma. Bir eleştiri” (“Qloballaşmış inkişaf. Bir tənqid”), “Klima-Umwelt-Mensch” (“İqlim-mühit-insanlar”), “Ekologiya. Dünyamızın bu günü və sabahı”, “Biocoğrafiya”, “Təbiəti qoruyaq”, “Azərbaycanın meşələri”, “Eko energetika” elmi-texniki jurnalı və başqaları yer alıb.
Bundan əlavə, MEK-in sərgi salonunda ənənəvi kitab sərgisi də təşkil edilib. İlboyu davam edəcək sərgi geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Nəşrlərdən biologiya, ekologiya, coğrafiya, kənd təsərrüfatı ixtisasları üzrə təhsil alan tələbələr, ali və orta məktəb müəllimləri, bu sahələrdə çalışan mütəxəssislər də yararlana bilərlər.