Elm və təhsil

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası, YAP Yasamal rayon Təşkilatı və AMEA-nın Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə “Vətən sevgisindən Zəfər marşına” adlı tədbir keçirilib.

Tədbir iştirakçıları öncə MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondu ilə yaxından tanış olublar.  Kitabxananın direktoru texnika elmləri doktoru, dosent Hüseyn Hüseynov onlara fondda Birinci və İkinci Qarabağ müharibəsinə, Aprel və Tovuz döyüşlərinə dair mühafizə edilən nəşrlər haqqında ətraflı məlumat verib.

İştirakçılar fondda üzərində üç minə yaxın şəhid adlarının qeyd edildiyi Azərbaycanın xəritəsi, Qarabağ Azərbaycandır! guşəsi, şəhidlərin  oxuduqları və özlərinin müəllifiyi ilə qələmə alınmış kitablara baxıblar.

Alimlər, ictimai xadimlər, Vətən müharibəsi qaziləri və şəhid ailələrinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruğ”u ilə qazanılan Qələbəni ölkəmizin minillik tarixinin zirvə nöqtəsi adlandırıb.

“Ordumuzun göstərdiyi qəhrəmanlıq və rəşadət 30 illik işğala birdəfəlik son qoydu, cənab Prezidentin apardığı ədalətli müharibə ədalətin təntənəsi ilə başa çatdı, 2023-cü ildə həyata keçirilən birgünlük  antiterror tədbirləri ilə Azərbaycanın tam ərazi bütövlüyü və suverenliyi təmin olundu”, - deyə Akademiya rəhbəri bildirib.

Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə ikinci dəfə hakimiyyətə gəlişi ilə torpaqlarımızın itirilməsi təhlükəsinin tam aradan qaldırıldığını bildirən akademik İsa Həbibbəyli işğal olunmuş ərazilərimizin geri qaytarılması yönündə məhz dahi Heydər Əliyev zəkasının qarşıya qoyduğu ən önəmli vəzifələrdən biri kimi onun apardığı güclü Ordu quruculuğu siyasətini nəzərə çatdırıb.

“Ümummilli Liderin nail olduğu atəşkəs rejimi cənab Prezident İlham Əliyevə ordumuzu müasirləşdirmək, iqtisadiyyatımızı inkişaf etdirmək, ən başlıcası yeni vətənpərvər nəslin yetişdirilməsi üçün geniş imkan qazandırdı. Ölkə rəhbərinin bu illər ərzində bütün dünyada beynəlxalq nüfuzumuzu möhkəmləndirməsi, sülh yolu ilə danışıqların nəticə verməməsi Azərbaycanı itirilmiş torpaqlarını müharibə əzmi ilə geri qaytarmasına əsas verdi. 44 gün ərzində Qarabağda gedən müharibə həm döyüş cəbhəsindəki qələbə, həm də informasiya cəbhəsindəki böyük intellektual bacarağı Azərbaycan Prezidentinin qüdrətini, Müzəffər Ali Baş Komandanın sərkərdəlik məharətini nümayiş etdirdi. Bu gün biz dünya qarşısında alnıaçıq şəkildə qalib xalq kimi tanınırıq!”, - deyə akademik İsa Həbibbəyli vurğulayıb.

AMEA-nın müşaviri akademik Yaqub Mahmudov isə çıxışı zamanı Azərbaycanın dövlətçilik tarixinin və əldə edilən Zəfərin izahını elmi faktlarla nəzərə çatdırıb. Alim  torpaqları dəfələrlə bölüşdürülən Azərbaycan üçün bu tarixi qələbənin mühüm rolunu bildirərək, Qələbənin bünövrəsini qoyan Ulu Öndər Heydər Əliyevin siyasətini Prezident İlham Əliyevin böyük əzmlə davam etdirərək xalqımızı Şanlı Zəfərə apardığını vurğulayıb.

Bütün digər faktorlarla yanaşı, Qələbədə Azərbaycan elminin də payı olduğunu bildirən akademik Y.Mahmudov birbaşa Ümummilli Lider Heydər Əliyevin nəzarəti ilə Azərbaycanın tarixi torpaqları haqqında yazılan sanballı əsərlərin vasitəsilə də həqiqətlərin ortaya qoyulduğunu, lazımlı faktların sübut olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev də öz növbəsində Qələbəyə aparılan yolda görülən hərtərəfli uğurlu siyasətdən danışıb. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin cəsarətli iradəsinin nümunəsi kimi ərsəyə gələn C.Naxçivanski adına Hərbi Liseyin yetirmələri həm I Qarabağ, həm də 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək öz şücaətlərini ortaya qoydular.

AMEA Azad Həmkarlar İttifaqının sədri s.e.ü.f.d., dosent Sənan Həsənov “Qələbənin fəlsəfəsi və siyasi lider amili” mövzusunda çıxış edərək bildirib ki, Heydər Əliyev dühası sübut etdi ki, dövlət güclü olmalıdır və yalnız güclü dövlət hər şeyə qadirdir.

“Bunu nəzəriyyədə və praktikada Ulu Öndərdən əvvəlki dövlət başçıları edə bilmədi. Və Ulu Öndər sübut etdi ki, güclü ideologiyanın cəmiyyətə sirayət etməsi, Vətən təəssübkeşliyinə sağlam düşüncəli vətəndaş yetişdirmək bu siyasətin hərəkətverici qüvvəsidir. Bunların vəhdəti qələbədir. Bu gün Qalib lider və uğurlu siyasi varis İlham Əliyevin timsalında açıq görürük ki, siyasi lider amili çox önəmlidir və həlledicidir”, - deyə Sənan Həsənov vurğulayıb.

Tədbirdə iştirak edən Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşı şəhid atası Zahir Bağırov, şəhid kapitan Həmidağa Hüseynzadənin atası Bağı Hüseynzadə çıxış edərək bu Qələbənin Azərbaycan tarixində əbədi qalacağını bildiriblər. Çıxışları zamanı şəhid ailə üzvləri dövlət tərəfindən onlara göstərilən qayğıdan danışıblar.

MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunun rəhbəri Roksana Səfərzadə də öz növbəsində kitabxananın tarixi Zəfərə olan töhfəsindən danışıb. Rəhbəri olduğu fondun yerinə yetirdiyi missiyanı nəzərə çatdırıb.

Tədbir ərzində tarixi Zəfərə aparan dövlət siyasətindən bəhs edən videoçarx, eləcə də MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunda mühafizə edilən nəşrlərin elektron və ənənəvi sərgisi nümayiş olunub.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il