Noyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayev və Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev arasında üçtərəfli görüş keçirilib. Görüşün əsas mövzusu yaşıl enerjinin inkişafı və ötürülməsi olub. Görüşün sonunda üç ölkənin liderləri arasında “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Daha sonra Azərbaycan, Qazaxıstan, Özbəkistan və Səudiyyə Ərəbistanı arasında əməkdaşlıq üzrə İcra Proqramı təsdiqlənib.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, Azərbaycanda yaşıl enerji siyasətinin inkişafında və genişlənməsində Bakıda keçirilən COP29-un böyük əhəmiyyəti var və bu əhəmiyyəti yaxın illərdə əməli şəkildə hiss edəcəyik. O qeyd edib ki, Azərbaycan artıq yaşıl enerji və bərpa olunan enerji siyasətində dünya miqyasında lider dövlətlərdən biri kimi çıxış edir. Azərbaycanın atdığı addımlar, imzaladığı sazişlər və Prezident İlham Əliyevin beynəlxalq səviyyədə apardığı görüşlər bu sahədə ciddi zəmin yaradır. Özbəkistan və Qazaxıstan prezidentləri ilə keçirilən görüş və sazişin imzalanması bu baxımdan mühüm bir addım hesab olunur.
Musa Quliyev əlavə edib ki, ölkələrimiz günəş və külək enerjisi resursları ilə zəngin olan bölgələrdə yerləşir. Bu resurslar ölkələrimizin həm daxili enerji ehtiyaclarını ödəmək, həm də xarici bazarlara enerji ixrac etmək üçün geniş imkanlar yaradır. Regional əməkdaşlıq, xüsusən də güclərin birləşdirilməsi, Türk dövlətlərinin bərpa olunan enerji ixracında mühüm mövqe qazanmasına zəmin yarada bilər.
O bildirib ki, yaxın illərdə dünya yeni enerji siyasətinə keçid edəcək və yaşıl enerji, bərpa olunan enerji dünya tarixində əsas enerji daşıyıcısına çevriləcək. Bu baxımdan çevik və düzgün strategiya quran ölkələr lider olacaq. Quliyev vurğulayıb ki, Azərbaycan belə ölkələrdən biridir və yaxın gələcəkdə Türk Birliyində bu istiqamətdə mühüm rol oynayacaqdır.
Nihat Tahirov