Gündəm

"Prezident İlham Əliyev ölkəmizin Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcəyini vurğulayıb". 

Bu sözləri Crossmedia.az-a açıqlamasında  “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi icmalçı Elxan Şahinoğlu bildirib. O deyib ki, noyabrın 6-da Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə çıxış edən ölkəmizin başçısı bir sıra mühüm məqamlara toxunub. Azərbaycanın Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi göstərdiyi qeyd olunub. Prezident İlham Əliyev dünyada artan təhlükələri nəzərə alaraq türk dövlətləri arasında müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığın əhəmiyyətini nəzərə çatdırıb. Təşkilata üzv dövlətlərin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirildiyini söyləyib. Prezidentin çıxışının bu hissəsindən aydın olur ki, Azərbaycan türk dövlətləri arasında hərbi sahədəki əməkdaşlığı təşviq etməyə, ortaq layihələr reallaşdırmağa hazırdır. Türk dövlətləri arasında ticarət əməkdaşlığı da yüksəlməkdədir. Mərkəzi Asiya ölkələrinin Azərbaycan üzərindən daşımaları artıb. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar-sentyabr aylarında türk dövlətləri arasında tranzit daşımalarının həcmində 15 faizə yaxın artım müşahidə edilib.

E.Şahinoğlu  Türk Dövlətləri Təşkilatının Bişkekdə keçirilən Zirvə toplantısının bütün türk dünyası üçün əhəmiyyətini də qeyd edib. Bildirib ki, təşkilatın sıralarının genişlənməsi, ictimai nüfuzunun yüksəlməsi  aktual olaraq qalır. Bu baxımdan Zirvə toplantısında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki istəyini ortaya qoyub. Türkiyə Prezidenti Kuzey Kıbrıs Türk Cumhuriyyətinin (KKTC) və Türkmənistanın qısa zamanda Türk Dövlətləri Təşkilatına tamhüquqlu üzv olmalarını istədiyini bildirib. Kuzey Kıbrısla bağlı qərar üzv dövlətlərin istəyindən asılıdır. Türkiyə və Azərbaycandan başqa digər türk dövlətləri Kuzey Kıbrıs Türk Cumhuriyyətinin təşkilata tamhüuqlu üzvlüyünə hələ ki, ehtiyatla yanaşır. KKTC Cumhurbaşqanı Ersin Tatar Şuşadakı toplantıdan sonra ikinci dəfə Bişkekdəki toplantıya müşahidəçi statusunda qatılıb. Mərkəzi Asiya ölkələri KKTC-nin müşahidəçi statusuna etiraz etmir. Ancaq Ankara və Lefkoşa tam üzvlük istəyir. Əslində KKTC-nin Türk Dövlətləri Təşkilatına tamhüquqlu üzvlüyünə görə Mərkəzi Asiya ölkələrini təhlükə gözləmir. ABŞ və ya Avropa İttifaqı dövlətləri bu qərara görə Mərkəzi Asiya ölkələrinə sanksiya tətbiq etməz. Ona görə Mərkəzi Asiyanın türk dövlətləri yaxın illərdə KKTC ilə bağlı qərar verməli olacaq.

Türkmənistanın təşkilata üzvlüyü isə Aşxabadın qərarından asılıdır. KKTC-dən fərqli olaraq Türkmənistanın Türk Dövlətləri Təşkilatına üzvlüyünü qurumdakı dövlətlərin tamamı dəstəkləməyə hazırdır. Bu dəfə Türkmənistan tələsməməyə qərar verib. 
 

Azər MUSTAFAYEV

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il