Bayraq bir millətin varlığını, kimliyini, mənəvi dəyərlərini özündə əks etdirən dövlət atributudur. Bayrağın üstündə əks olunan rənglər də xalqın irsini, mədəniyyətini təcəssüm etdirir. Əgər bir millət bayrağını daim ucalarda dalğalanan görmək istəyirsə o bayrağa müəyyən rənglərdən ibarət parça kimi yox, özündə həmin millətin mənəviyyatını birləşdirən birlik simvolu kimi baxmalıdır. Azərbaycan bayrağı buna görə daim ucalarda məğrur dalğalanır. Çünki onun kölgəsində onun üçün canını verən Mübarizləri, Poladları və onun daim uca olması üçün çalışan oğulları və qızları var. Hansı ki, bu oğullar və qızlar Azərbaycan Xalq Cümhuriyyəti dövründən o bayrağa sadiq qalmış və qorumuşdular.
AXC süqut edəndən sonra AXC stenoqrafı Mirzə Bala Məmmədzadə Cümhuriyyət bayrağının düşmənlər tərəfindən tapdanmasına imkan verməmiş və mühacirət etdiyi bütün ölkələrə özü ilə aparmışdır. Mirzə Bala Məmmədzadə vəfat edərkən bayrağı Eldəniz Kurtulana əmanət edib, o da Əfqan Vəliyevə.
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, Qərbi Azərbaycan ziyalıları şurasının üzvü Əfqan Vəliyev Crossmedia.az saytına açıqlamasında bildirib:
“Mirzə Bala Məmmədzadə pisləşmişdi. Onun baş ucunda həyat yoldaşı Bahirə xanım və Azərbaycan ordusu zabitlərindən Əjdər Kurtalanın oğlu Eldəniz Kurtulan var idi. Mirzə Bala Eldəniz bəydən sandıqda olan əşyaları çıxarmağı xahiş edir. Sandıqda çoxsaylı sənəd və bükülü bir bayraq var idi. Mirzə Bala Məmmədzadə Eldəniz Kurtulana deyib ki; “Bu bayraq 1918-ci il 7 dekabrda AXC parlamenti açılarkən orda asılan bayraqdır. Bu bayraq Cümhuriyyət süqut etdikdən sonra məndə qaldı.Bir kərə yüksələn bayraq bir daha enməz daim bizim şüarımız olub. Mən və mühacir yoldaşlarım inanırıq ki, Azərbaycan bir gün müstəqil olacaq və bu bayraqda müstəqil Azərbaycan səmasında dalğalanacaq” və bayrağı Eldəniz Kurtulana verərək vəsiyyət edib ki, Azərbaycan müstəqil olduqda onu Azərbaycan səmasında dalğalandırsın”.
Əfqan Vəliyev bayrağın ona gəlib çatmaq tarixçəsini də danışıb. O qeyd edib ki, bayraq Eldəniz bəydə olan zaman ona və ailəsinə qarşı dəfələrlə terror hadisəsi törədilir:
“Buna görə bayrağı Kanadaya aparırlar, Kanadada bir müddət saxladıqdan sonra bayraq İstanbula gətirilir. Mən Cümhuriyyət dövrü tədqiqatçısı olduğum və Mirzə Bala Məmmədzadə haqqında ilk elmi işi yazdığım və mühacirlərlə də yaxın olduğum üçün mühacirlərin ortaq qərarı ilə bayraq mənə əmanət olundu. Mən 2018-ci ildə prezident İlham Əliyevin tapşırığı ilə bayraq və sənədlərlə birlikdə Azərbaycana gətirildim. 2018-ci il 24 may saat 11:30-da o dövrün Baş naziri Novruz Məmmədova bayrağı təqdim etdim. Novruz Məmmədov bayrağı İlham Əliyevin adından aldı və cənab prezidentin adından mənə təşəkkür etdi. Hazırda o bayraq Azərbaycan bayraq muzeyindədir”.
Bayrağı millətin tarix və dəyərlər toplusu hesab edən Əfqan Vəliyev bildirir:
“Bayraq millətlərin həyatındakı və tarixindəki ən mühüm simvoldur. Bayraq azadlıq və müstəqilliyin rəmzidir. Türklüyümüzü, müasirliyimizi və islam etiqadımızı əks etdirən bayraq əlbəttə Azərbaycan xalqının çoxəsrlik tarixini, yaşayış tərzini eyni zamanda da adət və ənənələrini özündə əks etdirir. Bayrağımız artıq Xankəndidə, Şuşada, Cəbrayılda və işğaldan azad edilmiş bütün torpaqlarda qürurla dalğalanır. Bizim bayrağımız müqəddəsdir. Müqəddəsliyi ondadır ki, onun üçün döyüşüb mübarizə aparanlar nə üçün mübarizə apardıqlarını çox yaxşı bilirdilər. Bizim qəhrəman gənclərimiz əcdadlarından miras qalan bayrağı ona layiq olan ən yüksək zirvələrdə dalğalandırdı və dalğalandırmağa da davam edir. Artıq bütün dünya bayrağımızı tanıyır. Bunun özülündə prezident İlham Əliyevin düşünülmüş və güclü siyasəti, Azərbaycan gənclərinin səyləri, ordumuzun şücaəti dayanır.
Azərbaycan bayrağı sadəcə bir simvol deyil, millətimizin azadlıq, müstəqillik və milli kimliyini təcəssüm etdirən müqəddəs dəyərdir. Bayrağımızın altında birləşən xalqımız onun daim ucalarda dalğalanması üçün hər zaman mübarizə aparmış və bu müqəddəs əmanəti gələcək nəsillərə ötürmək əzmini göstərmişdir”.
Azərbaycanın hər zəfərində dalğalanan bayrağımız, ölkəmizin suverenliyinin, xalqımızın vətən sevgisinin və qəhrəmanlıq ruhunun simvoludur. Bu bayraq, gələcək nəsillər üçün azadlıq və müstəqilliyin əbədi rəmzi olaraq daim yüksəklərdə dalğalanacaqdır!
Ayhan Ağarzayev