Fransanın sabiq dövlət katibi, sabiq ətraf mühit naziri və BMT-nin Dayanıqlı İnkişaf üzrə Konfransının icraçı koordinatoru Bris Lalond vurğulayıb ki, Azərbaycan Qarabağa daxil olmayıb, onu geri qaytarıb.
Crossmedia.az xəbər verir ki, o, bu barədə "France 24" kanalında danışıb. COP29 konfransının Bakıda keçirilməsi, Fransa ilə Azərbaycan arasındakı gərgin münasibətlər və Cənubi Qafqazdakı vəziyyət haqqında danışan Lalond qeyd edib ki, Fransa Prezidenti Makron ziddiyyətlərə baxmayaraq tədbirdə iştirak etməli idi:
“Biz Ermənistanla yaxşı münasibətdəyik, amma bu, onun haqlı olduğunu göstərmir. 1990-cı illərdə Ermənistan Qarabağa daxil oldu. Hamı bunu unudub və sanki Azərbaycan işğal edibmiş kimi düşünürlər. Xeyr, onlar öz torpaqlarını geri aldılar və beynəlxalq qanunlara görə buna haqları var idi”, - deyə o bildirib.
Lalond bir çox fransız siyasətçisinin bu məsələdə yaddaş itkisi yaşadığını və daha diqqətli olmaları gərəkdiyini deyib.
"Azərbaycan haqqında nə deyirlər desinlər, məncə bu gözəl bir ölkədir. Onlar öz işlərini yüksək səviyyədə görür və COP tədbirini uğurla təşkil edirlər. Biz də onlara bu tədbirin daha uğurlu olması üçün kömək etməliyik", - deyə Lalond vurğulayıb.
Verilişin aparıcısı Makronun tədbirdə iştirak etməməsini Trampın iqlim məsələlərinə skeptik yanaşması ilə izah etsə də, Lalond bildirib ki, lider bu cür davranmamalıdır. "Lider qətiyyətli olmalı və öz yolunu davam etdirməlidir. Əvvəl bu onun mövqeyi idisə, iqlim məsələləri ilə bağlı işini davam etdirməli idi", - deyə Lalond əlavə edib.