Bakıda keçirilən COP29 konfransı ilə əlaqədar şəhərin əsas küçə və prospektlərində tətbiq edilən nəqliyyat məhdudiyyətləri səbəbindən sərnişinlərə hava limanına vaxtında və rahat çatmaq üçün alternativ marşrutlardan və ictimai nəqliyyatdan istifadə etmələri tövsiyə olunur.
Şəhər mərkəzindən hava limanına gələn sürücülər Zığ şosesi ilə hərəkət edə, Bilgəh və Maştağa istiqamətindən gələnlər isə Mərdəkan və Şüvəlan vasitəsilə Zığ şosesinə çıxa bilərlər.
COP29 müddətində sərnişinlərin Heydər Əliyev Beynəlxalq Aeroportuna rahat çatması məqsədilə H1 və H2 ekspress avtobusları fasiləsiz fəaliyyət göstərəcək. H1 avtobusu “28 May” m/s-dan 10 dəqiqəlik hərəkət intervalı ilə, H2 isə “Əhmədli” m/s-dan hər 15 dəqiqədən bir yola düşür. Qeyd edək ki, 14 noyabra qədər bu ictimai nəqliyyat vasitələrində gediş haqqı ödənişsizdir.
Sərnişinlərə mümkün nəqliyyat məhdudiyyətlərini nəzərə alaraq uçuşdan ən azı 3 saat əvvəl hava limanında olmaları tövsiyə olunur.
Xatırladaq ki, Bakı hava limanının qarşısındakı dayanacaq zonası 14 noyabr tarixinədək xüsusi təyinatlı nəqliyyat vasitələri üçün ayrıldığından burada şəxsi avtomobillərin park edilməsinə icazə verilmir. Yalnız sərnişinlərin mindirilməsi və düşürdülməsi mümkündür. Həmçinin, Terminal 1 və Terminal 2-yə yalnız aviabileti olan sərnişinlər daxil ola bilərlər. Yola salan və qarşılayan şəxslərdən hava limanına gəlməmələri xahiş olunur.