Gündəm

Noyabrın 12-də Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycan və Ermənistan arasında İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı ilkin etirazlar üzrə qərarını açıqladı. Məhkəmə, Azərbaycanın iddialarını araşdırma mərhələsinə keçirmək qərarına gəldi, bu da onilliklər ərzində bir milyondan çox azərbaycanlıya qarşı həyata keçirilmiş sistematik etnik təmizləmə və kütləvi insan hüquqları pozuntularının hüquqi baxımdan dəyərləndiriləcəyini göstərir. Məhkəmənin bu qərarı Ermənistanın minaların yerləşdirilməsi və mülki yaşayış ərazilərinin təhlükəyə atılması məsələlərində məsuliyyətə cəlb olunması üçün əhəmiyyətli bir addım hesab olunur.

Azərbaycan tərəfi bu qərarı hüquqi qələbə kimi qiymətləndirir və beynəlxalq hüququn pozulmadığını sübut etmək üçün faktları və dəlilləri təqdim etməyə hazır olduğunu bəyan edib. Bu proses, Ermənistanın beynəlxalq hüquq qarşısında cavab verməsinə gətirib çıxara biləcək mühüm mərhələ hesab edilir.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən hüquqşünas Əlövsət Allahverdiyev bildirib ki, Beynəlxalq Ədalət Məhkəməsinin qərarı hələ yekun deyil. "Bu yalnız ilkin mərhələdir və substantiv araşdırmalar hələ davam edir. Azərbaycan tərəfinin gözləntiləri var," – deyə Allahverdiyev qeyd edib. O, əlavə edib ki, Prezident İlham Əliyev COP29 çıxışında Azərbaycanın qarşılaşdığı ikili standartlara diqqət çəkib və bu prosesin hələ də davam etdiyini vurğulayıb.



Əlövsət Allahverdiyev Məhkəmənin qərarının məcburi olduğunu və şikayət üçün imkan tanımadığını xatırladaraq bildirib ki, “Beynəlxalq Ədalət Məhkəməsinin qərarları tərəflər üçün məcburidir, ondan apellyasiya şikayəti verilə bilməz. Lakin qərarın mənası və ya əhatə dairəsi ilə bağlı mübahisə yaranarsa, Məhkəmə tərəflərin müraciəti əsasında izahat verə bilər.”

O, Azərbaycan və Ermənistan arasında davam edən hüquqi mübarizənin gələcək perspektivlərinə toxunaraq bildirib ki, sülhün təmin olunması üçün sərhədlərin müəyyən edilməsi vacibdir. Azərbaycanla Ermənistan arasında delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə birgə komissiyalar yaradılıb və bundan sonra proseslərin necə inkişaf edəcəyi diqqətlə izlənməlidir.

Bu hüquqi mübarizə, regionda sülhün və sabitliyin təmin olunması baxımından əhəmiyyətli mərhələyə qədəm qoyub. Azərbaycanın beynəlxalq hüquq qarşısında hüquqi mövqeyini gücləndirməsi, beynəlxalq ictimaiyyətin diqqətini yenidən bölgəyə cəlb edir.

Nihat Tahirov 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il