Bu gün COP29 tədbirinin üçüncü günüdür və müxtəlif qlobal problemlər müzakirə olunur. Prezident İlham Əliyev COP29 çərçivəsində noyabrın 13-də keçirilən İnkişaf Etməkdə Olan Kiçik Ada Dövlətlərinin (SIDS) Sammitində çıxışı zamanı bildirib: “Biz Qoşulmama Hərəkatına sədrliyimiz zamanı 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada ölkəsinə yardım göstərmişik. Həmin ölkələrin üzləşdiyi problemlərin aradan qaldırılması Azərbaycanın COP29-da göstərdiyi səylərin mərkəzindədir.” Bu çıxış, Azərbaycanın COP29 çərçivəsində kiçik ada dövlətlərinin iqlim dəyişikliklərindən irəli gələn əsas problemlərinin həllinə dair xüsusi səylər göstərdiyini vurğulayıb.
Bu ölkələrin iqlim dəyişiklikləri səbəbindən üzləşdiyi əsas problemlərin həlli üçün Azərbaycan müxtəlif təşəbbüslərlə çıxış edir. Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi iqlim maliyyələşməsi məsələsi xüsusilə kiçik ada dövlətləri üçün böyük əhəmiyyət kəsb edir. Bu ölkələrin təbii fəlakətlərə qarşı daha dayanıqlı olması və ekoloji təsirlərdən qorunması üçün iqlim maliyyəsi həyati rol oynayır.
Mövzu ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Crossmedia.az-a açıqlamasında bildirib ki: “COP29 kimi beynəlxalq yüklü və önəmli tədbirin Azərbaycanda keçirilməsi çox mühüm hadisədir. Həmçinin COP28 dən sonra 11 ay ərzində bu tədbirə hazırlaşmaq düşünürəm ki, prezident İlham Əliyevin düzgün qurulan daxili və xarici siyasətinin nəticəsidir. Əsas məqam ondan ibarətdir ki, 80-dən çox prezident və baş nazirlərin tədbirdə iştirakı göstərdi ki, Azərbaycan bu yolda olduqca uğurlu addımlar atıb və tədbirə layiqincə hazırlaşıb. Azərbaycan COP29-dan əvvəl də təbiətin ekoloji cəhətdən çirklənməsinin qarşısını almaq üçün bir sıra addımlar atmışdır. Bu gün Azərbaycan bərpa olunan enerjidən istifadə etməyə tam qadirdir. Bunu COP29 açılış mərasimində BMT-nin baş katibi Antonio Quttereş də təsdiq edib. Azərbaycan ekoloji çirklənmənin qarşısını almaq üçün kifayət qədər vəsait ayırır və digər dövlətləri də layihələrə cəlb edir. Həmçinin Prezident İlham Əliyevin də qeyd etdiyi kimi kiçik ada ölkələrinə də dəstək verilir. Tədbir çərçivəsində keçirilən məsələlərdən qarşılıqlı görüşlər zamanı iqlim maliyyəsinin təmin edilməsi ən mühüm məsələlərdən biri olaraq vurğulanıb”.
Ekoloji problemlər, eləcə də qlobal miqyasda ekosistemin qorunması bütün dünyanın həll etməli olduğu təcili məsələlərdəndir. Təəssüf ki, bu gün ətraf mühitə ən çox ziyan vuran, havanı zəhərli qazlarla çirkləndirən bəzi böyük dövlətlər COP29 tədbirində iştirak etməyib. Buna baxmayaraq, digər dövlətlər bu problemin ciddiliyini anlayaraq qlobal ekoloji layihələrdə fəal iştirak edir. COP29 çərçivəsində ekoloji problemlərin həllinə yönəlmiş təşəbbüsləri dəstəkləmək üçün yaradılacaq fond, layihələrdə iştirak edən ölkələr arasında nisbətən bərabər şəkildə bölüşdürüləcək. Bu fondun təsis edilməsi kiçik ada dövlətləri və iqlim dəyişikliyindən əziyyət çəkən digər ölkələr üçün əhəmiyyətli bir dəstək olacaq.
Ayhan Ağarzayev