Gündəm

Azərbaycan və Özbəkistan arasında strateji əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə" ilə iki ölkə arasındakı əlaqələr gücləndirilir. Bu tarixi sənəd 2024-cü il avqustun 23-də Daşkənd şəhərində imzalanmış və iki qardaş ölkənin müttəfiqlik münasibətlərini rəsmi şəkildə təsdiqləmişdir. Müqavilə siyasi, iqtisadi və təhlükəsizlik sahələrində sıx əməkdaşlığa yeni imkanlar açır.

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Crossmedia.az-a açıqlamasında, bu müqavilənin türk dilli ölkələrin gələcək inkişafında müstəsna əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, bu sənəd yalnız Azərbaycan və Özbəkistan arasında deyil, ümumilikdə türk dövlətləri arasında əlaqələrin güclənməsinə təkan verəcək.

"Orta Asiya Respublikaları ilə uzun illərdir mövcud olan uğurlu əməkdaşlıq əlaqələrimiz bu müqavilə ilə daha da möhkəmlənəcək. Xüsusilə Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Özbəkistanla güclü əlaqələrimiz mövcuddur. Bu müqavilə isə rəsmi olaraq strateji tərəfdaşlıq statusu qazandırmaqla, gələcək hədəflərimizə çatmaqda mühüm rol oynayacaq," – deyə Rəhimzadə qeyd edib.

Deputat əlavə edib ki, bu sənəd yalnız iki ölkə arasında deyil, türk dilli digər ölkələrin də möhkəm birliyinin təmin olunmasına mühüm töhfə verəcək. “Bu müqavilənin real həyatda tətbiqi Azərbaycan və Özbəkistanın birgə məqsədlərinə çatmaqda yeni imkanlar açır və türk dövlətləri arasında daha sıx inteqrasiya üçün vacib bir addımdır,” – deyə Rəhimzadə fikrini tamamlayıb.

Müttəfiqlik müqaviləsi, regionda davamlı sülh və sabitliyin təmin olunması, iqtisadi potensialın gücləndirilməsi və təhlükəsizlik sahəsində birgə səylərin artırılması üçün hər iki ölkə üçün geniş perspektivlər yaradır.

Nihat Tahirov

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il