Gündəm

Azərbaycan hər zaman bütün dinlərə bərabər münasibət göstərən multikultural bir ölkədir. Bunun yalnız söz olaraq deyil, real həyatda da bu cür olduğunu COP29 tədbiri çərçivəsində Azərbaycanda keçirilən dünya dini liderlərinin sammitində bir daha gördük. Azərbaycan həm regionda, həm də qlobal miqyasda sülh və barış mövqeyindən çıxış edərək, siyasi və dini zəminli münaqişələrin həllinə dair addımlar atır. Ölkəmizdə təşkil edilən bu sammit dünya dinləri arasında əlaqələrin və qarşılıqlı münasibətlərin inkişafı üçün imkanlar yaradır. Bu tədbirdə bütün dini liderlər yekdilliklə sülhə çağırış etdilər və dünyadakı münaqişələrin təbiətə və ekosistemlərə vurduğu zərərləri vurğuladılar.

Mövzu ilə bağlı deputat Ceyhun Məmmədov Crossmedia.az-a verdiyi açıqlamada bildirib ki: "Reallıq budur ki, ekoloji fəlakətlərin əsas səbəblərindən biri müharibələrdir. Bunun bariz nümunəsi isə Azərbaycandır. 30 il ərzində torpaqlarımız işğal altında olarkən Ermənistanın ekosid və urbisid törətdiyinin şahidi olduq. Yalnız mina çirkləndirilməsi belə ayrıca bir problemdir. Bu gün Azərbaycan dünyada ərazisi mina ilə ən çox çirklənən ölkələrdən biridir".

Dinlərin sülh çağırışlarından söz açan Ceyhun Məmmədov əlavə edir: “Sülhə nail olmaq, dünyada əmin-amanlığı qorumaq üçün çalışmalıyıq. Bu gün dünyanın qarşısında duran ən vacib məsələlərdən biri də budur. Burada dinlərin böyük potensialı və imkanları var. Bu potensial və imkanlardan istifadə edərək dünyanı qorumalıyıq. Burada həm dinlərin, həm də dini liderlərin üzərinə böyük məsuliyyət düşür”.

Bu açıqlamalar Azərbaycan dövlətinin sülhə, multikulturalizmə və ekoloji təhlükəsizliyə verdiyi önəmi bir daha göstərir. Dinlərarası dialoq və əməkdaşlıq təşəbbüsləri ilə Azərbaycan həm bölgədə, həm də qlobal arenada barışın və əmin-amanlığın təmin olunmasına töhfə verməyə davam edir. Dünya dini liderlərinin Bakıda sülh çağırışında birləşməsi də göstərir ki, ölkəmiz təkcə siyasi deyil, mənəvi dəyərlər baxımından da sülh və harmoniya ideallarına sadiqdir. Bu cür sammitlər, qarşılıqlı anlayış və birlik vasitəsilə dünyamızın daha təhlükəsiz və yaşanılası bir yer olması üçün yol açır.

Ayhan Ağarzayev

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il