Gündəm

COP29 çərçivəsində keçirilən Pan-Afrika İqlim Ədalət Alyansının (PACJA) konfransında Afrika ölkələrinin nümayəndələri qitənin iqlim dəyişikliyinin təsirləri ilə mübarizə aparmaq üçün dünya liderlərini təcili addımlar atmağa çağırıb. Afrikanın müxtəlif bölgələrindən olan natiqlər iqlim böhranının artan təsirləri fonunda qlobal tədbirlərin gecikdirilməsini tənqid ediblər və Afrikanın spesifik ehtiyaclarına uyğun həllər tələb ediblər.

Milli Məclisin deputatı Aydın Mirzəzadə Crossmedia.az-a verdiyi açıqlamada Afrikanın əhəmiyyətinə diqqət çəkib. O, Afrikanın böyük əhali sayı, zəngin təbii sərvətləri və mədəni müxtəlifliyi ilə dünya səhnəsində getdikcə daha güclü səsə malik olduğunu vurğulayıb. Aydın Mirzəzadə, Afrikanın öz problemlərini beynəlxalq arenada daha ucadan səsləndirdiyini və iqlim dəyişikliyi mövzusunda COP29 platformasından fəal şəkildə istifadə etdiyini qeyd edib. "Bu tədbir, təkcə iqlim dəyişikliyi məsələləri ilə məhdudlaşmır, eyni zamanda qlobal problemlərin həlli üçün vacib müzakirə platformasıdır," deyə o bildirib.

Deputat əlavə edib ki, Afrika ölkələrinin inkişafı üçün zəngin ölkələrdən maliyyə dəstəyi tələb etməsi haqlıdır, çünki Afrika təbii sərvətlərindən vaxtilə inkişaf etmiş ölkələr geniş istifadə edib və indi də istifadə etməkdədirlər. Mirzəzadə, bu baxımdan, təbii sərvətlərdən əldə olunan gəlirlərin bir hissəsinin Afrika ölkələrinin inkişafına yönəldilməsinin vacibliyini vurğulayıb. Onun fikrincə, inkişaf etmiş ölkələr və beynəlxalq maliyyə qurumları Afrika ölkələrinin inkişafında daha çox maraq göstərməlidir. Bu, sosial rifahın artmasına və miqrasiya problemlərinin həllinə kömək edəcək.

Mirzəzadə həmçinin vurğulayıb ki, Afrikada yeni həyat qurmaq üçün ilk növbədə yeni texnologiyalar və yanaşmalar tətbiq edilməlidir. Sosial rifah və təbiətin qorunması prinsipləri arasında uyğunluq təmin edilməlidir. Azərbaycanın Afrika ölkələri ilə əlaqələrinin genişlənməsini də qeyd edən deputat, bu əməkdaşlığın Azərbaycan dövlət quruculuğu təcrübəsindən faydalanmaq istəyən Afrika ölkələri üçün əhəmiyyətli olduğunu bildirib. Azərbaycanın investisiyaları da Afrikada maraq doğurur və bu, əlaqələrin daha da dərinləşməsinə təkan verir.

Azərbaycan və Afrika ölkələri arasındakı mədəni və dini bağlılıqların münasibətlərin möhkəmlənməsində xüsusi rola malik olduğunu bildirən Mirzəzadə, bu əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə ümidvar olduğunu ifadə edib.

Nihat Tahirov

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il