Amerika

Donald Trampın 2024-cü ildə ABŞ prezidenti seçilməsi dünya siyasətində və xüsusilə Rusya-Ukrayna müharibəsində əhəmiyyətli dəyişikliklərə səbəb ola bilər. Trampın əvvəlki prezidentliyi dövründə Rusiya ilə münasibətlərdə daha praqmatik yanaşma və Ukraynaya verilən dəstəyin azaldılması mövqeyini gücləndirməsi, onun yenidən prezident seçilməsi ilə müharibənin gedişatını dəyişə bilər. Tramp, müharibəyə daha az müdaxilə etmək və sülh danışıqlarını təşviq etmək istədiyini bəyan edib. Lakin bu yanaşmanın Ukraynanın döyüş qabiliyyətinə, ABŞ və NATO-nun dəstəyinə və qlobal təhlükəsizlik vəziyyətinə necə təsir edəcəyi hələlik məlum deyil.


Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Natiq Miri ABŞ-da Donald Trampın yenidən prezident seçilməsindən sonra, NATO və Avropa Birliyi üçün ciddi sınaqların ortaya çıxacağını deyib. O, Trampın NATO-nun gələcəyi və Qərb-Rusiya münasibətlərinə dair mövqeyinin yeni gərginliklər yarada biləcəyini vurğulayıb.

Politoloq, Trampın NATO-dan daha böyük maliyyə dəstəyi gözlədiyini xatırladaraq, ABŞ-ın NATO üzvlərindən təhlükəsizlik üçün daha yüksək ödənişlər tələb edəcəyini bildirib. Miri qeyd edib ki, Trampın birinci prezidentlik dövründə də belə tələblər irəli sürülmüşdü və bu mövqeyin dəyişməsi gözlənilmir.

Trampın təklif etdiyi sülh təşəbbüsünə gəlincə, ekspert onun Ukrayna ilə Rusiya arasında sülhü bərqərar etmək üçün Ukraynanın bəzi ərazilərinin Rusiyaya verilməsini təklif edə biləcəyini söyləyib. Lakin Natiq Miri vurğulayıb ki, bu təşəbbüs yalnız Rusiya tərəfindən qəbul olunarsa reallaşa bilər və Rusiyanın qəbul etməyəcəyi təqdirdə, Trampın Ukraynanı hərbi və maliyyə baxımından daha da gücləndirərək Rusiyaya təzyiqi artırmaq variantını nəzərdən keçirə biləcəyi ehtimal olunur.

Miri əlavə edib ki, Trampın sülh planı yalnız Ukrayna rəhbərliyi tərəfindən qəbul edilməklə kifayətlənmir. NATO və Avropa Birliyi ölkələrinin də mövqeləri burada həlledici rol oynayacaq. “Əgər NATO və Avropa Birliyi ölkələri Trampın sülh təşəbbüsünə dəstək verməzsə, Ukrayna daha geniş yardım alacaq və Trampın bu müharibəni dayandırmaq imkanı olmayacaq” deyə o, bildirib.

Politoloqun sözlərinə görə, Avropada bəzi NATO üzvləri müharibənin dayandırılmasına dair addımların atılmasını istəyir, lakin Ukrayna xalqı və ordusunun sülh və ya müharibə tərəfdarı olub-olmadığını bildirməsi də vacibdir.

Miri hesab edir ki, Trampın mövcud münaqişələri dayandırmaq potensialı var və bunu bacardığı halda, bu onun administrasiyasının ən böyük uğurlarından biri ola bilər. O, əlavə edib ki, Trampın mümkün qələbəsi ilə Qərb dünyasında yeni münasibətlərin yaranması gözlənilir. Politoloq qeyd edib ki, əgər müharibə davam edərsə, bu, daha böyük təhlükələrə – hətta potensial üçüncü dünya müharibəsinə yol aça bilər.


Maral Şahverdili

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il