Naxçıvanın inkişaf strategiyası
11 avqust 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva Naxçıvan Muxtar Respublikasına səfər edib. Səfər zamanı ölkə başçısı cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibə ölkə ictimaiyyətinin diqqət mərkəzində oldu. Müsahibədə səsləndirilən fikirlər Naxçıvanın sosial-iqtisadi inkişafı, enerji təhlükəsizliyi, nəqliyyat imkanları, müdafiə qabiliyyəti və regional əməkdaşlıq perspektivləri ilə bağlı mühüm mesajlar verildi.
Dövlət başçısı Prezidentliyi dövründə Naxçıvana 17-ci səfərini həyata keçirir və hər bir səfər konkret nəticələrlə yadda qalıb. Onun sözlərinə görə, son illərdə Naxçıvanda həyata keçirilən layihələr muxtar respublikanın hərtərəfli inkişafını təmin edib və bu proses bundan sonra da davam etdiriləcək. Naxçıvanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu məqsədlə mühüm layihələr reallaşdırılır. Müsahibədə geniş yer tutan məsələlərdən biri təhlükəsizlik sahəsi oldu. Naxçıvanın xüsusi coğrafi mövqeyi onun müdafiə qabiliyyətinin daim diqqət mərkəzində saxlanılmasını zəruri edir. Bu məqsədlə Əlahiddə Ümumqoşun Ordusunun gücləndirilməsi, yeni komando hərbi hissələrinin yaradılması və müasir silah-sursatla təchizat istiqamətində mühüm addımlar atılıb. Güclü müdafiə sistemi regionun təhlükəsizliyinin əsas təminatçısı olmaqla yanaşı, iqtisadi inkişaf üçün də mühüm zəmin yaradır.
Naxçıvanın enerji potensialı sürətlə artır və yaxın illərdə bu sahədə yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Xüsusilə günəş enerjisi layihələrinin genişləndirilməsi, yeni elektrik stansiyalarının tikintisi və enerji infrastrukturunun modernləşdirilməsi muxtar respublikanın enerji təminatını daha da gücləndirəcəkdir. Gələcəkdə Naxçıvan yalnız enerji istehlakçısı deyil, həm də enerji ixrac edən bölgələrdən birinə çevrilə bilər.
Nəqliyyat və logistika imkanları da müsahibənin əsas mövzularından biri oldu. Dövlət bacısı cənab Prezident İlham Əliyev Naxçıvanın gələcəkdə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mühüm qovşaqlarından birinə çevriləcəyini bildirdi. O qeyd etdi ki, dəmir yolu və avtomobil yollarının yenilənməsi, yeni nəqliyyat layihələrinin icrası regionun tranzit imkanlarını əhəmiyyətli dərəcədə artıracaq. Bununla yanaşı, Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə daha sıx əlaqələndirilməsi istiqamətində aparılan işlərin böyük əhəmiyyət daşıdığı vurğulandı. Müsahibədə sənaye və iqtisadi inkişaf məsələlərinə də toxunuldu. Prezident qeyd etdi ki, Naxçıvanda sənaye parklarının yaradılması, yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması və investisiya mühitinin yaxşılaşdırılması nəticəsində minlərlə yeni iş yeri açılacaq. Bu layihələr qeyri-neft sektorunun inkişafına, sahibkarlığın genişlənməsinə və əhalinin rifahının yüksəlməsinə mühüm töhfə verəcək.
Turizm sahəsinin inkişafı da Prezidentin diqqət çəkdiyi istiqamətlərdən biri oldu. Naxçıvanın zəngin tarixi-mədəni irsi, qədim abidələri və təbii gözəllikləri regionun turizm potensialını artıran əsas amillər kimi dəyərləndirilir. Yeni mehmanxanaların, istirahət mərkəzlərinin və turizm marşrutlarının yaradılması Naxçıvana gələn turistlərin sayını artıracaq və xidmət sektorunun inkişafına təkan verəcək.
Prezident İlham Əliyev çıxışında milli-mənəvi dəyərlərin qorunmasının da vacibliyini vurğuladı. Naxçıvan Azərbaycan tarixinin və mədəniyyətinin mühüm mərkəzlərindən biridir. Buna görə də tarixi abidələrin bərpası, mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində görülən işlər davam etdirilir. Bu sahədə həyata keçirilən layihələr regionun mədəni həyatının zənginləşməsinə xidmət edir.
Cənab Prezident İlham Əliyevin AZTV-yə verdiyi müsahibə Naxçıvanın gələcək inkişaf modelini əks etdirən mühüm proqram xarakterli çıxış kimi yadda qaldı. Müsahibədə təhlükəsizlik, enerji, nəqliyyat, sənaye, turizm və sosial inkişaf məsələlərinin bir-biri ilə əlaqəli şəkildə təqdim olunması göstərdi ki, Naxçıvanın inkişafı vahid strateji konsepsiya əsasında həyata keçirilir. Bu yanaşma muxtar respublikanın iqtisadi gücünün artmasına, əhalinin rifahının yüksəlməsinə və regionun beynəlxalq əhəmiyyətinin daha da möhkəmlənməsinə xidmət edir.

Nigar Abdullayeva
YAP Yasamal rayonu AMEA Folklor İnstitutu
üzrə ərazi partiya təşkilatının sədr müavini
12:27 14.08.2026
Oxunuş sayı: 54