İsti havalarda qidalanmamızda nələrə diqqət etməliyik?
Bürkülü və rütubətli havalarda orqanizmin maye ehtiyacı artır, yüksək temperatur isə qidalanma vərdişlərinə də təsir edir. Belə hava şəraitində iştahanın azalması, şirin içkilərə və dondurmaya meylin artması qida maddələri arasında balansın pozulmasına səbəb ola bilər. Rusiyalı diyetoloq Oksana Qreçinskaya bildirib ki, isti havalarda su, mineral sular, şəkərsiz meyvə içkiləri və kompotlara üstünlük verilməlidir. O, həmçinin asan həzm olunan balıq və yağsız ət, soyuq şorbalar, süd məhsulları, tərəvəz və meyvələrin qəbulunu tövsiyə edib.
Qida eksperti Fərid Səfərov Crossmedia.az-a mövzu ilə bağlı açıqlamasında bildirib ki, isti və rütubətli havalarda orqanizmin su və elektrolit itkisi artdığı üçün maye qəbuluna xüsusi diqqət yetirilməlidir:
“İsti və rütubətli havalarda orqanizm tərləmə yolu ilə daha çox su və müəyyən miqdarda elektrolit itirdiyi üçün qidalanma və maye qəbulu xüsusi əhəmiyyət daşıyır. Bu dövrdə əsas məqsəd həm kifayət qədər maye qəbul etmək, həm də həzmi ağır olmayan, su və mineral baxımından zəngin qidalara üstünlük verməkdir”.
F.Səfərov əsas içkinin su olmasının vacibliyini vurğulayıb:
“Əsas içki adi su olmalıdır. Susamağı gözləmədən gün ərzində mütəmadi olaraq su içmək daha məqsədəuyğundur. Güclü tərləmə, uzun müddət açıq havada qalma və ya fiziki aktivlik zamanı maye ehtiyacı daha da arta bilər. Ayran da maye və elektrolit baxımından faydalı seçimdir, lakin çox duzlu olmamasına diqqət etmək lazımdır”.

Ekspert isti havalarda su və mineral baxımından zəngin meyvə-tərəvəzlərə üstünlük verilməsini tövsiyə edib:
“Qidalanmada qarpız, yemiş, xiyar, pomidor, kahı, şaftalı, gavalı və digər mövsümi meyvə-tərəvəzlərə üstünlük vermək olar. Bu məhsullar həm su, həm də vitamin, mineral və liflə təmin edir. Şorbalar, tərəvəz yeməkləri, qatıq və kefir də isti havalarda rasion üçün uyğun seçimlərdir”.
Qida eksperti bəzi qida və içkilərin istehlakının məhdudlaşdırılmasının məqsədəuyğun olduğunu qeyd edib:
“Eyni zamanda çox yağlı, qızardılmış və ağır yeməklərin, həddindən artıq duzlu məhsulların, çox şirin qidaların və xüsusilə şəkərli qazlı içkilərin miqdarını azaltmaq məsləhətdir. Enerji içkiləri və çox miqdarda kofeinli içkilər də susuzluğu aradan qaldırmaq üçün suyun əvəzi hesab edilməməlidir. Təbii meyvə şirələrində belə ölçülü olmaq lazımdır. Meyvənin özünü yemək adətən daha yaxşı seçimdir, çünki lif də qəbul edilir”.
F.Səfərov isti havalarda qidaların saxlanmasına da xüsusi diqqət yetirilməsinin vacibliyini bildirib:
“Həmçinin isti havada qidaların saxlanmasına xüsusi diqqət yetirilməlidir: süd məhsulları, ət, balıq, yumurta və hazır yeməklər yüksək temperaturda tez xarab ola bilər. Yəni isti havalarda ideal yanaşma kifayət qədər su, bol tərəvəz və meyvə, yüngül zülal mənbələri, az yağlı və balanslı qidalanmadır. Əsas məsələ yalnız çox su içmək deyil, gün ərzində maye və qida qəbulunu düzgün şəkildə balanslaşdırmaqdır”.
Nigar Xəlilli
20:20 10.08.2026
Oxunuş sayı: 42