Kasıbların çox uşağı olur ki, SONRA İŞLƏTSİNLƏR - Rəy
Aşağı gəlirli ailələrdə ailə üzvlərinin sayının daha çox olması sosial və iqtisadi baxımdan diqqətçəkən tendensiyalardan biridir. Dövlət Statistika Komitəsinin məlumatına görə, istehlak xərcləri ən az olan ailələrdə orta hesabla 4,6 nəfər yaşayır. Ən yüksək gəlir qrupuna daxil olan ailələrdə isə bu göstərici 2,9 nəfərdir. Bu fərq ailə ölçüsünün yalnız demoqrafik seçimlərlə deyil, sosial və iqtisadi amillərlə də sıx bağlı olduğunu göstərir. Bəs nə üçün maddi imkanları məhdud ailələrdə uşaqların sayı daha çox olur? Bu tendensiyanın arxasında hansı sosial və psixoloji səbəblər dayanır?

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən sosioloq Əhməd Rəhmanov bildirib ki, bir neçə müddət əvvəl kanallardan birində Əfqanıstan haqqında sənədli film yayımlanırdı. "Orada çox kasıb bir ailənin çoxsaylı uşaqları var idi. Həmin kişiyə sual verdilər ki, kasıblıq içində yaşadığın halda uşaqların sayının çox olmasının səbəbi nədir? Kişi çox gözəl bir söz dedi: “Kasıb insan öz ətrafındakı cəmiyyətə inanmır”. Yəni onun artıq ətrafındakı cəmiyyətə olan inamı itib. Üstəlik, maddi imkanı olmadığından özünü və ailəsini qorumaq imkanları da məhdudlaşıb. Ona görə kasıb insan çalışır ki, öz daxilində bir cəmiyyət yaratsın. Uşaqların sayını çoxaldır və ümid edir ki, gələcəkdə həmin uşaqlardan biri-ikisi işləyəcəksə, onların qazancı hesabına digər uşaqlardan birinin oxumasına şərait yaradılacaq. Heç olmasa, o biri bir addım qabağa getsin və sonradan öz ailə üzvlərinə kömək etsin. Yəni insan öz daxilində bir cəmiyyət yaradır”.
Sosioloq əlavə edib ki, varlı insanın buna ehtiyacı yoxdur: “Çünki onun maddi durumu yaxşıdır və o bilir ki, özünün və övladının təhlükəsizliyini, övladının gələcəyini hansı dövlətdə və hansı qurumda olursa-olsun, öz maddi imkanları hesabına təmin edə, qoruyub saxlaya biləcək. Kasıbların sayı çoxaldıqca bu, varlılar üçün təhlükə yaradacaqmı? Yox, yaratmayacaq. Çünki həmin varlı öz maddi imkanları hesabına istismar etdiyi kasıbın özünü, kasıbın övladını və yaxınlarını özünə mühafizə vasitəsi kimi götürə, özünü qoruyan bir qulluqçu, bir nökər kimi istifadə edə bilər. Əgər vaxtilə Sovet dövründə biz belə şeylərə filmlərdə baxırdıqsa və bizə qeyri-adi gəlirdisə, bu gün artıq həmin həyatı yaşayırıq. Adi bir nümunə götürək. Məsələn, sosial şəbəkələrə baxırıq və görürük ki, çox təəssüf, bunların hamısını artıq özümüz yaşayırıq. Bu gün kasıbın övladı normal təhsil ala bilmir, dincələ bilmir. Bu gün artıq dövlət vergi ödəyicisinə qiymət verir. Bu gün şəhərdə gedəndə görürük ki, hər şey varlı turistlər üçün yaradılan şəraitlə müqayisə olunur. Bir tərəfdən onlara yaradılan imkanlara, digər tərəfdən isə öz vətəndaşımız üçün yaradılan şəraitə baxırıq. Yəni hər şey maddiyyatın üzərində qurulub”.
Zeynəb Həsən
18:00 08.08.2026
Oxunuş sayı: 55