Xırdalanın şansı, Sumqayıtın reallığı: Metro gözləntilər nə dərəcədə realdır?
Bakıda metro şəbəkəsinin genişləndirilməsi ilə bağlı müzakirələr davam edir. Xüsusilə Xırdalan və Sumqayıt istiqamətində metro xəttinin çəkilməsi məsələsi zaman-zaman gündəmə gəlsə də, bu istiqamətlərlə bağlı müxtəlif fikirlər səsləndirilir. Xırdalan istiqamətində sərnişin axınının artması gələcəkdə belə bir zərurətin olmasını ön plana çəkir. Bəs Sumqayıt və Xırdalan istiqamətində metro xəttinin çəkilməsi yaxın prespektivdə var?

Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Yusif Mustafayev bildirib ki, metro xəttinin genişləndirilməsi üzrə Bakı Metropoliteninin perspektiv planı var, lakin orada Xırdalan və Sumqayıt nəzərdə tutulmayıb:
“Müxtəlif istiqamətlərdə genişlənmə var, amma o istiqamət nəzərdə tutulmayıb. Sumqayıta düşünmürəm ki, metro xətti nə vaxtsa çəkilər. Çünki metro yerüstü-yeraltı qatardır. Yerüstü gedəndə qatar olur, dəmir yolu qatarı olur, yeraltı olanda metro olur, başqa bir fərqi yoxdur. Yerüstü qatar da iki istiqamətdən Bakını Sumqayıta bağlayır. Buna görə düşünmürəm ki, orada metro xəttinə ehtiyac var. Həm də belə bir plan yoxdur. Amma Xırdalan istiqamətində vəziyyət bir qədər fərqlidir. Yenə dediyim kimi, baş planda nəzərdə tutulmayıb. Amma son dövrlər buranın əhalisinin kəskin artdığına görə, əslində Sumqayıtdan daha çox Bakı şəhərinə daxil olan kütlənin böyük hissəsi Xırdalan istiqamətindən gəlir. Bu da orada metro xəttinin yaradılmasını zəruri edir”.
Ekspert qeyd edib ki, metro xətti bahalı layihədir:
“Tunelin çəkilməsi çox böyük maliyyə tələb edən layihədir. Layihələndirmə mərhələsi olmalıdır, texniki tapşırıq hazırlanmalıdır. Bu da hələ mövcud deyil. Ola bilsin ki, ümumi konsepsiya səviyyəsində nəzərdən keçirilir. Amma tikintinin başlanması bir neçə mərhələdən sonra mümkün olur. Layihələndirmə mərhələsi, vəsaitin ayrılması və digər prosedurlar tamamlandıqdan sonra tikinti başlayır. Yəni bu dəqiqə orada tikintinin başlanmasından söhbət gedə bilməz”.
Yusif Mustafayev həmçinin vurğulayıb ki, sözügedən metro xətti nəqliyyata yaxşı təsir göstərəcək:
“Son dövrlər ictimai nəqliyyata üstünlük verilir. Vətəndaşlar da görür ki, şəxsi nəqliyyat vasitəsindən istifadə etdikdə uzun müddət tıxacda qalırlar, gedəcəkləri yerdə parklanma mümkün olmur, çox vaxt itkisi yaranır. Hazırda metronun 10 əlavə stansiyasının tikintisi planlaşdırılıb və yaxın vaxtlarda işlərə başlanacağı gözlənilir. Gələcəkdə də əlavə stansiyaların tikintisi həyata keçiriləcək. Eyni zamanda, avtobus zolaqları, yeni marşrutların yaradılması və ictimai nəqliyyatın işinin optimallaşdırılması insanları ictimai nəqliyyatdan istifadəyə təşviq edir. Bu da müsbət haldır. Tıxacın və nəqliyyat sıxlığının qarşısının alınmasında yeganə effektiv vasitə məhz budur”.
Məhəbbət Tərlanoğlu
17:30 30.07.2026
Oxunuş sayı: 39