TİKA-nın "Kalkınma Elçiləri": Azərbaycanda gördüklərimiz bizə böyük qürur yaşatdı
"Kalkınma Elçiləri" layihəsi çərçivəsində Azərbaycana gələn iştirakçılar səfər zamanı həm tarixi məkanları ziyarət edib, həm də TİKA-nın ölkəmizdə həyata keçirdiyi layihələrlə yaxından tanış olublar.
Crossmedia.az-a açıqlama verən layihə iştirakçısı Məhəmməd Cəmil bildirib ki, Azərbaycana səfər çərçivəsində ilk ziyarət etdikləri məkanlardan biri Türk Şəhidliyi olub:
"Hazırda Türk Şəhidliyindəyik. Burada olmaq bizim üçün böyük qürur mənbəyidir. Eyni zamanda çox duyğuluyuq. Şəhidlərimizin müxtəlif şəhərlərdən gələrək Azərbaycanın azadlığı uğrunda qəhrəmancasına canlarından keçdiklərini yerində görmək bizə dərin təsir etdi".
Məhəmməd Cəmil qeyd edib ki, səfər zamanı TİKA-nın Azərbaycanda həyata keçirdiyi çoxsaylı layihələrlə yaxından tanış olublar:
"Bu proqram çərçivəsində bir çox layihəni ziyarət etdik. Gördük ki, TİKA-nın fəaliyyəti təkcə maddi və texniki dəstəklə məhdudlaşmır. Təşkilat insanların həyatına, sevincinə və ümidinə toxunan layihələr həyata keçirir".
Layihə iştirakçısı vurğulayıb ki, TİKA xüsusilə sosial layihələr vasitəsilə insanların yanında olmağa çalışır:
"TİKA Qarabağ şəhidlərinin ailələrinin ağrı-acısını bölüşür, dializ müalicəsi gözləyən xəstələrə ümid olur, kənd təsərrüfatı sahəsində çətinlik yaşayan fermer ailələrinə dəstək verir. Bunları yerində görmək bizim üçün böyük qürur hissi yaratdı".
O bildirib ki, Azərbaycan xalqının qonaqpərvərliyi səfər iştirakçılarında xoş təəssürat yaradıb:
"Can Azərbaycan xalqı bizi çox səmimi qarşıladı. Hər zaman gülərüz göstərdilər, halımızı soruşdular və bizimlə mehriban davrandılar. Türkiyədən gəlsək də, özümüzü heç vaxt xarici ölkədə hiss etmədik".
Məhəmməd Cəmil əlavə edib ki, bu səfər "İki dövlət, bir millət" prinsipinin gerçək mahiyyətini onlara bir daha göstərib:
"Bu səfər sayəsində 'İki dövlət, bir millət' ifadəsinin nə qədər dərin məna daşıdığını bir daha hiss etdik. Allah Türkiyə ilə Azərbaycanın qardaşlığını daim etsin və bu birliyi hər zaman qorusun".
Nigar Xəlilli
11:42 30.07.2026
Oxunuş sayı: 57