Qobustan qəsəbəsində yaşayanların nəzərinə: Yeni körpü salınır
Qobustan qəsəbəsi ərazisində M-2 magistral yolunda yeni avtomobil körpüsünün istifadəyə verilməsi nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində atılan növbəti addım kimi qiymətləndirilir. Mütəxəssislər hesab edirlər ki, bu cür layihələr həm hərəkət təhlükəsizliyinə, həm də yük və sərnişin daşımalarının səmərəliliyinə müsbət təsir göstərir.

Nəqliyyat məsələləri üzrə ekspert Raqif Raufoğlu Crossmedia.az-a açıqlamasında bildirib ki, yeni istifadəyə verilən avtomobil körpüsünün əsas üstünlüyü yol hərəkəti təhlükəsizliyinin artırılmasıdır:
"Bütün magistralların qarşısında duran əsas vəzifə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsidir. Bu, istənilən yol layihəsində ən vacib məsələdir".
Ekspert qeyd edib ki, M-2 magistralı Azərbaycanın ən mühüm avtomobil yollarından biridir və qərb istiqamətində yük və sərnişin daşımalarında strateji rol oynayır:
"Qobustan rayonu ərazisindən keçən bu yol sənaye zonalarına və digər istiqamətlərə çıxış baxımından böyük əhəmiyyət daşıyır. Sürücülərin marşrutlarını rahat və səmərəli planlaşdıra bilməsi üçün burada logistika həlləri düzgün qurulmalıdır".
R.Raufoğlu vurğulayıb ki, beynəlxalq magistrallar müasir standartlara cavab verməli və uzunmüddətli istismar üçün keyfiyyətli inşa olunmalıdır:
"Yollar elə tikilməlidir ki, beynəlxalq standartlara cavab versin. Ümid edirik ki, görülən işlər yüksək keyfiyyətlə həyata keçirilib. Çünki bəzən belə layihələr istifadəyə verildikdən qısa müddət sonra müxtəlif problemlər ortaya çıxır".
Ekspert əlavə edib ki, Azərbaycanın Orta Dəhlizin əsas iştirakçılarından biri kimi nəqliyyat infrastrukturunun davamlı şəkildə təkmilləşdirilməsi vacibdir:
"Azərbaycan artıq Orta Dəhlizin əsas ölkələrindən biridir. Buna görə də yükdaşımalarının təhlükəsiz və fasiləsiz həyata keçirilməsi üçün yol infrastrukturu daim inkişaf etdirilməlidir. Bu, həm yük avtomobillərinin rahat hərəkəti, həm də ölkənin tranzit potensialının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir".
Nigar Xəlilli
13:30 28.07.2026
Oxunuş sayı: 57