İlk dəfə olaraq ölkədaxili sifarişli sərnişin və yükdaşıma sürücüləri təlimlərə cəlb edilirlər
“Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişikliklər əsasında ölkədaxili sifarişli sərnişin və yük daşımalarını həyata keçirən sürücülər peşə hazırlığı təlimlərinə cəlb olunurlar.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, sözügedən dəyişikliklərin icrası çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sürücülər üçün peşə hazırlığı təlimləri təşkil olunub.
Peşə hazırlığı təlimlərini ümumilikdə 745 nəfər müvəffəqiyyətlə tamamlayıb.
Təlimlərin yekunu olaraq isə iyulun 14-də Dövlət İmtahan Mərkəzində ilk dəfə imtahan təşkil olunub. İmtahan nəticələrinə əsasən, namizədlərdən 243 nəfəri uğurlu nəticə göstərib.
Qeyd edək ki, təşkil olunan peşə hazırlığı təlimlərinin əsas məqsədi ölkədaxili sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşə bilik və bacarıqlarının artırılması, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi və daşınma xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılmasıdır.
15:24 23.07.2026
Oxunuş sayı: 28